Cümə , 22 Noyabr 2024
Drone Cameras

AZƏRTAC-ın Türkiyə bürosunun rəhbərinin “Dinməyən acı: Xocalı” əsəri Ankarada nəşr olub

Azərbaycan Dövlət İnformasiya Agentliyi-AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının qələmə aldığı “Dinməyən acı: Xocalı” siyasi-tarixi, sənədli əsəri Türkiyədə nəşr olub.

Əsər “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kompaniyasına dəstək olaraq yazılıb.

Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı imzaladığı məlum Sərəncamın da yerləşdirildiyi kitab səkkiz fəsildən və 688 səhifədən ibarətdir.

Əsərin nəşri Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə Türkiyənin “BENGÜ” Yayın Evi tərəfindən təmin edilib.

Nəşrin rəhbəri Avrasiya Yazarlar Birliyinin sədri, yazıçı-publisist Yaqub Öməroğlu, Türkiyə türkcəsinə uyğunlaşdıran Mətin Yıldırımdır.

Erməni təcavüzkarlığının tarixi, inkişaf istiqamətləri, ermənilərin qədim Azərbaycan torpaqlarına köçürülməsi, Ermənistan dövlətinin yaradılması məqsədilə həyata keçirilən qanunsuzluqlar, saxta “böyük Ermənistan” ideologiyasının ortaya çıxması, onun nəzəri əsasları, terrorizmin ermənilər üçün milli fəaliyyət istiqamətinə çevrilməsi barədə elmi araşdırmaların yer aldığı əsərdə Xocalı soyqırımının səbəb və məqsədlərinə aydınlıq gətirilib.

Əsərdə Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması istiqamətində həyata keçirilən hüquqi-siyasi proses, o cümlədən azərbaycanlılara qarşı törədilən soyqırımların dünyaya çatdırılması barədə Prezidentin fərman və sərəncamları, Milli Məclisin qərarları, Xocalı soyqırımının acılarını yaşayan soydaşlarımızın ifadələri, faciə barədə 1992-ci ildə dünya mətbuatında yer alan xəbərlər tədqiqata cəlb olunub.

“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kompaniyasının ümumdünya sülh çağırışı olduğunu əsaslandıran müəllif Xocalı soyqırımının tanınması ilə bağlı indiyədək mövcud olan sənədləri, eləcə də bütün dünyada salınan Xocalı parkları və abidələri barədə məlumatları ayrı bir fəsildə oxuculara təqdim edib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli Qələbə əsərdə “Zəfər bölümü” başlığı ilə işlənilmişdir. Böyük Zəfərə və ondan sonrakı proseslərə aid bütün sənədlərin mətni əsərdə əksini tapıb.

Kitabın sonunda təcavüzkar Ermənistanın terrorçu və uşaq qatili olduğunu təsdiq edən, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə, yaşayış yerlərinə və mülki obyektləri hədəf alan raket zərbələrinin yaratdığı faciə və fəsadları, bu bəşəri cinayətləri əks etdirən, AZƏRTAC tərəfindən lentə alınmış orijinal fotolar da əksini tapıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibəsinin kitabın mövzusuna aid olan məqamları əsərin sonunda xüsusi bir bölümdə işlənilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Check Also

MŞ-nin sədr müavini: Xarici qüvvələr Azərbaycana qarşı mediada dezinformasiyalar yaymağa cəhd edirlər

Xarici qüvvələr Azərbaycana qarşı mediada Qarabağ məsələsi, din, insan haqları mövzusunda dezinformasiyalar yaymağa cəhd edirlər. …