Cümə , 26 Aprel 2024
Drone Cameras

Azərbaycanın seçki təcrübəsi öyrənilməlidir

İtaliyalı deputat: “Səsvermə Avropa standartlarını da ötüb keçir” 
 

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) ölkə vətəndaşlarının mütləq əksəriyyətinin səsçoxluğu ilə baş tutdu. Səsvermə hüququna malik Azərbaycan vətəndaşları Konstitusion hüquqlarından istifadə edərək prezident İlham Əliyevun təşəbbüsü ilə reallaşan referenduma “hə” dedilər. İlkin məlumata görə, respublika üzrə seçici fəallığı 69,7 faiz – 3 671 707 nəfər təşkil edib. Halbuki referendumun baş tutması üçün seçicilərin 25 faizinin iştirakı kifayət edir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, ümumxalq səsverməsi beynəlxalq standartlara, ən əsası isə milli qanunvericiliyimiz olan Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilib, seçki prosedurlarına riayət edilib. Belə ki, səsvermə günü bütün məntəqələr vaxtında açılıb, vaxtında bağlanıb, səsvermənin gedişində heç kimə təzyiq göstərilməyib, vətəndaşların iradəsini ifadə etmək üçün bütün lazımi şərait yaradılıb, minə qədər məntəqə veb-kamera ilə təchiz olunub, səslərin sayılması, hesablanması və Mərkəzi Seçki Komissiyasına çatdırılması geniş ictimaiyyətin, yəni yerli və beynəlxalq müşahidəçilərin, Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qeyd edib ki, bütün 5627 məntəqənin hamısında seçki prosesi Seçki Məcələsinin tələbinə uyğun olaraq həyata keçirilib. MSK sədri vurğulayıb ki, səsvermə çox rahat, sakit, şəffaf şəkildə keçib, seçici fəallığı yüksək olub: “Beynəlxalq və yerli müşahidəçilər də seçicilərin fəallığını vurğulayırdılar. Bütün bunlar təsdiq edir ki, seçicilər Referendum Aktına çox ciddi yanaşıb və öz münasibətlərini bildirmək üçün məntəqələrə gəliblər. Mərkəzi Seçki Komissiyası bu referendumun hazırlanıb təşkil edilməsi istiqamətində öz işini həyata keçirib, həm dairə, həm də məntəqə seçki komissiyalarının üzvləri öz vəzifələrini peşəkarlıqla görüblər”. Yeri gəlmişkən qeyd edək ki, seçki prosesində qanun pozuntusu ilə bağlı MSK-ya rəsmi şəkildə hər hansı şikayət daxil olmayıb. Qurumun “qaynar xətt”inə edilən müraciətlər yalnız məlumat almaq məqsədilə edilib.
 Elə ümumixalq səsverməsini izləyən xarici müşahidəçilər də bu qənaətdədirlər ki, Azərbaycanda keçirilən referendum beynəlxalq seçki standartlarına uyğun olub. Əvvəla qeyd edək ki, Azərbaycanda keçirilən referendum beynəlxalq aləmdə rezonans doğurduğundan ona qarşı olan münasibətin ciddiliyi əvvəlcədən bəlli idi. Yəni, əksər Avropa ölkələri üçün Azərbaycanda keçirilən konstitusion islahatların mahiyyətini anlamaq olduqca marqlı idi. O səbəbdən ki, Avropa Şurası Parlament Assambleyasında təmsil olunan ermənipərəst dairələrin sifarişi əsasında Venesiya Komissiyası ölkə Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı referendum aktı layihəsinin fəlsəfəsinə xələl gətirən rəy hazırlamışdı. Baxmayaraq ki, sözügedən rəy ölkəmizdə keçirilən ümumixalq səsverməsinə kölgə salmaq niyyəti güdürdü, lakin ayrı-ayrı ölkələrdən, beynəlxalq təşkilatlardan gələn çoxsaylı müşahidəçilərin gözləri ilə gördükləri Venesiya Komissiyasının rəyini darmadağın etdi. Üstəlik bəzi müşahidəçilər Azərbaycanın seçki təcrübəsinin ölkələri üçün nümunə olduğu qənaətinə gəldilər. Seçici fəallığı, vətəndaşların siyasi iradəsi qarşısında açiz qalan beynəlxalq müşahidəçilər yəqin ki, referenduma çıxarılan məsələlərin mahiyyətini anlamış oldular. Təkcə onu xatırlatmaq kifayətdir ki, Azərbaycanda prezidentin səlahiyyət müddətinin artırılmasını nəzərdə tutan