Cümə axşamı , 1 Dekabr 2022
Home » Dünya » Dünya yeni silahlanma yarışı təhlükəsi qarşısında – təhdid geri qayıdır

Dünya yeni silahlanma yarışı təhlükəsi qarşısında – təhdid geri qayıdır

Artıq ABŞ da Orta və Kiçik Mənzilli Raketlərin (OKMR) ləğvi haqqında sazişdən çıxmağı düşünür; ekspertlərin fikrincə Ağ Evin və Kremlin bu addımı yeni xaos və təhdidləri özü ilə bərabər gətirəcək

ABŞ Konqresində bir sıra respublikaçı üzvlər Ağ Ev administrasiyasını OKMR haqqında müqavilədən çıxmağa çağırırlar.

Sözügedən saziş Avropanın strateji sabitliyinin və təhlükəsizliyinin bünövrələrindən biri hesab olunur.

Lakin həm ABŞ, həm də Rusiya uzun müddətdən bəri bir-birlərini sazişin müddəalarını pozmaqda ittiham edirlər.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın komandasında bəhs olunan sazişdən çıxmaq barədə diskussiyalar sürətlənib.

Xatırladaq ki bu müqavilə 1987-ci ilin dekabrın 8-də Vaşinqtonda SSRİ və ABŞ rəhbərlərinin yüksək səviyyəli görüşü zamanı imzalanmışdı. Sovet İttifaqından Mixail Qorbaçov, ABŞ-dan isə Ronald Reyqan bu sazişlə yeni təhlükəsizlik sisteminin əsasını qoydular. Müqaviləyə əsasən iştirakçı dövlətlər 500 km-dən 5500 km-ə qədər kiçik və orta mənzilli raketlərin istehsalı, sınağı və buraxılmasını qadağan etdilər. Saziş 1988-ci ilin iyun ayının 8-də qüvvəyə minib.

Reagan_and_Gorbachev_signing.jpg (50 KB)

ABŞ Konqresinin nüvə silahı üzrə köməkçi komitəsinin sədri, Maykl Rocers artıq müqavilənin müddəalarından çıxmaq vaxtının yetişdiyini düşünənlər arasındadır. O ölkənin nüfuzlu politico.com saytına açıqlamasında bildirib ki, sazişin digər iştirakçısının (Rusiyanın-red.) raket silahlanması yarışında onları xeyli geridə buraxması səbəbindən indiki məqamda Vaşinqton üçün anlaşmaya qeyd-şərtsiz əməl etmək olduqca məsuliyyətsiz bir addım olardı.

Lakin Politico-nun qeyd etdiyinə görə, həm Pentaqon, həm Dövlət Departamenti, həm də Milli Təhlükəsizlik üzrə Şurada hələ ki bu cür radikal addıma getməyi düşünən azdır. Adı çəkilən dövlət qurumlarında bu cür tədbirin dünyada yeni silahlanma yarışına gətirib çıxaracağını fikirləşənlər üstünlük təşkil edir.

“Əgər OKMR rejimi pozulsa bu Avropanın təhlükəsizliyini təhdid altına qoyur. Bu bizi 1980-ci illərin əvvələrinə atacaq”, ABŞ-ın Rusiyadakı keçmiş səfiri, Müdafiə nazirinin keçmiş müavini Aleksandr Verşbou Rusiya mətbuatına açıqlamasında bildirib.

Ekspertlər OKMR sazişi ətrafında yaranan situasiyanın iki ölkə arasında münasibətlərin ən böyük problemli nöqtələrindən biri hesab edirlər. Bu ilin qışında ABŞ rəsmi şəkildə Moskvanı sazişin müddəalarını pozmaqda ittiham edib. Güman ki, ABŞ rəsmiləri Rusiyanın “İskəndər-M” raket kompleksini 5500 km-ə qədər uçuş məsafəsi olan nüvə başlıqlı 9М729 — SSC-X-8 raketləri ilə təchiz etməsini nəzərdə tutub.

original (1).jpeg (42 KB)

Hələ 2014-cü ildə Barak Obama administrasiyası Rusiyanın sazişlə qadağan olunan raketləri sınaqdan keçirdiyini bəyan etmişdi. Həmin vaxt Rusiya XİN-i bu bəyanatı Rusiyanın gözdən salınması üzrə növbəti qara piar kampaniyası adlandırmışdı.

Rusiya isə öz növbəsində ABŞ-ın Hava Hücumu müdafiə sistemlərinin Avropada yerləşdirməsini qeyri-qanuni hesab edir.

Tərəflər arasında təftiş sisteminin zəifləməsi situasiyanı daha qeyri-müəyyən vəziyyətə salır.

Silahlanma və tərksilah poblemləri ilə məşğul olan ekspertlərin rəyinə görə Birləşmiş Ştatlar və Rusiya Federasiyası arasında OKMR-ə əməl olunması ilə bağlı məsələləri cəmi bir həftədə, razılaşdırıcı komissiyanın yardımı ilə çözmək olar. Lakin Moskva və Vaşinqton arasında münasibətlərdə elə bir xaos mənzərə yaşanır ki, yaxın dövrdə bu məsələnin həlli mümkünsüz görünür.

Tərəflər arasında keçən ilin noyabrında diplomatlar səviyyəsində keçirilən görüşün də nəticəsi olmayıb. ABŞ-ın danışıqlara Qazaxıstan və Ukraynanın da cəlb etmək niyyəti Rusiya tərəfini xüsusilə narazı salıb. Rusların fikrincə, adı çəkilən ölkələrin ərazində nüvə silahı yerləşdirilməsinə rəğmən onlar SSRİ-nin tərkibində olub və müstəqil qərar qəbul etməyiblər.

Donald Trampın rəhbərliyi altındakı ABŞ-ın yeni rəhbərliyinin Rusiyaya sanksiyaları aradan qaldırmağın müqabilində yeni nüvə anlaşması imzalanması ilə bağlı təklifləri hələlik havada qalmış görünür.

Artıq Kreml də 1987-ci il sazişi ilə bağlı narazılığını açıq şəkildə dilə gətirməyə başlayıb. Rusiya prezidenti Vladimir Putin hətta keçmiş rəhbərliyi yerüstü orta mənzilli raketlərin ləğvi məsələsində avam davranmaqda ittiham edib. Onun söylədiyinə görə, saziş onsuz da Sovet İttifaqının arsenalında olmayan dənizüsü və havada olan orta mənzilli raketlərin ləğvini nəzərdə tutmadığına görə həmin raketlər ABŞ-ın silah təchizatında olduğu kimi qalıb.

rus raket.jpg (270 KB)

Putin artıq Rusiyanın əlinə bu tip raketlərin keçməsi səbəbindən sazişin müddəalarına əməl olunmasının vacibliyindən danışmağa başlayıb.

Vladimir Putinin nəzərdə tutduğu Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinə və sualtı qayıqlarına (o cümlədən Xəzər dənizi donanmasına-red.) yerləşdirilən və Suriya əməliyyatlarında müəvvəfiqiyyətlə istifadə edilən “Kalibr” tipli dənizüstü raketlərdir.

Lakin raket arsenalının böyük bir qismini hərbi gəmilərdə , sualtı qayıqlarda, habelə qırıcı təyyarələrdə saxlayan ABŞ üçün bu variant qəti məqbul hesab edilmir.
Dünya isə yeni qorxulu gəlişmələri həyəcanla izləməkdə davam edir.

Check Also

Regionda təxribata əl atan ölkə qarşısında Türkiyə-Azərbaycan Vahid Ordusunu görəcək! – ŞƏRH

Azərbaycan Türkiyənin bütün sahələrdə olduğu kimi hərbi sahədə də tərəfdaşıdır. İndiyədək iki ölkə arasında hərbi …