İtaliyanın Berqamo şəhərində gündüz saatlarında supermarketdə baş verən hadisə cəmiyyətdə böyük narahatlıq yaradıb. Təhlükəsizlik kamerasının qeydə aldığı görüntülərdə naməlum şəxsin valideynlərinin yanında olan azyaşlı qızı zorla aparmağa çalışdığı aydın görünür.
Boyukmillet.com xarici mediaya əsasən xəbər verir ki, hadisə ailə mağazanı tərk edərkən baş verib. Videodan da göründüyü kimi, 30-dan yuxarı yaşlarda olan kişi qəfil yaxınlaşaraq uşağı ayaqlarından tutub anasının əlindən qoparmağa cəhd edib. Ana dərhal müqavimət göstərərək qışqırmağa başlayıb. Səsləri eşidən ata dərhal müdaxilə edib, ətrafdakı alıcılar və mağaza əməkdaşları da hadisəyə qoşularaq hücum edən şəxsi saxlayıblar.
Baş verən qarşıdurma zamanı azyaşlı hər iki tərəf tərəfindən dartıldığı üçün ağır xəsarət alıb. Həkimlər uşağın bud sümüyünün sındığını müəyyən edərək onu xəstəxanaya yerləşdiriblər. Hazırda vəziyyətinin sabit olduğu bildirilir.
Hadisə yerinə gələn polis hücum edən şəxsi saxlayıb və ona qarşı azyaşlının oğurlanmasına cəhd və sağlamlığa ağır zərər vurma maddələri ilə cinayət işi açılıb. İlkin məlumata görə, saxlanılan şəxs evsiz həyat sürən əcnəbi vətəndaşdır. Hücumun motivi hələlik açıqlanmayıb, istintaq davam edir.
Hadisə supermarketin təhlükəsizlik kameraları tərəfindən tam qeydə alınıb. Boyukmillet.com həmin görüntüləri də təqdim edir.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
