Çərşənbə axşamı , 30 Aprel 2024
Drone Cameras

Gürcüstan parlament bürosu “xarici agent haqqında” qanunu qeydiyyata alıb

Bu, ölkənin Avropa ilə bağlı gələcəyinə son qoya bilər

“Jamnews”un materialı

Gürcüstanın parlament bürosu həm ölkə daxilində, həm də qərb təşkilatlarının tənqid atəşinə tutduğu  “Xarici təsirin şəffaflığı barədə” qanun layihəsini qeydiyyatdan keçirib. İndi büro onu baxılması üçün parlament komitələrinə göndərəcək. Daha sonra qanun ümumi parlament sessiyasında üç dəfə oxunuşda qəbul edilməlidir.  

“Gürcü arzusu” hakim partiyası cəmiyyətdə “xarici agentlər haqqında qanun” və ya “Rusiya qanunu” adlanan bu layihəni parlamentə artıq ikinci dəfədir ki, irəli sürür. Qanun 2023-cü ilin martında ilk oxunuşda qəbul olunub. Lakin etiraz aksiyalarında qaz və su şırnağına məruz qalan 100 minlərlə adam ona qarşı çıxdıqdan sonra layihə parlamentdən geri götürülüb.    

Müxalifət və vətəndaş cəmiyyəti bəyan edir ki, bu dəfə də “Rusiya qanunu”nun qəbul edilməsinə yol verməyəcək. Gürcüstanın Qərb partnyorları xəbərdar edirlər ki, qanun qəbul olunduğu halda ölkədə Rusiyanın təsiri güclənə və Gürcüstan Avropa İttifaqına üzv olmaq namizədliyini itirə bilər.    

İctimaiyyətdə “Rusiya qanunu”na qarşı kütləvi etiraz aksiyalarının bərpa olunması çağırışları səslənir.

“Xarici agent haqqında qanun”un geri qayıtması ilk dəfə “Gürcü arzusu” hakim partiyasının icraçı katibi Mamuka Mdinaradzenin 3 aprel 2024-cü ildə keçirdiyi brifinqdə məlum oldu. 

Qanun layihəsində nə yazılıb

Qanun layihəsinə əsasən, gəlirlərinin 20 faizindən çoxunu xaricdən alan qeyri-sahibkar hüquqi şəxs və media təşkilatı dövlət tərəfindən “xarici ölkənin maraqlarının daşıyıcısı” kimi qeyd olunur.   

Bu təşkilatın nə ilə məşğul olduğu mühüm deyil. Məsələn, “xarici ölkənin maraqlarının daşıyıcısı” Gürcüstanda arıların davranışını izləyən ekoloji təşkilat və ya uşaq hospisi ola bilər. 

Mühüm məqam:

Dövlət qeyri-hökümət təşkilatlarından dövlət reyestrində “xarici ölkənin maraqlarının daşıyıcısı” qismində qeydiyyatdan keçməyi tələb edir.

Qanun layihəsinin müəllifləri tez-tez ona əsaslanırlar ki, belə bir qanun, məsələn, ABŞ-da da qüvvədədir. Həmçinin deyilir ki, Amerikadakı qanun onların təklif etdikləri modeldən qat-qat sərtdir. 

Müəlliflər 1938-ci ildə, İkinci Dünya müharibəsi ərəfəsində ABŞ-da qəbul olunmuş FARA (Xarici agentlərin qeydiyyatı haqqında qanun) qanununa əsaslanırlar. Həmin qanunun məqsədi Amerika əhalisini Üçüncü reyxin nasist təsirindən qorumaq idi.   

“Gürcü arzusu”nun təklif etdiyi layihəni FARA-dan və Avropada qüvvədə olan “şəffaflıq” haqqında digər qanunlardan fərqləndirən əsas məqam odur ki, gürcü variantı “Üçüncü reyx” və real düşmənlə deyil, əsas beynəlxalq partnyorlarla və ölkənin dostları ilə, donorlarla mübarizə aparır. Ölkədəki demokratik proseslər isə məhz onların sayəsində inkişaf edir.   

Bu qanunun tənqidçiləri bəyan edirlər ki, xarici təsir haqqında bu qanunu bircə şərtlə dəstəkləyərdilər: qanun Gürcüstanın ərazi bütövlüyünü tanımayan Rusiyanın və eyni mövqedə olan hər hansı digər ölkənin maliyyələşdirdiyi təşkilatlara da şamil olunarsa.   

Bəzi digər ölkələrdə xarici təsir haqqında qanunları tez-tez müşayiət edən ikinci mühüm komponent, – dəqiq dar çərçivələrdir. Məsələn, elə həmin FARA-da yazılıb ki, məhdudiyyətlərin mediaya və QHT-lərə aidiyyatı yoxdur, təkcə lobbi təşkilatlarına şamil olunur. “Gürcü arzu”su variantında bu  komponent yoxdur. Daha doğrusu, “Gürcü arzu”sunun təklif etdiyi Rusiya versiyası, ilk növbədə, məhz media və qeyri-hökumət sektoruna şamil olunur.     

Daha bir mühüm məqam odur ki, bu qanun Avropa İttifaqının qanunvericiliyinə ziddir. Analoji qanun Macarıstanda qəbul olunanda, o, Aİ məhkəməsi tərəfindən ləğv olunmuşdu. Macarıstanda bu qanun bilavasitə medianı susdurmağa, QHT-ləri təhqir etməyə, qara yaxmağa və bu sektorda külüng döyən insanların işinə əngəl yaratmağa yönəlmişdi.    

“Biz dəqiq bilirik ki, belə bir qanun Aİ qanunvericiliyinə ziddir. Avropa İttifaqının bizi bu cür qanunla qəbul etməsi mümkün deyil”, – “Vətəndaş cəmiyyəti fondu”nun nümayəndəsi Saba Braçveli deyir.

Məsələ şəffaflıqda deyil

Səciyyəvidir ki, müstəqil hüquqşünasların və ekspertlərin söylədiyinə görə, bu qanun mahiyyət etibarı ilə qeyri-hökumət təşkilatlarından indiyədək gerçəkləşdirmədikləri yeni bir şey tələb etmir.

Məsələn, indiki qanun artıq QHT-nın üzərinə belə bir öhdəlik qoyub ki, o hər il Ədliyyə Nazirliyinə öz gəlirlərini və xərclərini bildirsin. Bir çox qeyri-hökumət təşkilatı öz saytında müvafiq məlumatı – donorların siyahısını, layihələri və xərcləri yerləşdirib.      

Bundan başqa, identifikasiya olunmuş məlumatlar və təşkilatların ünvanı dövlət reyestrində göstərilir. Hər ayın və ilin sonunda bu təşkilatlar vergi deklarasiyasını doldurur. Həmin deklarasiyada təşkilatda neçə nəfərin işlədiyi, bu təşkilatın hansı mülkə sahib olduğu, işçilərə nə əmək haqqı verildiyi və s. ətraflı qeyd olunur.   

Dövlət Maliyyə Nazirliyi, Gəlirlər Xidməti və Maliyyə Monitorinqi Xidməti vasitəsi ilə artıq beynəlxalq donorlardan daxil olan vəsaitlərlə bağlı hər bir maliyyə əməliyyatına tam nəzarət edirdi.   

Daha QHT-nın gerçəkləşdirdiyi hər bir tranzaksiyanın bank sistemində əks olunduğu deyilmir.

Bütün bunlardan irəli gələrək, yeni qanunun  “şəffaflıq” üçün lazım olmadığı heç bir şübhə yeri qoymur. Ekspertlər hesab edirlər ki, bu, aşkar siyasi aktdır və məqsəd arzu olunmayan təşkilatları susdurmaqdır.    

Hökumətin [Qərb əleyhinə] arqumentləri

Gürcüstan hakimiyyəti nümayəndələrinin bəyanatlarını dinləyəndə aydın olur ki, bu qanunun əsas məqsədi ölkədə mövcud olan və hökumətin nəzarət edə bilmədiyi bütün təşkilatların etibarına və nüfuzuna qara yaxmaq, nüfuzdan salmaqdır.  

Hökumət məqsədyönlü təbliğat vasitəsilə Qərb partnyorlarının maliyyələşdirdiyi təşkilatlardan düşmən obrazı yaratmaq istəyir.

Bu, əsas etibarilə Gürcüstanda demokratik dəyərlərin, insan haqlarının və islahatların tərəqqisi ilə məşğul olan təşkilatlardır. Onlar korrupsiya hallarını araşdırır və üzə çıxarırlar.

Hökumət məmurları və onların satellit partiyaları tez-tez qarşıdan gələn parlament seçkiləri, “qara pullar” və Gürcüstanı müharibəyə sürükləmək istəyən “qlobal müharibə partiyası”ndan bəhs edirlər.     

Hakimiyyətin dediyinə görə, radikal müxalifətin və qeyri-hökumət sektorunun gürcü siyasətinə xarici “qara pullar” gətirəcəyi təhlükəsi var.

Həmçinin hökumətin və rusiyayönlü partiyaların versiyasına görə, qeyri-hökumət sektoru LGBT-nin təbliğatı və cəmiyyəti alt-üst etməklə məşğul olur.      

Qərb əleyhinə bu cür kampaniya həm sponsorluq edilən səhifələrin və feyk hesabların, həm də hökumətyönlü medianın köməyi ilə sosial şəbəkələrdə aparıır.

“İfact.ge” Araşdırmaçı Jurnalist İttifaqı aşkar edib ki, büdcə təşkilatlarında işləyən minlərlə insan “Gürcü arzusu”nun tapşırığı ilə koordinasiya olunmuş şəkildə “xarici agent haqqında qanun”u dəstəkləyən statuslar paylaşırlar.       

Qanun nə vaxt qəbul ediləcək?

Mdinaradze aprelin 3-ü bəyan edib ki, iyunun sonuncu gününə qədər davam edəcək parlamentin  cari iclası başa çatanadək qanun hər üç oxunuşda qəbul ediləcək.

Adətən, qanun layihəsinin qeydiyyata alınmasından yekun qəbulunadək onun baxılmasına dərhal başlanılsa, təsdiqi təxminən qırx beş təqvim günü çəkir. Hələlik rəsmi dinləmələrin nə vaxt başlayacağı məlum deyil.      

Müxalifətin və vətəndaş cəmiyyətinin reaksiyası

Müxalif partiyalar (“Gürcü arzusu”nun satellit partiyaları istisna olmaqla) “xarici agent haqqında” qanunu yekdilliklə müzakirə edir və bəyan edir ki, onun qəbul olunması yolverilməzdir.

Həm müxalifət, həm də bu məsələdə “Gürcü arzu”sunun qatı əleyhdarı olan Prezident Salome Zurabişvili bir ağızdan deyir ki, hakim partiyanın məqsədi Avropaya inteqrasiyanı sabotaj etməkdir.

Yeddi müxalifət partiyası “xarici agent haqqında qanun”a qarşı yekdil bəyanat verib. Onlar qanun layihəsinə yenidən baxılmasını strateji partnyorlara verilmiş vədə xilaf çıxmaq və gənclərə qarşı təhqir kimi qiymətləndirir.

“Biz, gürcü qərbyönlü siyasi qüvvələri “Gürcü arzu”sunun Rusiya hüququnu bərpa etməsini qınayırıq. Bu, növbəti dəfə Gürcüstan vətəndaşlarına və bizim strateji partnyorlarımıza verilmiş sözə xilaf çıxmaqdır və bu, bir il əvvəl tarixi seçimimizin arxasında duran, bununla da Vətənimizin tammiqyaslı dövlət olması, Avropa İttifaqının tammiqaslı üzvü olması şansını qoruyub saxlayan gəncləri təhqir etməkdir”, – bəyanatda deyilir.  

Müxali partiyaların fikrincə, “Gürcü arzu”sunun yeganə məqsədi hakimiyyəti və anti-dövləti, korrupsioner mülkiyyəti əldə saxlamaqdır.

Müstəqil media həmçinin yeni qanunun əleyhinə çıxır və bu qanunda senzuraya birbaşa təhlükə görür.

Yerli qeyri-hökumət təşkilatları həmçinin bir neçə müştərək bəyanat verib. 

QHT-lər bu cür bəyanatların birində “Gürcü arzu”sunun yüksək rütbəli məmurlarından, o cümlədən qeyri-hökumət sektorunda uzun illər təcrübəsi olan baş nazirdən və parlament spikerindən xahiş edir ki, “xalqa onlara xarici dövlətlərin maraqları naminə hərəkət etmək göstərişi verib-verilmədiyini desinlər”.   

Beynəlxalq reaksiya: Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunu itirə bilər 

Gürcüstanla dost olan ölkələrin nümayəndələri və Avro-Atlantik strukturların yüksək rütbəli rəsmiləri yeni qanunun ölkənin Avropaya inteqrasiyası üçün fəlakətli nəticələr verəcəyini birbaşa bəyan edir.   

Avropa liderlərinin dediyinə görə, Gürcüstanın 2023-cü ilin dekabrında aldığı Aİ-yə namizədlik statusunu itirməsi mümkündür.   

Bu qanun qəbul olunarsa, Aİ ölkələri məsləhətləşmələr keçirəcək ki, bunun da nəticəsində Gürcüstan Aİ-yə daxil olmaq şansını itirə bilər, Almaniya XİN-in mətbuat katibi Sebastyan Fişer bəyan edib.  

Avropa Parlamentinin 22 deputatının birgə bəyanatına görə, bu qanunun qəbul edilməsi Avropa İttifaqının dəyərləri və demokratik prinsipləri ilə uzlaşmır və Gürcüstanın Aİ-yə qoşulmaq ambisiyalarına ziddir.   

“Xarici agentlər haqqında qanun” Gürcüstan vətəndaşlarının rifahı naminə işləyən vətəndaş cəmiyyəti təşkilatlarına təhlükədir,- ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Müller bəyan edir:

“Gürcüstan parlamentinə təqdim olunmuş qanun layihəsinin Gürcüstanı Avropa yolundan döndərəcəyindən və gürcü vətəndaşların həyatını yaxşılaşdıran vətəndaş cəmiyyəti təşkilatlarına ziyan vuracağından narahatıq. Biz Gürcüstan hökumətini Avropa İttifaqının istəklərinə əməl etməyə çağırırıq”.  

12 Avropa ölkəsinin (10 Aİ ölkəsi + Norveç və Böyük Britaniya) qanunvericilik orqanlarının xarici komitələrinin sədrləri həmçinin birgə bəyanat yayıblar. Onlar iddia edirlər ki, “Gürcü arzusu”nun qəbul etmək niyyətində olduğu qanun Rusiyanın xarici agentlər haqqında qanununun dəqiq surətidir.

Onlar “Rusiya üslublu bu qanunun məqsədləri” ilə bağlı “dərin narahatlıqlarını” ifadə edirlər və onların fikrincə, həmin qanun “Gürcüstanın Qərbyönlü vətəndaş cəmiyyətini və qeyri-hökumət sektorunu ləkələmək və zəiflətmək üçün hazırlanıb”.

Helsinki Komissiyasının fikrincə, bu qanun gürcü demokratiyasına hücumdur.

Freedom House beynəlxalq təşkilatı hakim partiyanı qanun layihəsini “dərhal” geri götürməyə çağırır.

Gözlənildiyi kimi, Rusiya nümayəndəsi bu qanun layihəsini “normal təcrübə” kimi qiymətləndirən yeganə ölkə oldu.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Gürcüstanın hakim partiyasının təşəbbüsünü “Rusiya layihəsi” adlandırmaq absurddur. Onun söylədiyinə görə, “heç bir suveren dövlət digər dövlətlərin onun daxili siyasətinə müdaxilə etməsini istəmir”.

Gürcüstanda “Rusiya qanunu”nu qəbul etmək cəhdlərinin tarixi haqqında qısaca

“Gürcü arzusu” “Xarici agentlər haqqında qanun”u ilk dəfə 2023-cü ilin martında qəbul etməyə cəhd etdi. Çoxsaylı etirazlara baxmayaraq, parlament martın 7-si qanun layihəsini ilk oxunuşda qəbul edib.   

Bu addım etiraz dalğasını bir az da gücləndirdi – on minlərlər insan parlament binasının qarşısına yığışdı. İştirakçılarının çoxu gənclər olan etiraz aksiyaları bir neçə gün davam etdi. Hakimiyyət etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnağından istifadə etdi. Onlarla vətəndaş müxtəlif zədələr aldı. İştirakçı qız bir gözünü itirdi. 

Görünməmiş ictimai etiraz və beynəlxalq ictimaiyyətin sərt tənqidi öz nəticəsini verdi – 2023-cü il martın 9-da hökumət geri çəkilmək məcburiyyətində qaldı və “Gürcü arzusu”nun parlament çoxluğu artıq birinci oxunuşda qəbul edilmiş qanun layihəsini geri götürdü.

Bu, Avropayönlü vətəndaş cəmiyyətinin qələbəsi kimi qələmə verildi, hərçənd o zaman da bir çox ekspert və siyasətçi hakim partiyanın “Rusiya qanunu”na mütləq qayıdacağını proqnozlaşdırdı.

“Gürcü arzusu”nun əsas arqumenti elə bir il əvvəl də xarici dövlətlərdən maliyyələşən təşkilatların fəaliyyətinin şəffaflığı idi.  

Check Also

Blinken: Putinin Ukrayna planı iflasa uğrayıb

Vladimir Putinin Ukraynanı xəritədən silib Rusiyanın tərkibinə daxil etmək planı iflasa uğrayıb. Boyukmillet.com xəbər verir …