Böyük Birlik Partiyasının (BBP) qurucu sədri Muhsin Yazıcıoğlu və daha beş nəfərin ölümü ilə nəticələnən helikopter qəzasından sonrakı axtarış-xilasetmə işlərinə dair diqqətçəkən yeni radio yazısı üzə çıxıb.
Boyukmillet.com xəbər verir ki, Kahramanmaraş İl Jandarma Komandanlığının arxivində tapılan səs yazısında Baş Qərargahın təqdim etdiyi koordinatlara yönləndirilən qrupların heç bir iz tapa bilmədiyi anlar və İl Jandarma Komandirinin koordinat xətasına verdiyi reaksiya aydın şəkildə əks olunub.
Səs yazısı göstərir ki, axtarış-xilasetmə qrupları Baş Qərargahın bildirdiyi əraziyə göndərilsə də, həmin yerin tamamilə boş olduğu müəyyən edilib. Güclü qar fırtınası və sərt hava şəraitində aparılan axtarış zamanı koordinatların onları yanlış istiqamətə yönləndirdiyini anlayan o vaxtkı Kahramanmaraş İl Jandarma Komandiri vəziyyəti radio vasitəsilə sorğulayıb.
Yeni Şafak qəzetinin dərc etdiyi radio danışığının mətni:
Kapitan K.S.: Əmr edin, komandirim.
Kahramanmaraş İl Jandarma komandiri: Bax, Kamal! Onlar dünən sənin verdiyin yerə getdilər. Hazırda baş leytenant Əli də oradadır.
Kapitan K.S.: Bəli, komandirim.
Kahramanmaraş İl Jandarma komandiri: Hamı oradadır, AKUT qrupları da oradadır. Amma orada heç nə yoxdur.
Kapitan K.S.: Komandirim, biz bu məlumatı Baş Qərargahdan – Baş Qərargahdan almışıq.
Kahramanmaraş İl Jandarma komandiri: Yaxşı, almısınız, amma burada yenə bir səhv var. Daim 1200 metr deyirdiniz, göstəricinin dəyişməz qaldığını bildirirdiniz. Regional komandirimiz də belə deyir. İndi isə zirvədə… çox şiddətli qar fırtınası var.
Kapitan K.S.: Bəli, komandirim.
Kahramanmaraş İl Jandarma komandiri: Vəziyyət necədir? Burada bir yanlışlıq var.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
