Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Şahin Bağırov: “Sərhədkeçmə və gömrük rəsmiləşdirilməsinə sərf olunan müddət və xərclər minimuma endirələcək”

Yaxın zamanlarda tətbiqinə başlanılacaq Avtomatlaşdırılmış Risk Analiz Sistemi sərhədkeçmə və gömrük rəsmiləşdirilməsinə sərf olunan müddət və xərcləri minimuma endirəcək.

Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, ticarətin asanlaşdırılması məqsədilə gömrük xidməti risklərinin idarəolunmasında ən müasir riyazi alqoritmlərə əsaslanan, maşın öyrənməsi və süni intellekt əsaslı risk modellərinin qurulması istiqamətində işlər görmüş və mühüm uğurlar əldə edilib: “Belə ki, yaxın zamanda tətbiqinə başlanılacaq Avtomatlaşdırılmış Risk Analiz Sistemi sərhədkeçmə və gömrük rəsmiləşdirilməsinə sərf olunan müddət və xərcləri minimuma endirərək idxal-ixrac, o cümlədən tranzit əməliyyatlarında öz müsbət töhfəsini verəcək”,- deyə Ş. Bağırov qeyd edib.

O bildirib ki, Azərbaycan torpaqlarının azad edilməsi nəticəsində ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat-logistika dəhlizləri üzrə geniş imkanlar yaranıb: “Xüsusən, tarixi İpək Yolunun bərpası hesab edilən Orta Dəhlizin qlobal perspektivlərinin önə çəkilməsi, bu zaman iqtisadi səmərəlilik və daşımaların optimallaşdırılması kimi vacib amillərin nəzərə alınması hazırda qarşımızda duran ən əhəmiyyətli məsələlərdəndir. Dövlətimizin iqtisadi sütunlarından olan gömrük xidməti respublikamızın ərazisindən keçən beynəlxalq dəhlizlərin təşviqində və qonşu dövlətlərlə sıx əməkdaşlıq etməklə bu dəhlizləri cəlbediciliyinin artırılmasında aktiv fəaliyyət göstərir”.

DGK-nın sədri qeyd edib ki, Dövlət Gömrük Komitəsinin əsas vəzifələrdən biri, həmçinin ölkənin tranzit potensialının gücləndirilməsinə töhfə verməkdir və bu istiqamətdə mühüm addımlar atılır.

“Transxəzər Gömrük Tranzit Portalının yaranması yüklərin tranzit ölkələrin ərazisindən sürətli keçidini təmin edən, quru və dəniz limanları arasında multimodal daşımalar üçün səmərəli nəzarətə şərait yaradan Şərqlə Qərbin Xəzər üzərində rəqəmsal qovşaq mexanizmi olacaqdır. Eyni zamanda, Şimal-Cənub dəhlizi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, hazırda Azərbaycan, Rusiya və İranın gömrük orqanları arasında ilkin məlumat mübadiləsinin tətbiqi üzrə müvafiq işlər aparılır.

Ölkəmizin tranzit potensialının inkişaf etdirilməsi məqsədilə Avropa İttifaqının Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi də Dövlət Gömrük Komitəsinin Gömrük İnkişaf Modelinin planlaşdırılan layihələrinə daxil edilir. Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi Azərbaycan iqtisadiyyatının Avropa ölkələrinin iqtisadiyyatına inteqrasiyası üçün yeni imkanlar yaradacaq, tərəflər arasında ticarətin asanlaşdırılmasını təmin edəcək və idxal-ixrac əməliyyatlarına müsbət təsir göstərəcək”, – Ş. Bağırov əlavə edib.

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …