Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Hərbi təlimlər iki ölkənin döyüş gücünün artırılması baxımından önəmli rola malikdir” – MÜNASİBƏT


“Türkiyə və Azərbaycan dost ölkə olmaqla yanaşı, həmçinin dini, dili, soyu bir olan qardaş xalqlardır. Bu gün Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın da gücü Türkiyənindir”. Bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Hərbi ekspertin sözlərinə görə, Azərbaycanla Türkiyənin siyasi, iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlıq əlaqələri də mövcuddur: “Bu əlaqələr daha da dərinləşməkdədir. Xüsusilə, enerji sahəsində iki ölkənin birgə əməkdaşlığı sürətlə inkişaf edir, Avropanın enerji ilə təmin olunması istiqamətində mühüm addımlar atılır, qərarlar qəbul olunur. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də bu yaxınlarda açılışı olan Bakı-Tbilisi-Qars dəmiryolu xətti böyük əhəmiyyətə malikdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə həmişə Azərbaycana dəstək verib. Azərbaycan torpaqlarının 20 fazinin Ermənistan tərəfindən işğal olunmasına görə, Türkiyə sərhədlərini Ermənistanın üzünə bağlayıb və işğalçı ölkə ilə heç bir diplomatik əlaqə qurmayıb”.

E.Həsənli əlavə edib ki, Azərbaycanla Türkiyə arasında olan hərbi təlimlər iki qardaş ölkənin silahlı qüvvələri arasında inteqrasiyaya təkan verir, hərbi təlimlər Azərbaycan və Türkiyə ordusunun döyüş gücünün artırılması baxımından önəmli rola malikdir: “Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Ermənistanda təşvişlə qarşılanmaqdadır. Azərbaycan və Türkiyə arasında olan birgə hərbi təlimlər hər iki ölkənin hərbi qüvvələri arasında önəmli rol oynayır”.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …