İranda son bir neçə ayda ərzaq və çörək qıtlığı ağır həddə çatıb. Əvvəllər talonla ailə başına 5 çörək verilirdisə, indi 2-ə endiriblər.
Boyukmillet.com xəbər verir ki, bu sözləri Axar.az-a güneyli milli fəal Sürgün Günəş İranda yaşanan çörək qıtlığı ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, problemin həll olunacağı ilə bağlı vədlər də yalan çıxıb:
“Qərbi Azərbaycan və Kürdüstan mahalında çörək qıtlığı daha çox hiss olunur. Əvvəllər çörəyin ailəbaşına düşən sayına nəzarət olunurdu. Son vaxtlar məmurlar onu da nəzarətdən çıxarıblar və çörəklə bağlı sanki bir xaos yaşanır. Çörək sexlərində ehtiyacımız olduğu qədər çörək tapa bilmədikdə məcbur olub bazardan almalı oluruq. Lakin bazarda qiymət dövlətin satdığından iki dəfə bahadır. 10 min tümənə olan çörəyi alverçilər 40 və 50 minə satır. Bu isə millətin onsuz da ağır olan sosial durumunu daha da pisləşdirir”.
Milli fəalın sözlərinə görə, insanlar çörək qıtlığının süni olaraq yaradıldığını hesab edir:
“Bunun səbəbi un və buğda çatışmazlığı deyil. Bu, hakimiyyət qüvvələri və məmurlar tərəfindən əvvəlcədən planlaşdırılmış proqramdır. Məsələ digər sosial problemlərimiz kimi qəsdən yaradılıb. İnsanların başını qatmaq üçün belə təzyiq vasitələrindən istifadə edirlər. SEPAH-Pasdaran insanları ağır durumda saxlayıb, topluma mesaj verir ki, onlar olmasa, guya, aclıq başlayar və stabillik olmaz”.
O, vəziyyətin daha acınacaqlı hal alacağını bildirib:
“Hesab edirik ki, taxıl biçini qurtarandan sonra vəziyyət daha da pisləşəcək. Böyük ehtimalla taxılın qiyməti qalxacaq. Bu da təbii olaraq un və un məmulatlarının qiymətinə mənfi təsir edəcək”.
Sürgün Günəş çörəklə yanaşı, əhalinin digər zəruri ərzaq məhsullarını tapmaqda da çətinlik çəkdiyini əlavə edib:
“Qıtlıq təkcə çörəklə bitmir. Bəzi ərzaqlar yox səviyyədədir. İstehlakçılar toyuq əti ilə bağlı çətin duruma düşüb. Mazandaran əyalətində dövlət tərəfindən verilən ucuz toyuğun satışı zamanı növbədə dayanan bir insan digərini öldürdü. Yəni bu gün toplum bu vəziyyətdədir və hara kimi davam edəcək, bilmirəm”.
https://t.me/mouzeiran/4242?embed=1