Avropa Azərbaycanlıları Konqresinin (AAK) yeni rəhbərliyinin Avropa Birliyinin paytaxtı Brüsseldə toplantısı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, toplantıda AAK prezidenti Sahil Qasımov, Konqresin vitse-prezidentləri – Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Rusiyada fəaliyyət göstərən hüquqşünas, iş adamı Samir Məmmədov, Almaniya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Yaşar Niftəliyev iştirak edib. Tədbirə qatıla bilməyən 1-ci viste-prezident Füzuli Məmmədov, vitse-prezidentlər – Eldar Əfəndiyev, Səfər Sadiqi təkliflərini yazılı olaraq AAK rəhbərliyinin Brüssel toplantısına təqdim edib. Toplantının gündəliyində Avropa Azərbaycanlıları Konqresinin yol xəritəsinin müzakirəsi, qurumun yeni dönəm strategiyasının müəyyənləşdirilməsi və 2017-19-cu illər üçün fəaliyyət proqramının hazırlanması olub. İclasda AAK-ın baş ofisinin Brüsselə köçürülməsi, təşkilatın sosial şəbəkələrdə aktivliyinin təmin edilməsi, Avropa institutlarında və BMT-nin Avropa ofisində akkreditə olunması kimi məsələlər geniş müzakirə olunub. AAK-ın Brüssel toplantısında Azərbaycanın Belçika və Lüksemburqda, həmçinin Avropa Birliyindəki fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov, səfirliyin müşaviri Elçin Bəşirov iştirak edib. Görüşə Avropada fəaliyyət göstərən media nümayəndələrinin təmsilçiləri də dəvət olunub.
Xatırladaq ki, bu il fevralın 27-də Niderland Krallığının Amsterdam şəhərində AAK-ın IV qurultayı keçirilib və təşkilata yeni prezident, vitse-prezidentlər seçilib. 2004-cü ildə Berlində təsis edilmiş AAK-da Avropanın 27 ölkəsindən 60-dan artıq diaspor təşkilatı birləşir.