Xəbər verildiyi kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində iştirak etmək üçün Nyu-Yorka yola düşür.
Boyukmillet.com bildirir ki, BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də başlayıb.
Dövlət və hökumət başçılarının iştirakı ilə keçiriləcək yüksək səviyyəli ümumi müzakirələr isə sentyabrın 22-də başlayacaq. Builki Baş Assambleya “Etimadın bərpası, transformasiyanı idarə etmək: hər kəs üçün nəticə verən Birləşmiş Millətlər Təşkilatı” mövzusu ətrafında keçirilir.
Ərdoğanın sentyabrın 22-də başlayacaq ümumi müzakirələrin ilk günündə BMT Baş Assambleyasının kürsüsündən çıxış etməsi gözlənilir.
İlk dəfə 2005-ci ildə baş nazir kimi BMT Baş Assambleyasına qatılan Ərdoğan bu il 16-cı dəfə mötəbər kürsüdən çıxış edəcək. Rəcəb Tayyib Ərdoğan çıxışında regional və qlobal proseslər, eləcə də dünyada yaşanan gərginliklərlə bağlı Türkiyənin mövqeyini və mesajlarını beynəlxalq ictimaiyyətə çatdıracaq.
Ərdoğanın Nyu-York proqramında çoxsaylı ikitərəfli diplomatik görüşlər də yer alacaq. Bu görüşlər arasında ən çox diqqət çəkənlərdən biri ABŞ prezidenti Donald Trampla görüşü olacaq.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran qeyd edib ki, səfər çərçivəsində prezident Ərdoğan BMT-nin baş katibi ilə yanaşı, müxtəlif ölkələrin dövlət və hökumət başçılarıyla ikitərəfli görüşlər keçirəcək.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
