Bu gün saat 14:00-da Azərbaycan-Rusiya sərhədində iki ölkənin gömrük və sərhəd xidmətinin nümayəndələri arasında görüş keçiriləcək. Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən məlumat verilib.
Görüşdə son 2 gündə Azərbaycan-Rusiya sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük-keçid məntəqəsində müşahidə olunan nəqliyyat vasitələrinin nisbi sıxlığı müzakirə olunacaq: “Hazırda Azərbaycan tərəfdə nəqliyyat vasitələrinin keçidində hər hansı problem yoxdur, gömrük-keçid məntəqəsi gündəlik iş rejimində fəaliyyət göstərir. Sıxlığın yaranmasına səbəb isə Rusiya istiqamətində yerləşən gömrük-keçid məntəqəsinin nəqliyyat vasitələrinin buraxılışını təmin etmək potensialının aşağı olmasıdır. Hazırda iki ölkə arasındakı sərhəddə tez xarab olan kənd təsərrüfatı məhsulları ilə yüklü avtomobillərin olduğunu nəzərə alaraq sıxlığın aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə Rusiyanın Federal Gömrük Xidmətinin rəhbərliyi arasında telefon danışığı olub və qonşu ölkənin gömrük xidmətinə rəsmi müraciət ünvanlanıb. Sıxlığın mümkün olan ən qısa vaxt ərzində aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə saat 14:00-da sərhəddə hər iki ölkənin gömrük və sərhəd xidmətinin nümayəndələri arasında görüş keçiriləcək”.