Cümə axşamı , 2 Fevral 2023

İŞİD törətmədiyi teraktı niyə üzərinə götürür? – Şərh

İŞİD və başqa terror təşkilatları son dövrlərdə dünyanın müxtəlif ölkələrində baş verən teraktların məsuliyyətini öz üzərinə götürür. Lakin bəzən teraktın baş verdiyi ölkənin rəsmiləri bəyanat yayaraq, hadisənin sözügedən qruplaşmalar tərəfindən törədilmədiyini bildirirlər.

Analoji hal ötən gün Las-Veqasda baş vermiş teraktdan sonra yaşanıb. İŞİD hadisəni özünün törətdiyini açıqlasa da, ABŞ rəsmiləri qatilin ölkə xaricindəki hər hansı terror qrupu ilə əlaqəsinə aid heç bir dəlil aşkarlanmadığını bildirib.

Boyukmillet.com politoloq Elxan Şahinoğlu ilə sözügedən mövzu çərçivəsində söhbəti təqdim edir:

– ­­Bir müddət öncə ABŞ Müdafiə naziri Ceyms Mettisin Əfqanıstana səfəri zamanı hava limanı yaxınlığına raket atıldı. İŞİD və Taliban hadisənin məsuliyyətini öz üzərinə götürmək üçün yarışa girdilər. Lakin Pentaqon məsələ ilə bağlı açıqlama verərək, raketin ABŞ HHQ tərəfindən səhvən atıldığını bəyan etdi. Sizcə, terror təşkilatları törətmədikləri teraktların məsuliyyətini niyə öz üzərlərinə götürməyə çalışırlar?

– Bu, adətən, terror təşkilatlarının xüsusiyyətlərindən irəli gəlir. Hətta onlara aid olmayan hadisələr baş verəndə belə məsuliyyətini boyunlarına götürməkləri güc sərgiləmək məqsədi güdürlər. Son vaxtlar Avropada baş verən istənilən hadisənin məsuliyyətini İŞİD üzərinə götürür. Amma bir çox hallarda baş verən kütləvi cinayətlərin terrorçularla bağlılığı olmur. Düzdür, bəzən bu teraktları radikallar törədir. Bunun bir səbəbi də odur ki, son vaxtlar İŞİD-in Suriya və İraqda fəaliyyət dairəsi getdikcə məhdudlaşır, müəyyən məğlubiyyətlərlə üzləşir. Ona görə də bunun intiqamını Qərbdən almağa çalışır. Hər hansı bir İŞİD üzvünün Avropada terakt törətməsi problematikdir. Uzaqbaşı internet vasitəsilə həmin ölkələrdəki vətəndaşları bu işə cəlb edə bilərlər. Beləliklə də sosial şəbəkələr üzərindən beyni zəhərlənmiş insanlar dünyanın müxtəlif ölkələrində qətllər törətməyə başlayır.

C.Mettisin Əfqanıstana səfəri zamanı raket atılması hadisəsi həddindən çox rezonans doğurduğu üçün İŞİD və Taliban bu hadisənin məsuliyyətini öz üzərinə götürdü.

– İŞİD Las-Veqas teraktının məsuliyyətini də üzərinə götürüb. Halbuki Amerika polisi həmin şəxsin teraktla əlaqəsi olmadığını bildirib.

– Las-Veqasdakı hadisəni İŞİD-in öz üzərinə götürməsi gülməlidir. ABŞ kimi bir ölkədə o qədər insanı birdən öldürmək ciddi bir məsələdir. Belə olaylar ABŞ-da nadir hallarda olur. İŞİD sözügedən hadisəni üzərinə götürməklə elə təəssürat yaratmaq istəyir ki, sanki ABŞ-la savaşır.

– Terror qruplaşmaları ilə heç bir əlaqəsi olmayan şəxslərin dünyada baş verən hadisələrdən təsirlənərək dəhşətli qətllər törətməsi bu təşkilatların “uğuru” sayıla bilərmi?

– Bəzən İŞİD və digər terror qruplaşmaları ilə əlaqəsi olmayan, Əfqanıstan, Suriya və İraqda savaşmayan bir şəxs terror törədir. Məlum məsələdir ki, bu insanlar təbliğata uyur. Onlar sosial şəbəkələrdə İŞİD-in fəaliyyətini görür və sonra terror törətməyi qərara alırlar. Bu, son illər Böyük Britaniyada, Fransada da baş verib. Bu da terrorçuların “uğuru” sayıla bilər ki, onlar uzaq məsafədən bəzi radikalları öz planlarına daxil edə bilirlər.

– Bu yaxınlarda rusiyalı senator terror qruplaşmalarının sui-qəsd cəhdlərinin məsuliyyətini üzərinə götürmək istəyini maliyyələşmə ilə əlaqələndirib. Burada hansı maliyyədən söhbət gedir?

– Söhbət o maliyyə bazalarından gedir ki, terror təşkilatları “uğurlu” əməliyyatları aparmaqla öz sponsorlarından pul almağa çalışırlar. Amma inanmıram ki, özünə hörmət edən hansısa ölkə indiki şəraitdə İŞİD-ə böyük pullar ayırsın. Bu pullar elə-belə verilmir. Gərək sözügedən təşkilatlar böyük “uğurlar” qazansın ki, onlara maliyyə ayrılsın. Son dövrlərdə baş verən teraktların sayının artması bununla əlaqəlidir.

– Müəyyən dövlətlər və ya hər hansı siyasi qüvvələr İŞİD terror təşkilatına sifarişlə iş gördürürlər? Yəni İŞİD onların tapşırıqları əsasında teraktlar törədir?

– Məsələn, Suriya Prezidenti Bəşər Əsədi hakimiyyətdən devirmək üçün müəyyən qruplar vaxtilə terrorçulara dəstək olub, maliyyə ayırıb, onları silahlandırıblar. Lakin indi Əsəd Rusiyanın hesabına öz mövqelərini gücləndirib. Bu saat onu devirmək mümkün deyil. Düşünmürəm ki, belə bir şəraitdə dövlətlər terrorçu qruplaşmalara silah versin. Həm də artıq bu məsələlər müxtəlif ölkələrin kəşfiyyatı tərəfindən izlənilir. Hansısa bir dövlət və ya mərkəz terrorçulara dəstək versə, anında üstü açılacaq və həmin dövlətlərə qarşı sanksiyalar tətbiq olunacaq. Buna görə də real vəziyyətdə müxtəlif qrupların və ya dövlətlərin terrorçulara dəstək verməsi riskli məsələdir.

Check Also

Kamran Əliyev Münhenin Baş prokuroruna terrorçuluğa qarşı mübarizə fəaliyyəti barədə məlumat verib

Baş prokuror Kamran Əliyev Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald Röttlenə terrorçuluğa qarşı mübarizədə fəaliyyəti …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir