Kitabxananın oxucuların istifadəsinə verilməsinin 1 il tamam olur
Dünən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) oxuculara istifadəyə verilməsinin 1 illik Hesabat Konfransı keçirilib. AMEA rəhbərliyi, jurnalistlər və MEK əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözüylə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq bildirib ki, Prezident İlham Əliyevin iştirakı ilə keçirilən açılış mərasimindən sonra kitabxana böyük inkişaf yolu keçib. Çıxışda qeyd edilib ki, kitabxana həm AMEA-nın islahatlar mərkəzi, həm də elm mərkəzidir. O, gələcəkdə MEK-in daha böyük statusa layiq görülməsi üçün çalışacaqlarını deyib. Vitse-prezident bu ilin sonunda Bakıda Türk Dünyası Kitabxanaları Birliyinin yaradılacağını da diqqətə çatdırıb. İsa Həbibbəyli, MEK-də nadir kitabların bərpası işləri üçün əlavə ştat açılacağını da qeyd edib.
Konfransda Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova bir il ərzində görülmüş işlər, əldə olunan nəticələr və gələcək prespektivlər barədə geniş hesabat nitqi ilə çıxış edib. O, bildirib ki, 2015-ci ilin oktyabr ayında Mərkəzi Elmi Kitabxana 2016-2019-cu illər üçün beş əsas strateji hədəf müəyyən edib. Leyla İmanova ölkəmizin geosiyasi məkanda daim təcavüzlərə məruz qalmasını, tarixi, mədəni irsimizin “pozulmaq” təhlükəsi ilə üzləşməsini qeyd edərək, Milli rəqəmsal yaddaş layihəsinin Azərbaycan üçün önəmindən və bu işin kitabxanada uğurla icra olunmasından söz açıb. Milli rəqəmsal yaddaş bazasının Azərbaycan hüdudlarından kənarda formalaşan materiallar ilə zənginləşdirildiyi, bu işlərdə Azərbaycanın Polşa və Macarıstandakı səfirliklərinin, eləcə də Los-Anceles şəhərindəki konsulluğunun MEK ilə əməkdaşlığı qeyd edilib. Bildirib ki, e-resurslar geniş çeşiddə və yeni keyfiyyətdə istifadəyə verilib, elektron resurslara oxu zallarından rahat çıxış təmin olunub. Leyla İmanova çıxışında müvafiq səhiyyə qurumları ilə əməkdaşlıq nəticəsində ödənişsiz səhiyyə xidmətləri, peşə xəstəliklərinin profilaktikası, ödənişsiz diaqnostik müayinələr – onkoloji, oftalmoloji, stomatoloji və endokrinoloji xəstəliklərin aşkarlanması – üçün 1117 müayinə və konsultasiya aparıldığını, əməkdaşların iş vaxtlarına və sosial xərcləmələr büdcəsinə 20.000 AZN-dən artıq qənaət edildiyini vurğulayıb. Leyla İmanova bildirib ki, “Ümummilli lider Heydər Əliyev irsinə aid olan və fondlarda saxlanılan ədəbiyyat Sərgi salonunda və Akademiklərin zalında yerləşdirilib. Materiallar rəqəmsallaşdırılib, elektron kataloqa və video-təqdimat formatına salınıb. AMEA Rəyasət Heyətinin qərarlarına əlavə olaraq yubileyi AMEA miqyasında qeyd olunan şəxslər – Mikayıl Useynov, Bəxtiyar Vahabzadə, Vəli Axundov, Səməd Vurğun – və “Molla Nəsrəddin” jurnalına aid olan materiallar elektron kataloqa salınıb, rəqəmsallaşdırılıb, virtual təqdimatda hazırlanıb, sərgi salonunda nümayiş etdirilib. Azərbaycanda ən qədim on kitab Mərkəzi Elmi Kitabxananın fondlarında aşkar edilib, rəqəmsallaşdırılıb, elektron kataloqa salınıb, ictimaiyyətə təqdim olunub. Leyla İmanova perspektivdə nəzərdə tutulan işlərə diqqət çəkib. Bildirib ki, bunlar “Üçnövbəli xidmətə keçid, media ilə gündəlik kommunikasiyanın onlayn avtomat rejimə keçirilməsi, Vahid İdarəetmə Sisteminin müəyyən komponentlərinin sayt ilə sinxronlaşdırılması, kitabxana həyatından MEK-in saytına canlı yayım, elektron kataloqun sayta çıxarılması, VİS-DOC elektron sənəd dövriyyəsi üçün nəzərdə tutulan platformanın hazırlanması və növbəti inkişaf mərhələsinə keçid edilməsidir. . Hesabat zamanı direktor qarşıya çıxan çətinliklərdən də söz açıb. Sonda bildirilib ki, Mərkəzi Elmi Kitabxananın heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, AMEA rəhbərliyi və İşlər İdarəsinə, AMEA-nın müəssisə və təşkilatlarına, ali məktəblərə, nazirliklərə, media nümayəndələrinə, ictimai təşkilatlara, beynəlxalq qurumlara, tərəfdaşlarına, oxucularına göstərdikləri qayğı və diqqətə görə təşəkkür edir. Səsləndirildi ki, daim sosial məsuliyyət hissi ilə fəaliyyət göstərmiş olan kollektiv bu inamı və etimadı doğrultmağa çalışmış, üzərinə düşən məsuliyyətli işlərin öhdəsindən layiqincə gəlib. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, türkoloq Güllü Yoloğlunun çıxışından sonra MEK direktoru Leyla İmanova sualları cavablandırıb.
olaylar.az