Haitidə “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 339 nəfərə yüksəlib.
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə yerli hakimiyyət orqanları bildiriblər.
“Metyu” 2007-ci ildən bəri Atlantik okeanındakı ən şiddətli qasırğa sayılır. Qasırğa ABŞ-ın Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarına yaxınlaşır. Artıq ABŞ prezidenti Florida və Cənubi Karolinada fövqəladə vəziyyət elan edib.
***
Saat: 05.20
Haitinin Cənub departamentində “Metyu” qasırğası qurbanlarının sayı 283 nəfərə çatıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Radio Television Caraibes”in məlumatında deyilir.
Məlumata görə, ən çox ölüm halları – 90 hadisə Şantal kommunasında qeydə alınıb, Lez Anqle kommunasında isə 85 nəfər təbii fəlakətin qurbanı olub. Qasırğa 35 minədək insanı evsiz qoyub. Axtarış-xilasetmə işləri davam etdirilir.
Güclü qasırğa Jeremi şəhərini yerlə yeksan edib – yaşayış məntəqəsində tikililərin 80 faizi tamamilə uçub.
“Metyu” qasırğasının səhər saatlarında ABŞ-ın Florida, daha sonra isə Corciya, Şimali və Cənubi Karolina ştatlarına çatacağı bildirilir.
ABŞ prezidenti artıq Şimali və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət rejimi elan edib.