Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, F.Mollazadə S.Əlizadə və digərləri ilə əlbir olub çoxsaylı şirkətlər vasitəsi ilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədi ilə ümumilikdə 2 543 173 manat vəsaiti mənimsəyiblər. Bu mənimsəmə tenderlərdə süni şəkildə qalib olma yolu ilə həyata keçirilib.
Prokuror təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edib.
Daha sonra təqsirləndirilən şəxslərə söz verilib. Onlar özlərini qismən təqsirli biliblər və hazırkı mərhələdə ifadə vermək istəməyiblər.
Zərərçəkmiş qismində tanınan XİN-in nümayəndəsi ittihamda göstərilən dəymiş ziyanın tam ödənilməsini istəyib.
Daha sonra şahid Rövşən Məmmədov ifadə verib. O bildirib ki, bu əməlləri törədərkən “Muğan Bank” və “Əmrah Bank”ın əməkdaşı olub və təqsirləndirilən Səlim Əlizadəni müəyyən şirkətlərlə tanış edib: “Mənim tanış etdiyim şirkətlər süni şəkildə tenderlərdə qalib olurdu. Daha sonra XİN-dən həmin şirkətlərin işlədiyim bankdakı hesablarına pul köçürülürdü. Şirkətlər də pulu nağdlaşdırıb məbləğin 90 faizini Səlim Əlizadəyə verirdilər. Banka müştəri cəlb etdiyim üçün mən də dövriyyədən müəyyən faizlər alırdım. Bu işlərlə bağlı 2016-cı ildən bəri əməkdaşlıq etmişik”.
Şahid Fərhad Mollazadəni tanımadığını bildirib.
Daha sonra digər şahid Rza Hümbətəliyevə söz verilib. O bildirib ki, R.Məmmədovla əməkdaşlıq məqsədi ilə 10-dan çox MMC açıb: “MMC-ləri özümün və yaxın qohumlarımın adına açırdım. Möhür alıb, notarius vasitəsi ilə şirkətləri Rövşən Məmmədova verirdim. Dövriyyənin 2 faizi mənə verilirdi. Məsələn, 100 min manat pul gəlirdisə, 2 min manatı mənə çatırdı. Mən də xərcləyirdim. Bütün pul və sənədləşmə işlərini Rövşən Məmmədovla birlikdə görmüşəm. Bu işdən təxminən 20-30 min manat gəlir əldə etmişəm”.
Şahid Fərhad Mollazadəni tanımadığını bildirib.
Növbəti məhkəmə prosesi avqustun 18-ə təyin olunub.
Qeyd edək ki, iş üzrə zərərçəkmiş qismində Xarici İşlər Nazirliyi də tanınıb.
Xatırladaq ki, XİN-in sabiq işçiləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə saxlanılıblar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilərək həbs olunublar.
26 dekabr 2020-ci ildə hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıblar.