Cümə , 22 Noyabr 2024
Drone Cameras

Vüqar Rəhimzadə: “Oxçuçayın çirkləndirilməsi dünyanın rezonans doğuran məsələlərindən olmalıdır”

“Ermənistanın işğalçılıq siyasətinə 30 ilə yaxın dövrdə göz yuman, ədaləti maraqların arxasında gizlədərək beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini məkana görə icra edən dövlətlər, təşkilatlar bu siyasətin davamı olaraq işğalçı dövlətin həyata keçirdiyi ekoloji terror əməllərinə də seyrçi mövqedə dayanır, illərdir dünya birliyinə qarşı yaratdıqları etimadsızlıq mühitini daha da dərinləşdirirlər. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici, xüsusilə Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar mövcuddur. Məhz bu yanaşmalar, işğalçıya dəstək dünyanın hüquq problemini yaşadığını bir daha ortaya qoyur, həmçinin belə olduğu təqdirdə hansısa dövlətin, təşkilatın kağız üzərində qalacaq sənədi qəbul etməsinə hansı ehtiyacın olması ilə bağlı sualların yaranmasına səbəb olur.

Ermənistanın istər işğal dövrü, istərsə də 10 noyabr 2020-ci il üçtərəfli Bəyanata uyğun olaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını boşaldarkən törətdikləri ekoloji terrorlar dünyanın gözü qarşısında baş verib. Seyrçi mövqelər daim başqa cinayətlərə yol açmaqla dünyada sülhə, təhlükəsizliyə böyük problemlər yaratmış olur. Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi təkcə Azərbaycanın yox, bütün dünyanın geniş rezonans və ictimai narazılıq doğuran məsələlərindən olmalıdır. Təəssüf ki, bir çox məqamlarda dünya belə ədalətsizliyə qarşı susqunluq nümayiş etdirir. Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi Azərbaycanda ciddi ictimai narazılıq və narahatçılıq doğuran məsələlər sırasındadır. Bu baxımdan ki, Ermənistanın dağ-mədən şirkətlərinin fəaliyyəti Oxçuçayda həyəcan təbilinin çalınmasına rəvac verən vəziyyət yaradıb. Diqqət çəkən, eyni zamanda, müxtəlif sualların yaranmasına səbəb olan məsələ bu prosesdə Almaniyanın CRONIMET Holding GmbH şirkətinin yaxından iştirak etməsidir. Bu kimi addımlar öz növbəsində Almaniya mətbuatında mütəmadi olaraq ölkəmizlə bağlı qərəzli yazıların yer alması səbəblərinə də işıq salır. Təhlillər əsasında bu məqam açıqlanır ki, Almaniya mediası müxtəlif illərdə Azərbaycana qarşı Soros şəbəkəsi tərəfindən təşkil edilən qarayaxma kampaniyalarında fəal iştirak edib. Səbəb nədir?”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qarayaxma kampaniyalarının təşkilində əsas məqamlara diqqəti yönəldib: “Azərbaycanın düşünülmüş və məqsədyönlü, ən əsas müstəqil siyasəti nəticəsində qazandığı uğurların miqyası günbəgün genişlənir. Ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu və mövqeyi göz önündədir. Hazırkı dövr İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin yaratdığı yeni reallıqlarla zəngin olduğundan dünya üçün mühüm olan bu məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycan bu gün regionda diktə edən tərəf kimi çıxış edir, yeni əməkdaşlıq formatlarının təşəbbüskarıdır, eyni zamanda, dünyanın xarici siyasətində dəyişikliklərin edilməsinə nail olub. O dəyişikliklər ki, 30 ilə yaxın dövrdə Azərbaycan dünya güclərindən, nüfuzlu beynəlxalq təşkilatlardan ədalət, beynəlxalq hüquqa hörmətlə yanaşmağı gözləyib. 44 günlük İkinci Qarabağ müharibəsi dünyaya bu reallıqları çatdırdı. Azərbaycanın yalnız tarixi Zəfərimizdən sonra deyil, 29 ilə yaxın müstəqillik tarixində qazandığı uğurlar daim anti-Azərbaycan qüvvələr tərəfindən qısqanılıqla, qərəzlə qarşılanıb. Əksər beynəlxalq müdafiə hüquq və qeyri-hökumət təşkilatları bu qərəzdən irəli gələrək Azərbaycanı «qeyri-azad», Ermənistanı isə «azad» ölkələr sırasında qeyd ediblər. ABŞ-ın bəzi hüquq təşkilatları bir qədər də irəli gedərək Dağlıq Qarabağı Azərbaycan və Ermənistanın müştərək ərazisi kimi qeyd ediblər. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi, iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası nəticəsində dünyanın enerji təhlükəsizliyinin əsas təminatçısına çevrilməsi də anti-Azərbaycan qüvvələrin, o cümlədən Soros şəbəkəsinin fəallaşmasında mühüm rol oynayan amillər sırasındadır”.

Baş redaktor bildirib ki, uğurlarımızı görüb sevinənlərlə yanaşı, sevinməyənlərin olması təbiidir: “Əsas olan çirkin niyyətlərin qərəzli yanaşmalarda, təbliğatlarda əksini taparaq, dövlətin işinə müdaxilələrlə müşaiyət olunmamasıdı. Bu baxımdan ki, “Evrovison-2012” musiqi, 2015-ci il ilk Avropa oyunları və digər mühüm tədbirlər zamanı Almaniya mediasının Azərbaycana qarşı aqressiv mövqeyini ortaya qoymasını yada salmaq kifayətdir. Bir məqamı da nəzərə alsaq ki, Azərbaycan müxalifətinin radikal qanadı Sorosun dostu kimi tanınanlar bu halda onların qərəzli məlumatları əsasında hazırlanan materialların Soros şəbəkəsinə yaxın dairələrin inhisarında olan mətbu orqanlarda yer alması başadüşüləndir. Daim ermənilərə dəstək olan, onların müdafiəsinə qalxan daxili bədxahlarımızın bu sevgisində Nikol Paşinyanın Sorosun layihəsi olduğunu da nəzərə almalıyıq. Nikol Paşinyan amerikalı milyarder Corc Sorosun əsirinə çevrilib. O, Sorosçular tərəfindən əsir götürülərək onların diqtəsi ilə hərəkət edir”

Baş redaktor Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin də bu kimi məqamlara işıq saldığını bildirib: “Reallıq budur ki, bütün hallarda Azərbaycan müstəqil siyasəti ilə belə çirkin təbliğatları cavablandırır. Soros kimilər Azərbaycan reallıqlarını inkar etmək, xalqın iradəsinə təsir göstərmək imkanında deyillər. Yeni reallıqlar dünya ilə yanaşı, ölkəmizə qarşı qərəzli mövqedə dayanan, ermənipərəst siyasət yürüdən dairələrə də ciddi mesajları ünvanlayır. Soros Fondu müntəzəm olaraq Azərbaycan əleyhinə bəyanatlar, qərəzli mövqelər verməkdə davam edir. Xüsusilə, insan haqları, siyasi həbslər, QHT-lərə təzyiq mahiyyətli bəyanatlar heç bir reallığı əks etdirmir. Ölkə başçısının bu gün daxili siyasi kursuna baxdıqda ölkədəki bütün siyasi partiyalara dəstək verdiyi, onlarla dialoq təşkil edib, sağlam siyasi mühitin formalaşdırıldığı göz önündədir. Soros bunları öz maraqlarına görə görməzdən gəlməklə demokratik dəyərlərə, inkişafa hansı prizmadan yanaşdığını nümayiş etdirir. Almaniyanın Soros şəbəkəsi tərəfindən təşkil edilən qarayaxma kampaniyalarına dəstək olması birmənalı qarşılana bilməz. Belə müdaxilələr daim dövlətimiz tərəfindən sərt reaksiya ilə üzləşib, bəyanatların səsləndirilməsini şərtləndirib. Azərbaycan reallıqları aparılan qərəzli kampaniyalara tutarlı cavabdır. Necə ki, 44 günlük Vətən müharibəsində beynəlxalq hüquqa əsaslanan mövqeyimiz döyüş meydanında qələbəmizin əsası oldu”.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …