Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Aİ-də miqrasiya “BOMBASI” – Miqrantlar DƏRHAL DEPORT OLUNACAQ!

Avropa İttifaqının (Aİ) uzun illər tətbiq etdiyi Dublin III mexanizmi faktiki olaraq tarixə qovuşur. 2024-cü ildə qəbul edilən və 12 iyun 2026-cı ildən tam tətbiqinə başlanılan Yeni Miqrasiya və Sığınacaq Paktı üzv dövlətlər arasında yükün bölüşdürülməsi, sərhəd nəzarəti və biometrik izləmə qaydalarını kökündən dəyişib.

Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a açıqlamasında bildirib ki, yeniliklərin əsas mahiyyəti köhnə yanaşmanın ləğvidir:

“Köhnə sistemdə yanaşma, sadələşdirilmiş formada desək, “kimin sərhədindən giribsə, onun problemidir” prinsipi üzərində qurulmuşdu. Yeni sistemdə bu yanaşma artıq Aİ miqrasiya siyasətinin yeganə dayağı deyil. İndi həm məsuliyyət, həm həmrəylik, həm də xarici sərhəddə daha sərt nəzarət eyni sistemdə birləşdirilib”.

CAVAD SON.jpg (36 KB)

Aİ hər il ən azı 30 min relokasiya (köçürülmə) və ya 600 milyon avro maliyyə fondu formalaşdırır. Üzv dövlətlər birbaşa qaçqın qəbul etmək, maliyyə töhfəsi vermək və ya texniki-personal dəstəyi göstərmək arasında seçim edə bilirlər. Bir qaçqını qəbul etməməyin maliyyə qarşılığı təxminən 20 min avro ekvivalentində hesablanır, lakin bu, birbaşa “cərimə” mexanizmi deyil. Sığınacaq müraciətlərinin böyük hissəsi artıq ölkə daxilinə buraxılmadan, birbaşa xarici sərhəd və ya tranzit zonalarında həll olunur. İlkin baxış maksimal 12 həftə davam edir. Müraciəti rədd edilənlər üçün əlavə 12 həftəlik geri qaytarma (deportasiya) proseduru tətbiq edilir. Sistem təkcə barmaq izlərini deyil, üz təsviri, ad-soyad, vətəndaşlıq və şəxsiyyət sənədlərini də saxlayır. Biometrik göstəricilərin məcburi toplanması yaşı 14-dən 6-ya endirilib. Bu, sığınacaq axtaranların Aİ daxilində qanunsuz olaraq başqa ölkələrə keçməsinin (ikincili miqrasiya) qarşısını alır. Şəxsin Aİ-yə gəlməzdən əvvəl tranzit keçdiyi və ya müvafiq razılaşması olan təhlükəsiz üçüncü ölkələrə geri qaytarılması imkanları genişləndirilib.

Nəzarət və deportasiya mexanizmlərinin sərtləşməsinə baxmayaraq, işgəncə və ya təqib riski olan ölkələrə şəxslərin məcburi qaytarılması qadağandır. Mənfi qərarlardan məhkəməyə şikayət etmək hüququ saxlanılır.

Köhnə modeldə coğrafi mövqeyə əsasən ilk giriş ölkəsinin üzərində idi. Yeni Paktda (Regulation EU 2024/1351) isə ümumi Aİ məsuliyyətinə çevrilir və həmrəylik fondu yaradılır. Bundan başqa, köhnə modeldə ölkə daxilinə keçdikdən sonra illərlə davam edən baxış tətbiq edilirdisə, yeni sistemdə sərhəddə və ya tranzit zonasında sürətləndirilmiş (12 həftəlik) baxış həyata keçirilir. Əvvəllər yalnız 14 yaşdan yuxarı şəxslərin barmaq izləri toplanırdısa, artıq üz təsviri, şəxsi məlumatlar və 6 yaşdan yuxarı uşaqların biometrikası da bazaya daxil edilir. Könüllü kömək mexanizmləri maliyyə, personal və ya relokasiya formasında məcburi töhfə ilə əvəz olunub.

Vəkil Cavad Cavadovun sözlərinə görə, bu islahat sistemi daha humanist deyil, daha idarəolunan etmək məqsədi daşıyır. Yeni Pakt bir tərəfdən İtaliya, Yunanıstan və İspaniya kimi sərhəd ölkələrinin yükünü yüngülləşdirir, digər tərəfdən isə əsassız müraciətlərlə Aİ daxilində illərlə qalan miqrantların hərəkətini ciddi şəkildə məhdudlaşdırır.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …