Çərşənbə axşamı , 29 Sentyabr 2026
Drone Cameras

Azərbaycan uğrunda Türkiyə və İsrail arasında indiyədək pərdə arxasında gedən savaş artıq açıq müstəviyə daşınıb


Elxan Şükürlü yazır:
Rusiya və İranla olduğu kimi, indi də Türkiyə ilə münasibətlərdə hər kəsin gerçək simasını açacaq “böhran situasiyası” yaşanır və hökumətimizin də bu “böhran situasiyaları”nı çevik idarə etməkdə nə qədər çətinlik çəkdiyi, aciz qaldığı göz önündədir.

Halbuki biz hələ sentyabrın 7-də xəbərdar etmişdik ki, İsrail qarşıdakı 40-47 gün ərzində Azərbaycanın xüsusilə Türkiyə və İranla münasibətlərini, əlaqələrini pozmağa hesablanmış təxribatçı addımlar atacaq və bu işdə də son 30 ildə ölkənin ictimai-siyasi sektorunda formalaşdırdığı şəbəkədən istifadə edəcək.

Budur, hər şey ortadadır: zamanında gözlənilən təhlükələrin mümkün istiqamətlərini hesablayıb çevik diplomatik addımlar atmaq, gərəkli önləyici tədbirlər həyata keçirmək və ictimai rəyi gözlənilən situasiyalara hazırlamaq əvəzinə, ardıcıl səhvlər üst-üstə qalaqlanır və bu işdə də İsrail mərkəzli şəbəkə çox fəal rol oynayır. Necə ki, bir müddət əvvəl Rusiya və İranla münasibətlərdə də bu şəbəkə eynən bu şəkildə davranmışdı!

Görünən odur ki, hökumətimizdə böhran situasiyasını idarə etməyə məsul olanlar hələlik bircə işi bilirlər: media və sosial şəbəkələr üzərindən dünən öydüklərini və öpdüklərini bu gün söymək, bu gün söydüklərini də sabah öymək və öpmək!

Beləcə, ictimai rəydə Azərbaycanın sabit, dayanıqlı və uzunmüddətli strategiyası olmayan, hər hansı konkret plan üzrə hərəkət etməyən, ani və emosional qərarlarla, əhvalla idarə edilən dövlət imici yaradılır!

Bu, olduqca təhlükəli, dağıdıcı bir meyldir və hər kimin başının altından çıxıbsa, bilinsin ki, o baş bu dövlətin, bu xalqın gələcəyini düşünmür, bizi xeyirə aparmır!

Hazırda İsrailin əsas istəyi Azərbaycanın digər dövlətlərlə, o cümlədən öz qonşuları və İslam dünyası ilə münasibətlərini pozmaq, rəsmi Bakını tamamilə təcrid edib özündən asılı hala salmaq, özünə möhtac qoymaq və xüsusilə də Türkiyəyə qarşı əlavə təzyiq, təsir imkanı əldə etməkdir.

Belə bir durumda Türkiyə ilə eyni cinahda yer almaq əvəzinə, süni şəkildə gərginləşdirilən və guya, əks-cavab verirmiş kimi, köhnə palan içi tökməklə daha da alovlandırılan, qızışdırılan informasiya-təbliğat siyasətinin bircə qazanan tərəfi varsa, o da İsraildir – 27 oktyabrda yenidən uğur qazanmağa can atan Netanyahu hökumətidir, Qəzza qatilləridir!

Uduzan isə son vaxtlar daha çox yaxınlaşmağı bacarmış və daha çox da yaxınlaşma üçün ortaq nöqtələr tapmağa çalışan Azərbaycan, Türkiyə, İran… bütün İslam dünyasıdır!

Anlamaq lazımdır ki, xarici siyasətdə İsrail seçimi və ölkə daxilində də bunun təşviqi, informasiya-təbliğat resurslarında onların maraqlarına hesablanmış ardıcıl addımların atılması bizi gələcəyi və geridönüşü olmayan təhlükəli bir yola soxar!

Elxan Şükürlü

Check Also

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib – SƏRƏNCAM

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib. Boyukmillet.com xəbər …