Konstitusiyadakı dəyişikliyə seçicilərin 92,2 faizi “hə” deyib. Deməli, belə məlum olur ki, Venesiya Komissiyası kimi qurumların xalqın iradəsini nəzərə almadan hazırladıqları rəylər ölkələrdə çaşqınlıq, qarşıdurma yaratmaq niyyəti güdür. Təsadüfi deyil ki, ümumxalq səsverməsində müşahidəçi qismində iştirak edən İtaliya parlamentinin üzvü Divina Sergio bildirib ki, Azərbaycanda səsvermə İtaliyadakından da intizamlı keçir. D.Sergio bildirib ki, səhər saatlarından səs verməyə gələn vətəndaşların sayı kifayət qədər olub. O deyib: “Biz ATƏT, Avropa Şurasının nümayəndəsi kimi, müxtəlif ölkələrdə seçkiləri müşahidə etmişik. Azərbaycanda da bundan əvvəl seçki proseslərini izləmişəm. Azərbaycanda keçirilən səsvermə Avropa standartlarına daha çox uyğun gəlir. Hətta bəzən Avropa standartlarını da ötüb keçir”. 29 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində seçki prosesini müşahidə edən MDB təmsilçiləri Dmitrii Azarov bildirib ki, Azərbaycanın seçki təcrübəsi çox mükəmməldir və bu təcrübə öyrənilməlidir: “Ümumxalq səsverməsinin azad və demokratik şəraitdə keçirilməsi üçün məntəqələrdə hər cür şərait, imkanlar yaradılıb. Seçicilər mütəşəkkil şəkildə məntəqələrə gələrək səsvermədə iştirak edirlər”. AŞPA-dan olan müşahidəçi Sevda Gündüz bildirib ki, ümumxalq səsverməsi ilə bağlı məntəqələrdə yaradılan şərait, veb-kameraların quraşdırılması müsbət haldır. Onun sözlərinə görə, insanların azad şəkildə öz iradələrini ifadə etmək üçün məntəqələrdə yaradılan şəraitdən narazı qalmaq üçün əsas yoxdur: “Sevindirici haldır ki, referenduma seçicilərin marağı yüksəkdir. Bu da referendum ərəfəsi insanların ümumxalq səsverməsinə çıxarılan dəyişikliklərlə bağlı geniş məlumat əldə etmələri ilə bağlıdır”. İspaniya parlamentinin deputatı, AŞPA-nın üzvü Santa Ana Fernandez deyib ki, referendum Azərbaycan üçün mühüm bir hadisədir. O bildirib ki, konstitision dəyişikliklər Azərbaycanın azadlığı və demokratiyası üçün böyük addımdır: “Biz bir çox seçki məntəqəsinə baş çəkmişik. Bu gün üçün hər şey qaydasındadır. Seçicilər seçki qutularına öz istəkləri ilə yaxınlaşırlar”. Ümumxalq səsverməsində müşahidəçi qismində iştirak edən Fransa Senatının üzvü Natali Qule deyib ki, Azərbaycanda ümumxalq səsverməsi olduqca şəffaf keçdi: “Azərbaycanda görülən işlər məni çox sevindirir. Hər dəfə Bakıya gələndə yeniliklərin şahidi oluram. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Bilirəm ki, ölkənizin uğurlarında birinci xanım Mehriban Əliyevanın da xidmətləri çoxdur”. Avropa Xalq Partiyasının müşahidə missiyası Azərbaycanda keçirilən referendumla bağlı yaydığı bəyanatda da bildirilir ki, 26 sentyabrda Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi azad, sərbəst, açıq və ən mütərəqqi beynəlxalq standartlara uyğun keçirilib: “26 sentyabrda keçirilmiş referendum Azərbaycan xalqının iradəsini əks etdirir. Referendum zamanı bütün prosedurlar beynəlxalq standartlara uyğun olub. Avropa Xalq Partiyasının nümayəndələri 20-ə yaxın məntəqədə səsvermə prosesini müşahidə ediblər”. 
Beləliklə, beynəlxalq müşahidəçilərin açıqlamalarından da məlum olur ki, Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi məqsədilə keçirilmiş referendum beynəlxalq və milli seçki qanunvericiliyinə uyğun təşkil edilib və legitimdir. Bununla Azərbaycan bir daha bəşəri demokratik dəyərlərə sadiq qaldığını sübut etdi, eyni zamanda demokratik təsisatların daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaratmış oldu. 

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir