Ermənistan mənbələri müdafiə naziri Seyran Ohanyanın yeni hökumətin tərkibində yer almayacağı haqda xəbərlər yayır.
Virtualaz.org bildirir ki, onun yerini tutmağa əsas namizəd kimi hazırda qondarma “dqr müdafiə naziri” Levon Mnatsakanyan göstərilir.
Hərçənd ki, aprel döyüşlərindən sonra general Mnatsakanyanın özünün yarıtmaz fəaliyyəti barədə çoxlu tənqidlər səslənmişdi və onun vəzifəsindən azad ediləcəyinə dair ehtimallar irəli sürülürdü.
Ermənistan prezidentinin müşaviri, baş hərbi müfəttiş Mikael Arutyunyan Levon Mnatsakanyanın müdafiə naziri təyin ediləcəyinə dair xəbərləri təkzib etməyib, prezidentin qərarını gözləməyi məsləhət bilib. “Prezidentin qərarını gözləyin, nə vaxt olacaqsa deyəcəklər, kim olacaq, kim yox”-o bildirib.
Jurnalistlərin müdafiə naziri təyinatında Arutyunyanın da mövqeyinin soruşulub-soruşulmadığı haqda sualına Sərkisyanın müşaviri belə cavab verib: “Siyasi qərar olacaq, təyin edəcəklər”.
Bəs “dqr”də Levon Mnatsakanyanı əvəzləməyə adam tapacaqlarmı? Mikael Arutyunyan deyib ki, silahlı qüvvələrdə kadr problemi yoxdur.
Bundan əvvəl Ohanyanın yerini tutmağa əsas namizəd kimi Qarabağdakı erməni qüvvələrinin istefada olan generalı Vitali Balasanyan göstərilirdi.