Çərşənbə axşamı , 7 Fevral 2023

Həmin gün gəldi. Çempionlar Liqasının məşhur himninin Bakıda da səslənməsi artıq xəyal deyil

Çempionlar Liqasına düşmək şansı ayağımıza gəlmişkən, bu iki oyunu qazanmaqdan başqa yol yoxdur!

Həmin gün gəldi. Çempionlar Liqasının məşhur himninin Bakıda da səslənməsi artıq xəyal deyil, bir gerçəklik. Bu uğurun müəllifi “Qarabağ”dır, onun əvəzolunmaz baş məşqçisi Qurban Qurbanovdur, bir də klubun sponsorudur.

“Qarabağ” tarix yazdı” deyənlərlə yüzdə-yüz razıyam, amma daha iki oyun… Daha iki uğurlu nəticə bizə o tarixin içərisində yaşamağı da nəsib edəcək.

Bu gün “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubunu məğlub etməlidir. Püşk yenə üzümüzə gülmədi, məsələn, qrupa düşmək üçün “Maribor”la qarşılaşmada daha çox şansımız olardı bəlkə də. Amma daha bunlar keçdi, “Kopenhagen” dünən axşam Bakıya gəlib, stadionda ilk məşqini də keçirib.

Danimarka futbolu son illər xeyli zəifləyib. 1992-ci ildə Avropa çempionu olan Danimarka millisi dünya və Avropa çempionatlarından kənarda qalır. Milli komanda uğursuz oynayanda bu həmin ölkənin klub komandalarına da təsir edir. Yəni Danimarka klubu deyəndə çox təmtəraqlı səslənir, amma “Kopanhagen” Çempionlar Liqasının qrup mərhələsində 4 dəfə oynasa da, Avropa futbolunda elə də səs salmış komanda deyil axı… Baxmayaraq ki, statistikanı oxuyanda adam bir az qorxur da. Nədir o statistika? “Kopenhagen” 1992-ci ildə yaradılıb. 12 dəfə Danimarka Superliqasının qızıl medallarını qazanan klub 8 dəfə ölkə kuboku və 3 dəfə də Danimarka Super kubokunun qalibi olub. “Kopenhagen” avrokubokların qrup mərhələsində (4 dəfə Çempionlar Liqası, 6 dəfə Avropa Liqası) ən çox iştirak edən Danimarka klubudur. 2010/11-ci illər mövsümündə “Kopenhagen” Çempionlar Liqasının qrup mərhələsində üçüncü pilləni tutaraq Avroliqanın 1/16 finalına vəsiqə qazanaraq klub tarixində ən böyük uğurunu qazanıb.

UEFA klubların reytinq cədvəlində “Kopenhagen” Skandinaviya ölkələri içərisində ən yüksək xala malikdir.

“Kopenhagen” ev oyunlarını 38 min 65 nəfərlik “Telia Parken” stadionunda keçirir. Komandanın hazırkı heyətində legioner 4 isveçli, 2 serbiyalı, 1 norveçli, 1 kiprli, 1 sloveniyalı, 1 slovakiyalı, 1 paraqvaylı və 1 çexiyalı legioner var. Bu il Çempionlar Liqasının II təsnifat mərhələsindən mübarizəyə başlayan “Kopenhagen” Slovakiyanın “Jilina”(3:1, 1:2), daha sonra isə Makedoniyanın “Vardar” (0:1, 4:1) klubunu mübarizədən kənarlaşdıraraq “pley-off”a vəsiqə qazanıb.

“Qarabağ”a rəqib olan “Kopenhagen”in 19 il əvvəl – 1998-ci ildə o vaxt Kuboklar kubokunda qarşılaşması, ümumi hesabda 0:10 (Danimarkada ilk matçda 0:6, Bakıda isə 0:4) məğlub olmasını da unutmaq lazım deyil. “Kopenhagen” də bu tarixi unutmayıb və elə bir az da bu səbəbdən arxayın danışırlar, yəni yalanı yoxdur, psixoloji üstünlük onlar tərəfdədir. “Qarabağ” 19 il əvvəlki ağır məğlubiyyətə görə cavabdeh deyil. Desək ki, klub 19 il əvvəlki məğlubiyyətin əvəzinin çıxmalıdır, bu da doğru olmaz. Amma… “Qarabağ” bu oyunu udmalıdır! Çempionlar Liqasına düşmək şansı ayağımıza gəlmişkən, bu iki oyunu da qazanmaqdan başqa yol yoxdur! Azarkeşlər üçün təskinlik var e, “Qarabağ” Avroliqanın qrupunda oynayacaq. Çempionlar Liqası isə başqa bir aləm. “Qarabağ”ın bəlkə də yaxın illərdə ÇL qrupunda oynamağa bu qədər yaxın ola bilməyəcək. UEFA gələn il ÇL qrupuna düşməyi çətinləşdirəcək. “Qarabağ” bizə o zövqü, həyəcanı bu il yaşada bilər…
Skandinaviyanın təbiəti və Allahın vergisi olan hündürboylu olmaları indilikdə “Qarabağ” qarşısında ən ciddi üstünlükləri hesab oluna bilər. Standart vəziyyətlərdə, xüsusən künc zərbələrində belə oyunçuların əvəzi yoxdur. Ayrı-ayrı oyunçuların gücün təhlil etmək, klubun baş məşqçisinə yol göstərmək bizim işimiz deyil. Bizim işimiz “Qarabağ”a dəstəkdir, şükür ki, bu da var.

Bu gün Tofiq Bəhramov adına stadionda bir boş yer belə olmayacaq. Diqqət edirsizsə, artıq “Qarabağ”ın rəqibləri azarkeş dəstəyindən də çəkinməyə başlayıblar. Bizimkilər burdan vurub Türkiyədə derbi matçlara daha getmirlər, bilirsizmi niyə? Çünki o enerjinin “Qarabağ”ın oyunlarında çıxarmaq olur. ÇL qrupu düşsək stadionda əsl “cənnət” də, “cəhənnəm” də onda olacaq…

Derbidən söz düşmüşkən, “Qarabağ”ın rəqibi daxili çempionatda hələ ki özünü tapa bilmir. “Brondbü” ilə oyunda uduzub, son turda heç-heçə edib. Komandanın baş məşqçisi Stale Solbakken deyib ki, üzərlərində böyük təzyiq və komandada problemlər var. 49 yaşlı Stale Solbakken Norveç futbolunun yetirməsidir. Norveç millisində də forma geyinən yarımmüdafiəçi “Kopenhagen”də də oynayıb. Məşqçilik karyerasında ən parlaq dövr 2011-2012-ci illərdə “Köln” klubunu çalışdırması olub.
Daha bir maraqlı statistikaya azerisport.com saytında rast gəldim. 1998-ci ildə Norveç millisi Azərbaycan yığması ilə dünya çempionatına vəsiqə qazanmaq üçün bir qrupda oynayıblar. Oslodakı qarşılaşmada Stale Solbakken qapımıza iki top vurub. Milli komandanın üzvü Qurban Qurbanov ikinci hissədə meydana çıxıb. Bakıdakı oyunda isə həm Qurban, həm Solbakken 90 dəqiqə meydanda olub, qalib isə yenə rəqib komanda olub.

Hakimə gəlincə, bugünkü qarşılaşmanı İtaliya Futbol Federasiyasından Paolo Talyavento idarə edəcək. Bu hakim haqda heç yaxşı danışmaq olmur. İnternet resurslarında bu hakim haqda bir neçə qalmaqallı xəbərlər var. Məsələn, 2010-cu ildə Ukrayna çempionatında qızıl medalın taleyi həll olunduğu üçün “Şaxtyor” və “Dinamo” (Kiyev) oyunu Paolo Talyavento tapşırılıb. Həmin oyunda “2″ alan italiyalı ”Şaxtyor”u qapısına aşkar penaltini verməyib.

2013-cü ildə Paolo Talyavento “Fiorentina” – “Milan” qarşılaşmasından sonra İtaliya Futbol Federasiyası Hakimlər Komitəsinin qərarı ilə hakimlikdən “qeyri-müəyyən” müddətə uzaqlaşdırılıb. Məlum olub ki, hakim səbəbsiz yerə “Fiorentina”nın oyunçusuna qırmızı kart verib, “Milan”ın yüz faizli penalını isə verməyib.

Bu hakimlə ehtiyatlı olmaq lazımdır… Lazım gəlsə, “Qarabağ” qalmaqallı italiyalı hakimi də udmalıdır.

 

Check Also

Kamran Əliyev Münhenin Baş prokuroruna terrorçuluğa qarşı mübarizə fəaliyyəti barədə məlumat verib

Baş prokuror Kamran Əliyev Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald Röttlenə terrorçuluğa qarşı mübarizədə fəaliyyəti …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir