Şənbə , 20 Aprel 2024
Drone Cameras

“Azərbaycanla bağlı Aİ-nin fərdi münasibətinin olmasına dair tələb vacibdir”

Qabil Hüseynli: “Çünki Prezident doğru olaraq qeyd edib ki, biz Azərbaycanıq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib.

Qəbulda ölkə başçısı Avropa İttifaqı ilə gələcək münasibətlərə də toxunub: “Mən Şərq Tərəfdaşlığı Sammitində iştirak üçün dəvətə görə minnətdaram. Mən bu dəvəti prezident Tuskdan fevral ayında aldım və bildirdim ki, birmənalı olaraq, Zirvə görüşündə iştirak edəcəyəm. Fikrimcə, orada olmaq çox vacibdir. Azərbaycan lap əvvəldən “Şərq Tərəfdaşlığı” proqramına dəstək verdi. Mən şəxsən Şərq Tərəfdaşlığının ilk Sammitində olmuşam və bütün həmin sammitlərdə iştirak etmişəm, sonuncunu istisna etməklə. Orada olmamağımın da səbəbini yəqin ki, bilirsiniz. İndi isə həmin mühüm toplantını kənara qoymaq üçün əsas yoxdur. Bir sözlə, onun üçün ümidlərimiz böyükdür. Eyni zamanda, lap əvvəldən razılaşmamağım onunla bağlı idi ki, üzv dövlətlərə daha fərdi yanaşma tətbiq edilməlidir, çünki həmin ölkələr fərqlidir. Biz Azərbaycanıq. Biz geniş imkanlara malik, müasir, öz hesabına yaşayan, siyasi, təhlükəsizlik, iqtisadi və maliyyə resursları baxımından özünü təmin edən müstəqil ölkəyik. Bu səbəbdən, bu cür olaraq, biz həmin qrupa dəvət olunduq. Lakin həmin vaxtdan etibarən qrupda iki ölkə Avrasiya İqtisadi İttifaqına üzvdür, üç ölkə Assosiasiya Sazişini imzalamış ölkədir. Qalan bir ölkə – Azərbaycan isə hazırda tərəfdaşlıq haqqında saziş üzərində iş aparır. Buna görə ölkələrə daha fərdi yanaşmanın tətbiq edilməsi lap əvvəldən mövqeyimizin əsasını təşkil edirdi. Əfsuslar olsun ki, əvvəlki Avropa komissiyaları zamanı yanaşmamıza yaxşı yanaşılmadı. Əksinə, biz bəzən hücum hədəfinə çevrildik. Hansısa xüsusi razılaşmanı tələb edən tərəf kimi ittiham olunduq. Bu belə deyildi. Əslində, biz komissiya ilə xüsusi ünsiyyəti yaratmaq istəyirdik. Saziş üzərində fəal danışıqlara başlamağımız faktı göstərir ki, bu yanaşma artıq üstünlük təşkil etməyə başlayır. Bu çox müsbətdir. Şərq Tərəfdaşlığı, əlbəttə ki, vacib çərçivədir. Lakin bu çərçivədə, fikrimcə, Azərbaycan ilə Avropa Komissiyası arasında ayrıca razılaşma ən mühüm məsələdir”.

Göründüyü kimi, İlham Əliyev Avropa İttifaqından Azərbaycanla münasibətlərin gələcək inkişafında fərdi yanaşmanın tətbiq edilməsini istəyir. Bununla Prezident Azərbaycanın Avropa Birliyilə münasibətlərdə əsas tutduğu prinsipləri necə izah etmiş oldu?

Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, Azərbaycan müstəqil xarici siyasət yürüdən ölkədir: “Biz kimisə yamsılamırıq. “Şərq Tərəfdaşlığı” proqramında iştirakla bağlı tutduğumuz mövqe də həmin siyasət kursuna adekvatdır. Yəni həmin proqramda iştirak edən keçmiş SSRİ ölkələri konkret oriyentasiya tutublar. Prezident onlarla bağlı vəziyyəti düzgün təsnifatlandırdı. Onlardan bəziləri, demək olar ki, Avropa ilə alternativ mövqedə dayanan birliklərə də üzvdürlər. Elələri də var ki, Rusiyaya arxa çevirib konkret olaraq Avropaya istiqamət götürüb. Biz heç vaxt belə siyasət yürütməmişik. Bizim xarici siyasət kursumuz daim balanslaşdırılmış olub. Ermənistan kimi bir günə fikir dəyişmirik. Yadınızdadırsa, Ermənistan bir müddət əvvəl Sazişə imza atmaq istəyirdi və buna razılıq da vermişdi. Putin Sarkisyanı yanına çağırıb danlayan kimi fikir dəyişdi. Bu baxımdan da Azərbaycanla bağlı Aİ-nin fərdi münasibətinin olmasına dair tələb vacibdir. Çünki Prezident doğru olaraq qeyd edib ki, biz Azərbaycanıq.

Digər mövzular, o cümlədən, enerji təhlükəsizliyi və siyası məsələlər ətrafında aparılan müzakirələr də göstərdi ki, tərəflər əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdırlar.

Gedişat Azərbaycanın Avropa İttifaqına, Avropa İttifaqının da Azərbaycana lazım olduğunu əyani şəkildə təsdiqləyir. Prezident Əliyevin gələn ay Brüsseldə baş tutacaq “Şərq tərəfdaşlığı” sammitində iştirak niyyətini bildirməsi də münasibətlərin perspektivi baxımından mühüm məqamdır. Ona görə də hesab edirəm ki, Azərbaycan-Aİ münasibətlərinin növbəti mərhələsi münasibətlərin daha da genişləndirilməsi ilə əlamətdar olacaq”.

Məhəmmədəli QƏRİBLİ

 

 

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir