Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

“Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsi keçiriləcək

“Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsi keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

İnşa müsabiqəsi Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə ölkənin ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında baş tutacaq.

Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunacaq. Müsabiqənin hər iki mərhələsi kompüter əsaslı olmaqla rayon (şəhər) mərhələsi 27 sentyabr-15 oktyabrda yerlərdə, ölkə mərhələsi isə 21 oktyabrda Bakı şəhərində keçiriləcək.

Müsabiqənin ölkə mərhələsində iştirak üçün limit müəyyənləşdirilib. Belə ki, Bakı şəhərindən 12 nəfər; Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri və Abşeron rayonunda hər birindən 2 nəfər; digər şəhər və rayonların hər birindən 1 nəfər; Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki, digər qurumlara tabe və özəl ümumi təhsil müəssisələrindən ümumilikdə 10 nəfər iştirak edə bilər.

Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinə ölkə mərhələsində inşaların müvafiq meyarlar əsasında qiymətləndirilməsi və qaliblərin seçilməsi məqsədilə mütəxəssislərdən ibarət müsabiqə komissiyanın təşkili tapşırılıb. Müsabiqə qalibləri tutduqları yerlərə görə müvafiq dərəcəli diplom və hədiyyələrlə təltif ediləcək.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Check Also

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin …