SOCAR-ın “Azərkimya” İstehsalat Birliyi gələn ildən istehsalat prosesində yan məhsul kimi əldə olunan hidrogenin “Azerfloat” müəssisəsinə satışına başlayacaq.
Boyukmillet.com bildirir ki, bu barədə SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin əməliyyatlar üzrə meneceri İlqar Qurbanov SOCAR-ın Etilen-Polietilen zavoduna media-tur zamanı məlumat verib.
Onun sözlərinə görə, layihə çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən “Azerfloat” müəssisəsinə hidrogen qazının xüsusi boru xətləri vasitəsilə nəqli və satışı nəzərdə tutulur.
“Layihənin sənədləri tam hazırlanıb və Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq təsdiqlər alınıb. Hazırda hidrogenin nəql olunacağı boru xətlərinin çəkilişinə başlanılır”, – deyə İ.Qurbanov bildirib.
Qeyd olunub ki, indiyədək istehsalat prosesində yan məhsul kimi əldə edilən hidrogen məşəl sistemində yandırılaraq atmosferə buraxılırdı. Yeni layihə isə bu resursun kommersiya məqsədilə istifadəsinə imkan verəcək.
İ.Qurbanovun sözlərinə görə, hidrogenin “Azerfloat”a satılması “Azərkimya” üçün əlavə gəlir mənbəyi yaradacaq, eyni zamanda şüşə istehsalının artırılmasına şərait yaradacaq.
Layihənin digər mühüm istiqaməti isə karbon emissiyalarının azaldılmasıdır. Belə ki, hidrogendən istifadə “Azerfloat”ın istehsalat prosesində karbon izinin minimuma endirilməsinə imkan verəcək.
“Bu layihə nəticəsində daha aşağı karbon izinə malik şüşə istehsal etmək və həmin məhsulların Avropa bazarlarına daha rahat və rəqabətqabiliyyətli şəkildə çıxarılmasına imkan yaratmaq mümkün olacaq”, – deyə İ.Qurbanov vurğulayıb.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
