Cümə axşamı , 24 Sentyabr 2026
Drone Cameras

Bakıdan qayıdan ermənilərdən ikibaşlı bəyanat

“Sülh körpüsü”nün erməni iştirakçıları da anti-Azərbaycan prosesinə qoşuldu – bu layihə dağıla bilər…

“”Sülh körpüsü” təşəbbüsünün erməni iştirakçıları diplomatların orta əsrlərə aid Gəncəsər monastır kompleksinə və ona bitişik muzeyə səfəri zamanı erməni mədəni irsinin təqdimatı ilə bağlı son hadisələrdən narahat olduqlarını bildirirlər”. Bu barədə Ermənistan İctimai Radiosu xəbər verib.

“Ermənistan-Azərbaycan sülh prosesində artıq mühüm irəliləyiş əldə olunduğu və onilliklər davam edən münaqişədən sonra hər iki cəmiyyətin münasibətlərin yeni mədəniyyətinə keçidi davam etdirəcəyi gözlənildiyi bir vaxtda ictimai çıxışlar və atılan addımlar xüsusi əhəmiyyət kəsb edir. Son hadisələr etimadsızlığı dərinləşdirir və dialoqun mənasız, sülhə nail olmaq cəhdlərinin isə faydasız olduğunu iddia edənlər üçün əlavə imkan yaradır. Sülh quruculuğu mürəkkəb və dürüst dialoq, bir-birinin problemlərinə diqqət və yaraları yenidən aça, yaxud düşmənçiliyi gücləndirə biləcək addımlardan şüurlu şəkildə yayınmaq üçün səylər tələb edir.

Buna görə də sülh prosesinin bütün iştirakçılarını mövcud məqamın məsuliyyətinə uyğun davranmağa, dağıdıcı kimi qəbul oluna biləcək söz və hərəkətlərdən çəkinməyə çağırırıq”, – onların bəyanatında deyilir. Bəyanatı Areq Koçinyan, Naira Sultanyan, Boris Navasardyan, Narek Minasyan və Samvel Meliksetyan imzalayıblar.

Ermənistan İctimai Radiosunun saytında qeyd edilir ki, bəyanatı imzalayanlar Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin xarici diplomatlarla birlikdə Qarabağa səfər zamanı “erməni mədəni irsini” alban irsi kimi təqdim etməsindən narazıdırlar. Baş verənlər nədən xəbər verir? Bu hadisə “Sülh körpüsü” adlanan birgə vətəndaş dialoqu təşəbbüsünün dayandırılmasına gətirib çıxara bilərmi?

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

“Yeni Müsavat”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə erməni tərəfinin süni şəkildə gərginlik yaratdığını düşünür. Onun dediyinə görə, bu məsələ məqsədli şəkildə uzadılır və sülh prosesinə kölgə salır: “Azərbaycan Qarabağı azad etdikdən sonra ermənilərin yeganə bəhanəsi “qədim abidələr”, həbsdəki canilər və bölgəyə qayıtmaq mövzularıdır. Biz üç ildir ki, bu kampaniyanın sistemli şəkildə həyata keçirildiyini müşahidə edirik. Məncə, ermənilərin gündəmə gətirdiyi məsələlər təsadüfi ortaya atılmır. Onlar beynəlxalq ictimaiyyəti inandırmaq istəyirlər ki, guya qovulublar, rəhbərləri həbs olunaraq “əsir” saxlanır, indi də “mədəni irs” yoxa çıxarılır. Hər üç istiqamətdə Qərb dünyasına bu yalanları aşılayırlar. Sonuncu məsələ də bu kampaniyanın davamıdır. Diplomatların səfəri ermənilərə təsir edib və saxta ittihamlar irəli sürməyə başlayıblar. Amma həyasız şəkildə iddia edirlər ki, alban irsi onlara məxsusdur. Dünyada heç bir xalq bu dərəcədə saxtakar ola bilməz”.

Çingiz Qənizadə bununla belə, “Sülh körpüsü” prosesinin davam edəcəyini gözləyir: “İki ölkə arasında etimad mühiti formalaşmaqdadır. Ötən il tərəflər sülh mətnini paraflayıb və geridönüşü olmayan sənəddir. Bundan sonra yekun sazişi imzalamaq qalır. Azərbaycan və Ermənistan çətin, uzun yol qət edib, indi yarısından geri qayıtmaq çox böyük yanlışlıq olar, ilk növbədə ermənilərə zərər vurar. Çünki sülh ən çox onlara lazımdır ki, dünyaya açılsınlar, təcrid vəziyyətində olmasınlar. Paşinyan özü də dedi ki, Rusiya aramızda yoxdur, qonşularla münaqişə də yoxdur. Əgər sülh regionda sabitlik yaradıbsa, ermənilərə enerji məhsullarımız ixrac olunursa, taxıl, gübrə ərazimizdən keçib gedirsə, sərhəddə atışma yoxdursa, erməni əsgəri ölmürsə, bunun nəyi pisdir? Erməni tərəfi “Sülh körpüsü”nün dağılmasının alternativi kimi gərginlik olacağını bilməlidir. Bundan üçüncü tərəflərin sui-istifadə edəcəyini anlamalıdırlar. Ona görə uydurma iddialar irəli sürməklə süni gərginlik yaratmağa ehtiyac yoxdur və bunun ermənilərə ziyanı olduğunu bilməlidirlər. Çünki kənar güclər də gərginliyin yenidən yaranmasında  maraqlıdır. Məncə, Paşinyan vəziyyəti anlayır və “Sülh körpüsü” davam edəcək. Ermənilər isə Qarabağ mövzusunu qapatmalıdırlar”.

Hüquqşünas erməni cəmiyyətində hələ də  revanşizmin güclü olduğu qənaətindədir: “Təəssüf ki, müharibədən sonra cəmiyyətin yarısı qisas hissi ilə yaşayır və barışığa qarşıdır. Seçkilərin nəticələri də göstərdi ki, erməni xalqı zəhərli ideyalardan hələ də uzaqlaşmayıb. Müxalifətin təbliğatı da təsir göstərir. Lakin Paşinyan xalqa gələcəyi göstərir. Revanş arzuları yalnız uçurum vəd edir, barışıq isə inkişaf. Hər halda, “dəmir yumruq” ermənilərin yadından çıxmayıb və cəfəng fikirləri kənara qoyaraq irəliyə baxmalıdırlar”.

Check Also

Bakıda 31 kiloqram narkotik aşkarlanıb

Bakının Nərimanov rayonunda 31 kiloqram narkotik aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib …