Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanda seçki ilə bağlı şikayətlərə baxılması qaydası açıqlanıb

“Məhkəmələr həmişə olduğu kimi, bu il də fevral ayında keçiriləcək növbədənkənar Prezident seçkilərində öz üzərlərinə düşən vəzifələri həyata keçirməyə hazırdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, bu sahədə münasibətləri tənzimləyən Seçki Məcəlləsi ölkədə seçkilərin təşkili və keçirilməsinin əsas qaydalarını müəyyən edir:

“Seçki Məcəlləsində həm də seçki qanunvericiliyinin güman olunan pozulması hallarında məhkəmələrə müraciət edilməsi ilə bağlı çoxsaylı hüquqi imkanlar öz əksini tapıb. Məcəllə ilk öncə seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayət vermək hüququ olan şəxslərin əhatə dairəsini müəyyən edir. Bu şəxslərin dairəsinə – seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları aiddir”.

İ.Kərimov qeyd edib ki, şikayət hüququnun reallaşdırılması iki imkanı nəzərdə tutur – inzibati şikayət və məhkəməyə şikayət verilməsi:

“Dairə seçki komissiyasının qərarından ilk öncə Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Başqa sözlə, şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, məhkəməyə şikayət edilə bilər. Maraqlı şəxslər mübahisələndirilən qərarın dərc edildiyi və ya alındığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər”.

Ali Məhkəmənin sədri vurğulayıb ki, məhkəmələrdə seçki hüquqlarının müdafiəsinə dair mübahisələrə baxılarkən, bir qayda olaraq, müvafiq seçki komissiyalarının qərar və hərəkətlərinin qanuniliyi yoxlanılır: “Bu zaman icraatın özünün aparılmasına münasibətdə prosessual təminatlara riayət edilib-edilmədiyinə, maddi hüququn düzgün tətbiq olunub-olunmadığına qiymət verilir. Dinlənilmə hüququnun təmin edilməsi, tərəflərə vəsatət və sübut təqdim etmək imkanlarının yaradılması, obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməklə şikayətin araşdırılması və s. hallar prosessual təminatlarla əhatə olunur. Seçki komissiyalarından öz fəaliyyətlərini sözügedən tələblərə uyğun qurmaları gözlənilir. Bununla yanaşı, seçki hüquqlarının müdafiəsi ilə bağlı hər bir qaldırılan məsələyə münasibətdə işin bütün faktiki halları tam araşdırılmalı, qərarların əsaslandırılmış formada qəbul edilməsi təmin edilməlidir”.

İ.Kərimov həmçinin bildirib ki, seçki komissiyaları tərəfindən prosedurların inzibati icraat qaydalarına uyğun aparılması nəticə etibarilə məhkəmələrə olunan müraciətlərin də azalmasına səbəb olur: “Bu baxımdan qeyd etmək istəyirəm ki, ölkəmizdə seçki prosesi və onun idarə olunması ildən-ilə daha da təkmilləşdirilir. Bu sahədə müasir texnologiyaların imkanlarından da gün keçdikcə daha geniş istifadə olunur. Bütün bunlar isə seçki prosesinin qanunvericiliyin tələblərinə uyğun təşkilini təmin edir, həmçinin vətəndaşların seçki hüquqlarının hərtərəfli qorunmasına xidmət edir”.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …