Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

İsmayıl Ağayev: “Prezident yalnız ünvanı deyil, həm də həmin dairələrin niyyətini açıqladı”

“Bu sahədə ermənilərlə mübarizə aparacaq səviyyədə diaspor təşkilatlarımız formalaşıb”

Prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə yekun nitqi ilə çıxışı zamanı Azərbaycana təzyiqlərin hansı ünvandan gəldiyini göstərib:

“Azərbaycanda azadlıqların təmin olunması və demokratiyanın inkişafı məsələsinə gəldikdə, mən hər zaman həmkarlarımız və dostlarımıza məsələnin mahiyyətinə nəzər salmağı tövsiyə edirəm. Azərbaycan medianın kəskin hücumuna məruz qalmaqdadır. Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar. Onu totalitar, avtoritar, hüquqların tapdalandığı və azadlıqların pozulduğu bir ölkə kimi göstərməyə cəhd edirlər. Bu bir tendensiyadır. Mən Prezident seçildiyim gündən bu tendensiya bizim hökuməti müşayiət edir. Bunun müxtəlif səbəbləri var. Bunlardan biri erməni lobbisi və diasporudur ki, o, Qərbdə böyük siyasi, ictimai və media köklərinə malikdir. Qarayaxmanın böyük hissəsi onların payına düşür, ancaq təkcə onlar deyil. Müəyyən QHT-lər, bizdən istədiklərini əldə edə bilməyən müəyyən xarici dairələr və Azərbaycanın müstəqil siyasət yürütməsindən, başqalarının işlərinə qarışmamasından və başqalarının da bizim daxili işlərimizə qarışmasına imkan verməməsindən narazı olanlar da bu siyahıdadır. Burada müəyyən digər amillər də ola bilər, ancaq əsas məsələ ondan ibarətdir ki, bizə qarşı böhtan və dezinformasiya kampaniyası aparılır. Lakin mahiyyətə baxsanız görərsiniz ki, Azərbaycan demokratik ölkədir, biz 2001-ci ildən Avropa Şurasının üzvüyük, qanunvericiliyimiz, demək olar ki, yüz faiz Avropa standartlarına uyğundur”.

Prezident Azərbaycana qarşı qarayaxma kampaniyası aparanların ünvanını nə dərəcədə dəqiq ifadə edib?

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev Bakı xəbər qəzetinə bildirib ki, ölkə başçısı səfirlərlə görüşdə Azərbaycana qarşı qərəzli olan və əsassız qarayaxma ilə məşğul olan dairələrin ünvanını dəqiq göstərdi: “Qeyd etmək istəyirəm ki, Prezident yalnız ünvanı deyil, həm də həmin dairələrin niyyətini açıqladı. Erməni diasporu və lobbisinin belə səviyyəsiz işlərlə məşğul olması  dəqiq təsbitini tapıb. Məntiqlə biz onlardan başqa nəsə də gözləmirik. Çünki Ermənistan bizimlə real müharibə şəraitində yaşayır. Onların da əsas hərəkətverici qüvvəsi xaricdəki erməni lobbisidir. Beynəlxalq təşkilatların isə bu kampaniyaya qoşulması ilə bağlı niyyətlərindən biz xəbərdar idik. Ancaq ölkə başçısının bu məsələni açıq şəkildə izah etməsindən sonra bir daha əmin olduq ki, ölkəmizi bu cür şantaj vasitələrilə  nəyəsə məcbur etmək istəyirər. Biz bu praktikanı artıq mənimsəmişik. Azərbaycan oturuşmuş ölkədir. Həmin dairələr bir daha əmin oldular ki, belə ucuz vasitələrlə Azərbaycanı yolundan sapdırmaq, ona nəyisə diqtə etdirmək mümkün deyil. Çox təəssüf edirik ki, dünyanın bəzi tanınmış QHT-ləri də bu cür məsələlərdə ermənilərlə eyni mövqedə dayanır. Ancaq təcrübə göstərir ki, Azərbaycan həmin hədyanların birini də cavabsız qoymur. Dünyanın istənilən media orqanında çıxan qarayaxmaya dərhal Azərbaycandan cavab verilir. Əksər hallarda isə həmin məlumatların təkzib edilməsinə nail oluruq. Bizim dövlətin yürütdüyü diaspor siyasəti də tam bəhrəsini verir. Demək olar ki, bu sahədə ermənilərlə mübarizə aparacaq səviyyədə diaspor təşkilatlarımız formalaşıb”.

 

Məhəmmədəli Qəribli

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir