Bazar ertəsi , 6 Fevral 2023

Azərbaycan Ermənistana yeni təzyiq mexanizmlərinin yaradılmasına nail oldu

Dağlıq Qarabağ münaqişəsinin bu gün ciddi təhdid mənbəyi olması, regionu hər an böyük fəlakətə düçar edə biləcəyi barədə Azərbaycan dünya ictimaiyyətinə dəfələrlə konkret xəbərdarlıqlarını edib. Məsələni yaxından araşdıran beynəlxalq tədqiqat mərkəzləri, ekspertlər də eyni mövqe sərgiləyərək bu problemin ən qısa müddət ərzində həllini tapmasının vacibliyini bəyan edir. Onlar da açıq mətnlə bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu regional təhlükəsizliyə və sabitliyə ciddi təhlükədir.

Azərbaycan indilikdə bu təhlükənin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasında maraqlı tərəf kimi çıxış edir. Məsələnin bu müstəvidə çözülməsi üçün rəsmi Bakı çıxış yolunun nədən ibarət olmasını da aydın şəkildə göstərir.  Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə məsələnin bu tərəfinə toxunan Prezident İlham Əliyev vurğulayır ki,  beynəlxalq hüquq normalarına əməl etməsi üçün Ermənistanın işğalçı rejiminə daha çox təzyiq göstərilməlidir. Dövlət başçısı qeyd edib ki, münaqişənin həll olunmamasının səbəblərindən biri təcavüzkara qarşı beynəlxalq səviyyədə təzyiqin olmamasıdır: “Ermənistana sanksiyalar tətbiq olunsaydı, beynəlxalq hüquq normalarını və humanitar normaları kobud şəkildə pozan ölkəyə qarşı ciddi sanksiyalar tətbiq edilsəydi, bəlkə də münaqişə çoxdan həll edilmiş olardı. Beynəlxalq ictimaiyyətin Ermənistana münasibətdə bu cür mülayim siyasəti onlarda belə təsəvvür yaradır ki, onlar bizim torpaqlarımızda qanunsuz şəkildə qalmağa davam edə bilərlər və bu, səbəblərdən biridir. Lakin düşünürəm, onlar başa düşməlidirlər ki, bu mümkün olmayacaq“.

İlham Əliyevin burada diqqət çəkdiyi daha bir vacib  məqam ərazi bütövlüyü ilə bağlıdır. O vurğulayıb ki, Dağlıq Qarabağla bağlı yekun bəyannamənin mətnində ərazi bütövlüyünə dair məsələnin aydın ifadə olunması çox vacibdir. Eyni zamanda səslənən fikirlərdən bu qənaətə də gəlmək olur ki, Azərbaycanın diplomatik gedişləri və Ermənistanı sülhə vadar etmək istiqamətində atdığı addımlar da öz nəticəsini verir. Məhz bunun nəticəsidir ki, ötən ilin ikinci  yarısından etibarən danışıqlar prosesini boykot etməyə çalışan Ermənistan indi fərqli mövqe nümayiş etdirmək məcburiyyətindədir. Belə ki, Bakının apardığı fəaliyyətlə diplomatiya sahəsində Ermənistanın danışıqlardan yayınmaq niyyətinin qarşısı alınıb və bu xüsusda İrəvana kifayət qədər təzyiqlər də edilib.  Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə bununla bağlı Prezident İlham Əliyev qeyd edib: “Bizə belə gəlir ki, Ermənistan danışıqlar prosesinə qayıdır və bu olduqca vacib məsələdir. Onların danışıqları boykot etmək siyasəti birincisi ağılsız, ikincisi isə səmərəsiz idi. Bildiyimə görə, Ermənistan rəhbərliyinə müxtəlif mənbələrdən, o cümlədən Avropadan mesajlar verilib ki, bu ölkə özünü belə apara bilməz… Bu gün hesab edirəm ki, danışıqlar formatı bərpa olunmaqdadır. Bir neçə gündən sonra mən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin səfirləri ilə görüşəcəyəm və biz gələcək danışıqları, habelə prezidentlər səviyyəsində mümkün görüşü müzakirə edəcəyik…Ümumilikdə isə bütün beynəlxalq formatlarda belə məsələlər müzakirə edilərkən bizim mövqeyimiz ondan ibarətdir ki, bütün münaqişələrlə bağlı vahid yanaşma olmalıdır. Bütün ölkələrin ərazi bütövlüyü məsələsinə gəldikdə, biz hər bir dövlətin ərazi bütövlüyünü tanıyırıq və bu mövqe tərəfimizdən BMT Baş Assambleyasında və Avropa Şurasında keçirilən səsvermələrdə açıq ifadə olunur…Hesab edirəm ki, ərazi bütövlüyü və öz müqəddəratının təyin edilməsi arasında tarazlığı müəyyən etmək çox asandır. Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, burada hər şey aydın ifadə olunub. Ermənistan isə hər iki prinsipin bərabər hüquqa malik olduğunu iddia edərək, ictimai rəyi manipulyasiya etməyə çalışır. Öz müqəddəratının müəyyən edilməsi ərazi bütövlüyünü pozmamalıdır. Dağlıq Qarabağın gələcəyi məsələsinə gəldikdə isə, bizim mövqeyimiz hər zaman ondan ibarət olub ki, gələcəkdə azərbaycanlılar Dağlıq Qarabağa, öz əzəli torpaqlarına geri dönməli, ermənilər isə onlarla birlikdə Dağlıq Qarabağda yaşamalıdırlar”.

Beləliklə, Azərbaycan mövqeyini kifayət qədər aydın şəkildə meydana qoyub. Bu mövqe ondan ibarətdir ki, Azərbaycan tarixən ona məxsus olan torpaqlarda ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Dünya Cənubi Qafqazda yeni qanlı savaş görmək istəmirsə, Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş bütün ərazilərdən qeyd-şərtsiz çıxarılması üçün İrəvana qarşı sərt təzyiq siyasəti həyata keçirməlidir. Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən beynəlxalq sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri buna tam imkan verir.  Digər tərəfdən, İlham Əliyevin yuxarıda səslənən fikirlərindən belə bəlli olur ki, məhz beynəlxalq təzyiqlər fonunda Ermənistan yenidən danışıqlar masasına qayıdıb. İndi bu təzyiqlərin miqyası bir qədər də genişlənsə, Ermənistan danışıqlar prosesində konstruktiv mövqe də sərgiləyə bilər. Özü də bütün bunlar o fonda qeydə alınır ki, Qarabağ münaqişəsində status-kvo qəbuledilməzliyi beynəlxalq miqyasda etiarf olunur. Avropa İttifaqının Brüsseldə akkreditə edilmiş Fransadan olan səfiri Nokalas Suran Prezident İlham Əliyevlə görüş zamanı bu məsələyə toxunaraq qeyd edib:   “Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir və biz mütləq siyasi nizamlanmaya nail olmalıyıq.  Bu baxımdan, tərəflər arasında ən yaxşı həll variantının tapılmasında qərəzsiz olmaqda Minsk Qrupunun həmsədri kimi bizə arxalana bilərsiniz”.

Bütün bunlar o qənaətə gəlməyə əsas verir ki, Azərbaycanın diplomatik gedişləri nəticəsində Qarabağ məsələsilə ilgili ölkəmizin mövqeləri beynəlxalq müstəvidə əhəmiyyətli dərəcədə güclənib. İndi hətta bir vaxtlar Ermənistanla yaxın olan şəxslər belə rəsmi Bakının mövqeyini mütləq nəzərə alır. Bunu Ermənistanın “Aysor” qəzeti də təsdiqləyir. Real fakt qismində isə qəzet göstərir ki, hələ ötən ay Ermənistana səfər edən ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərdən imtina edib. Qəzetin məlumatına görə, nümayəndə heyətinin tərkibində konqresmenlər Frenk Palloun, Cek Spir, Anna Eşu, Tulsi Qeberd, Cim Sensenbrener və Devid Valadao təmsil olunub. Konqresmenlərdən yalnız ikisi – Frenk Palloun və Tulsi Qeberd işğal olunmuş Azərbaycan torpaqlarına gedib. Digərləri isə bundan imtina edib. Hətta Ermənistan mediası iddia edir ki, konqresmenlərdən Cek Spir və Anna Eşu erməni kökünə malikdir. Buna baxmayaraq, onlar da Qarabağa getməkdən boyun qaçırıblar. “Qraparak” qəzeti isə yazır ki, Qarabağa getməyən konqresmenlər səfərdən son anda imtina edib. Qeyd edək ki, rəsmi Bakı işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfər edən şəxsləri “qara siyahıya” daxil edir. Qarabağa getməkdən imtina edən konqresmenlərin bu qərarına Bakının ata biləcəyi addımların təsir etdiyi istisna deyil. Ən azından onlar bilir ki, belə addım atmaqla Bakının “qara siyahısına” düşə, hətta bloqqer Aleksandr Lapşinin taleyini yaşa bilərlər. Məsələnin maraq doğuran vacib tərəfi isə, heç şübhəsiz, burada Azərbaycanın mövqelərinin nəzərə alınmasıdır. Bütün bunlar diplomatik müstəvidə Azərbaycanın artıq düşmən üzərində kifayət qədər üstünlüyə malik olduğunu aydın nümayiş etdirir. İndi əsas məqsəd bu diplomatik üstünlüklərdən istfiadə edib Ermənistanı danışıqlar masasında real nəticə verən addımlara məcbur etməkdir. Azərbaycan buna da gedir, amma istəyinə dinc yolla nail olmasa, müharibə də qaçılmazdır.

Ermənistanda onu da etiraf edirlər ki, Azərbaycan hərbə əl atsa, vəziyyətləri yaxşı olmayacaq. Parlamentdə təmsil olunan “Yelk” fraksiyasının deputatı Nikol Paşinyan bildirir ki, Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması belə indi onları Azərbaycanın əlindən xilas edə bilməz: “Biz strateji tərəfdaşımız olan Rusiya sayəsində Azərbaycanla hərbi balansı uduzduq”. Paşinyan bildirib ki, Rusiyanın Azərbaycana nə qədər silah satdığını onlar bilmir: “Rusiya, həmçinin, Türkiyəyə də silah satır. Biz “İsgəndər”lərə sevinirdik, amma Rusiya Türkiyəyə S-400 raket kompleksi satır və bu komplekslər “İsgəndər”ləri oyuncaq kimi vuracaq. Serj Sarkisyan və onun hakimiyyəti təhlükəsizliyin əsas komponentini uduzdu. Yaxın tezlikdə isə Azərbaycan Rusiyadan daha müasir silahlar, o cümlədən də S-400 raket kompleksi alacaq”. Nikol Paşinyan onu da bildirir ki, Ermənistanın öz ixtiyarında olan silahların böyük əksəriyyəti istfiadəyə yararsızdır və ya istismar müddəti çoxdan keçib. Bu faktı ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov da təsdiq edir: “Ermənistandakı təlimlərin görüntülərini izləyəndə oradakı vəziyyəti aydın görürük. Şahid oluruq ki, təlimlərdə heç bir müasir silahdan istifadə olunmur. Demək olar ki, 30-40 il əvvələ aid silahları təlimlərdə istifadə edirlər”. Hərbi ekspert bildirib ki, Ermənistan rəhbərliyi bunları gizlətməyə çalışsa da, məqsədinə nail ola bilmir: “Ermənistanda ordu ətrafında ciddi problemlər var. Qeyri-döyüş şəraitində itkilərin sayı artıb. Bununla bağlı cəmiyyətdə də narazılıqlar mövcuddur. Həmçinin yeni müdafiə nazirinin senzura ilə bağlı tələbləri var. O bildirmişdi ki, cəbhə bölgəsindəki vəziyyətlə və itkilərlə bağlı sosial şəbəkələrdə məhdudiyyət qoyulsun. Bu, mətbuata da şamil olunub. Həmçinin Ermənistan müdafiə nazirliyində silahlandırma ilə bağlı korrupsiya halları cəmiyyətdə narazılıq yaradıb. Ermənistanın bugünkü iqtisadi durumu yeni silahlar almağa imkan vermir. Azərbaycanın isə iqtisadi gücü, Azərbaycan Silahlı Qüvvələrinin silahlandırılması hər kəsə bəllidir. Ermənistanın silahları Azərbaycan Ordusunun sahib olduğu müasir silahlarla müqayisə oluna bilməz. Bir-iki dəfə “İsgəndər” raketləri ilə bağlı səs-küy qaldırdılar. Daha sonra aydın oldu ki, həmin silahlar Ermənistana məxsus deyil”. Beləliklə, bütün bunlar diplomatik və hərb müstəvisində Azərbaycanın düşmən üzərində kifayət qədər böyük üstünlüyə malik olduğunu aydın nümayiş etdirir.

Check Also

Kamran Əliyev Münhenin Baş prokuroruna terrorçuluğa qarşı mübarizə fəaliyyəti barədə məlumat verib

Baş prokuror Kamran Əliyev Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald Röttlenə terrorçuluğa qarşı mübarizədə fəaliyyəti …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir