Çərşənbə axşamı , 7 Fevral 2023

İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin 49 yaşlı sakini üzərində açıq ürək əməliyyatı keçirilib

Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalına ağır vəziyyətdə gətirilmiş 49 yaşlı II qrup Çernobıl əlili, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd sakini Natiq Fərəməzov üzərində hospitalın Ürək Mərkəzində oktyabrın 30-da açıq ürək əməliyyatı keçirilib.

Bu barədə hospitalın Ürək-Damar Mərkəzinin rəisi Anar Əmrah noyabrın 8-də keçirdiyi mətbuat konfransında məlumat verib.

Anar Əmrah bildirib ki, N.Fərəməzov aprel döyüşləri zamanı şəkər xəstəliyinə tutulub. Həmçinin birinci dəfə infarkt keçirib. Daha sonra o qeyd edib: “İkinci dəfə infarkt keçirəndə yardım üçün bir neçə yerə, o cümlədən Müdafiə Nazirliyinə müraciət edib. Müdafiə Nazirliyinin göstərişinə əsasən hospitala yerləşdirilən xəstənin ciddi ürək problemi var idi və açıq ürək əməliyyatına ehtiyac duyulurdu. Belə ki, onun ürəyinin atım gücü 30 faiz olub. Lakin xəstənin artıq çəkisi ilə yanaşı, ağciyər, qaraciyər, böyrəklərində də problemlər var idi. Əvvəlcə qısa müddət ərzində operativ müalicələr aparılıb. Daha sonra uğurlu keçən əməliyyatla ürəyi dayandırılmadan üç damarı dəyişdirilib. Vəziyyəti yaxşı olan xəstə bu gün evə yazılıb”.

Hərbi hospital haqqında məlumat verən A.Əmrah mərkəzin 2013-cü il oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi göstərişi ilə fəaliyyətə başladığını bildirib. Otuz ikisi həkim, 6-sı cərrah olmaqla 141 nəfər heyəti olan mərkəzdə dörd il ərzində 35 minə yaxın ürək xəstəsinə tibbi yardım göstərilib. Bunlardan 1000-i ürək qüsurlu olan körpələr və uşaqlar olub. Ürək damar mərkəzində müalicə alan xəstələrin ən kiçiyi 2 günlük körpə, ən böyüyü isə 92 yaşlı xəstə olub. Bu illər ərzində mərkəzdə 250-si körpə və uşaq olmaqla 3000-ə yaxın açıq və qapalı ürək və damar əməliyyatları həyata keçirilib. Həmçinin bu illər ərzində hospitalda açıq ürək əməliyyatı ilə yanaşı 7 min anjioqrafiya və stent implantasiyası icra olunub. O cümlədən, əməliyyat olunmadan xüsusi cihazlar vasitəsi ilə aort anevrizmalarının, aort qapaq darlıqlarının müalicəsi və periferik arteriyaların stent implantasiyası aparılır. Burada quraşdırılan xüsusi avadanlıqlarla müxtəlif növ ürək aritmiyaları xəritələmə ilə aşkar edilib və ablasiya ilə aritmiyaların müalicəsi həyata keçirilir. Karto xəritələmə cihazı ilə uzun illər atrial fibrilasiya, paroksizmal atrial taxikardiya, WPW sindromu kimi xəstəliklərdən əziyyət çəkənlərə diaqnoz qoyulur və müalicə edilir. Son texnologiyaların tətbiqi ilə minimal invaziv üsulla ürək əməliyyatları icra olunur. Həmçinin kəsik aparılmadan damardan girilərək aort anevrizmalarının təmiri və ürək qapaqlarının dəyişdirilməsi həyata keçirilir. Ölkəmizdə ilk dəfə olaraq ağciyər tromboemboliyasının qapalı üsulla müalicəsi aparılıb və dünyada nadir və birinci əməliyyat hesab edilən ürəyin tac arteriyasındakı tromb xüsusi katerlə EKOS prosedurası ilə əridilib. Ölkə başçısının göstərişi ilə mərkəzdə hərbçilərlə yanaşı, bütün ölkə vətəndaşları da müayinə və müalicə olunur.

Əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini söyləyən xəstə N.Fərəməzov ona göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Müdafiə Nazirliyinə və hərbi hospitalın heyətinə təşəkkürünü bildirib.(azertac)

Check Also

Kamran Əliyev Münhenin Baş prokuroruna terrorçuluğa qarşı mübarizə fəaliyyəti barədə məlumat verib

Baş prokuror Kamran Əliyev Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald Röttlenə terrorçuluğa qarşı mübarizədə fəaliyyəti …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir