Bazar ertəsi , 20 May 2024
Drone Cameras

20 Yanvar qatili olan rus generaldan gülünc iddia: “Bakıda mitinqçilər məxfi sənədləri və silahları ələ keçirmək istəyirdilər”

Rusiya Federal təhlükəsizlik xidmətinin hərbi əks-kəşfiyyat departamentinin rəhbəri, general-polkovniki Nikolay Yuryev 1980-90-cı illərin əvvəlində keçmiş sovet ölkələrində baş verən milli-azadlıq hərəkatlarından, həmçinin 1990-cı ildə yanvar hadisələri, kəşfiyyatçıların fəaliyyətindən danışıb.

Boyukmillet.com xəbər verir ki, rusiyalı kəşfiyyatçı TASS-a müsahibəsində həmin illərdə baş verən proseslərin çox mürəkkəb olduğunu qeyd edib.

“Həqiqətən həmin illərdəki proseslər heç də sadə olmayıb. Xüsusi şöbələrin münaqişə zonalarındakı əsas vəzifəsi hərbçilərin təhlükəsizliyini təmin etmək, nümayişçilərin silah əldə etməsinin və hərbçilərlə nümayişçilərin qarşıdurmasının qarşısını almaq idi. Sizə bir misal çəkim. 1990-cı ilin yanvarında Bakıda baş verən hadisələr zamanı nümayişçilər bir neçə dəfə Xəzər Dəniz Donanmasının gizli sənədlərini və silahlarını əldə etməyə cəhd göstərdilər. Əks kəşfiyyatçı hərbçilərdən donanmanın arxivlərininin verilməsini tələb etdilər. Yaranmış vəziyyətin mürəkkəbliyini nəzərə alaraq SSRİ Dövlət təhlükəsizlik komitəsinin xüsusi şöbəsinin Xəzər Dəniz Donanması üzrə rəisi, birinci dərəcəli kapitan German Uqryumov nümayişçilərə hərbi texnikanın, silah və sənədlərin çıxarılma marşrutu barədə dezinformasiya məlumatların sızdırılmasını təşkil etməyi tapşırdı. Biz bu yolla silah-sursat və arxivləri, həmçinin kəşfiyyatçılar, dənizçilər, onların ailələrini Bakıda təhlükəsiz çıxara bildik. Mən özüm isə Bakını ən sonda tərk etdim”- rusiyalı kəşfiyyatçı deyib.

Qeyd edək ki, Nikolay Yuryev 1990-cı ildə 20 Yanvar faciəsi zamanı SSRİ-nin Bakıdakı Hərbi-Dəniz Donanmasında vəzifə tutub. Həmin ilin 13 yanvarında baş verən “erməni talanları” SSRİ “KQB”-si tərəfindən təşkil edilmişdi. Bu qırğınların əsas məqsədi Azərbaycanın müstəqilliyi uğrunda başlamış milli-azadlıq hərəkatını boğmaq üçün Bakıya qoşun yeritmək üçün düşünülmüşdü. 1990-cı ilin yanvarın 20-də sovet qoşunları Bakıda kütləvi qırğınlar törətdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilib və dinc əhaliyə divan tutulub. Bu hadisələr nəticəsində yüzlərlə insan qətlə yetirildi, yaralanandı. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıblar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Öldürülənlər arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olub. 20 Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulub, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanıb. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyıb.

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir