Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində həlak olan kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı bu gün dəfn olunublar. Hadisə isə iyulun 4-də saat 20:40 radələrində baş verib.
2 yaşlı körpənin qətli isə bütün ölkəni hüznə qərq edib. Sosial şəbəkələrdə Zəhranın fotoları paylaşılıb, onun qisasını ermənilərdən almaqla bağlı çağırışlar səsləndirilib. Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.
Müdafiə Nazirliyi bəyanat yayaraq bildirib ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Bəs görəsən, sadə Azərbaycan vətəndaşları necə düşünür? Azərbaycan dövləti qətlə yetirilən dinc sakinlərin, 2 yaşlı körpə Zəhranın qisasını almaq üçün müharibəyə başlamalıdırmı?
Musavat.com bu sualla bağlı ictimai rəyi öyrənmək üçün paytaxt sakinləri arasında sorğu keçirib. Vətəndaşların əksəriyyəti müharibəyə başlamağın vacib olduğunu bildiriblər və savaşa getməyə hazır olduqlarını vurğulayıblar. Onlar Ali Baş Komandanın əmrini gözlədiklərini qeyd ediblər.
Respondentlər arasında müharibənin daha böyük itkilərə, gənclərin ölümünə səbəb olacağını qeyd edərək, sülh tərəfdarı olduqlarını bildirənlər də var.
Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.