Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Polkovnik: Düşmən PUA-ları niyə aktivləşib? – Video

Son vaxtlar ermənilər kəşfiyyat xarakteri daşıyan pilotsuz uçuş aparatlarından (PUA) tez-tez istifadə edir. Bu da məlum gərginlikdən sonra cəbhə bölgəsində və təmas xəttində olan müəyyən dəyişiklik və gücləndirmələri nəzərdən keçirmək məqsədi daşıya bilər. Lakin bu, bizim üçün ciddi və təhlükə yarada biləcək bir durum deyil.

Boyukmillet.com bildirir ki, bu sözləri ehtiyatda olan polkovniki Şair Ramaldanov son vaxtlar Ermənistan tərəfinin PUA-ları aktivləşdirməsi və buna cavab olaraq Ordumuzun iki gündə 3 düşmən PUA-sını məhv etməsi haqda danışarkən deyib.

O bildirib ki, əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin diqqəti və nəzarəti altındadır:

“Əməliyyat şəraitinə nəzarət o deməkdir ki, düşmən daim izlənilir, onun hər hansı hərəkəti müşahidə olunarsa, bütün istiqamətlərdə qabaqlayıcı tədbirlər görülür. Bu gün düşmənin PUA-ları vurulursa, bu, bizim bölmələrin ayıq-sayıqlığını göstərir və düşmənin hər hansı məlumat alma cəhdlərinin puça çıxarılması deməkdir”.
Ş.Ramaldanov Azərbaycan Ordusunun düşmən PUA-larının idarəetməsini ələ keçirmək imkanına sahib olduğunu da qeyd edib:

“Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan Ordusu həmişə ən yeni silah-sursatla təmin olunur. Yeni silah və cihazların sayəsində bu gün Azərbaycan düşmənin kəşfiyyat xarakterli uçuş aparatlarını aşkarlayıb məhv edərək, onların məqsədinə nail olmasının qarşısını alır”.

Polkovnik erməni PUA-larının müntəzəm uçuşlar həyata keçirməsinin növbəti hücum əməliyyatı olması ehtimalı haqqında da danışıb:

“Düşmənin belə bir planı həmişə var. Çünki onlar nə öz siyasətlərində, nə də Dağlıq Qarabağ məsələsində müstəqildirlər. Onların bütün addımlar və təxribatları hansısa sifarişlərə və üçüncü qüvvələrin təsirinə bağlıdır. Buna nümunə olaraq, siyasi və iqtisadi amillər marağında olan qüvvələrin sifarişi altında iyul ayının 12-də düşmən hərbi birləşmələrinin Tovuz rayonu istiqamətində irimiqyaslı təxribat törətmək istəyini göstərə bilərik. Ancaq hər zaman olduğu kimi, Azərbaycan Ordusunun bölmələri düşmənin qəfil hücumunun qarşısını qətiyyətlə aldı. Bundan sonra da nəyin bahasına olursa-olsun, Azərbaycan Ordusu düşmənin hər bir cəhdinin qarşısını almağa qadirdir, alacaq da”.

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …