Bu il azad edilmiş ərazilərdə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək.
Boyukmillet.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bu il fevralın 7-də keçirilmiş prezident seçkilərində əvvəlkilərlə müqayisədə xaricdə səs verən vətəndaşlarımızın sayı iki dəfə çox olub.
Qurum sədri bildirib ki, bu da MSK və Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı nəticəsində mümkün olub: “Fevralın 7-də keçirilmiş prezident seçkiləri ölkəmiz üçün tarixi seçki idi. Çünki seçkilər ilk dəfə ölkənin bütün ərazilərində keçirilirdi”.
M. Pənahov əlavə edib ki, bu il həm də Şuşa, Laçın, Zəngilanın Ağalı kəndi, Ağdərə və Füzuli rayonlarında, həmçinin azad edilən digər bütün ərazilərdə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək: “Həmin vaxta qədər də o yerlərə vətəndaşların köçürülməsi prosesi davam edəcək. Bizim üçün əsas məsələ seçki komissiyalarının bu prosesə hazır olmasıdır”.