Cümə axşamı , 12 Dekabr 2024
Drone Cameras

KİYEVDƏ DİASPOR BİNASININ SATILMASI İLƏ BAĞLI ARAŞDIRMAMIZ TƏSDİQİNİ TAPIR – OQTAY ƏFƏNDİYEV İSƏ SUSUR…

Bir müddət əvvəl, Azinforum.az saytının Ukraynada Azərbaycan diasporu üçün ayrılan binanın tamamilə başqa məqsədlərdə istifadə üçün satılaraq, pulunun mənimsənilməsi istiqamətində apardığı araşdırma böyük rezonans doğurub və həmin məqalədə ortaya qoyulan təkzibedilməz faktlar öz təsdiqini tapmaq üzrədir. Qeyd edək ki, “Kiyevin mərkəzində Azərbaycan diasporuna ayrılan ikimərtəbəli binanı kim satıb? – Araşdırma” başlığı ilə saytımızda yerləşdirilən məqalədə bildirilirdi ki, 2002-ci ildə Kiyev şəhər Meriyası tərəfindən Ukrayna Azərbaycanlıları Konqresinə ayrılan bina sonradan diaspor adından suistifadə edən şəxslər tərəfindən satılıb.

 

 

Qeyd edək ki, sözügedən bina Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti üçün ayrılıb. Həmin vaxt işlərə rəhbərlik edən Oqtay Əfəndiyev adlı diaspor nümayəndəsi binanın hansı təyinat üzrə ayrılmasını hamıdan gizli saxlayıb.
Bildirilir ki, sözügedən binanın verilməsinin zəruri olması ilə bağlı məsələni mərhum prezident Heydər Əliyev Ukraynanın sabiq prezidenti Leonid Kuçma qarşısında qaldırıb. Kuçma isə öz növbəsində Kiyev şəhərinin həmin zamankı meri Omelçenkoya bu məsələnin tez bir zamanda həll edilməsinə dair tapşırıq verib. Nəticədə, Kiyevin ən gözəl yerlərindən birində bu məqsəd üçün 418 kvadratlıq 2 mərtəbəli bina ayrılıb. Bu məsələni vaxtilə Hikmət Cavadov adlı diaspor fəalı şef redaktoru olduğu və Ukraynada nəşr edilən “Slovo Azerbaydjana” qəzetində araşdırıb. Həmin araşdırmada qeyd edilib ki, Azərbaycan diasporunun ehtiyacları üçün ayırılan 2 mərtəbəli bina 2005 ci ildə başqa bir firmanın adına keçirilib və sonradan onun yerində tamamilə başqa təyinatlı 4 mərtəbəli ofis inşa edilib.

 

 

Nədənsə, bu gün Ukraynadakı azərbaycan diasporunun adından ağız dolusu danışan Hikmət Cavadov apardığı zəruri jurnalist araşdırmasını yarıda saxlamalı olub. Elə həmin vaxtdan da Oqtay Əfəndiyevlə Hikmət Cavadov arasında isti münasibət yaranıb. 5 min tirajla çap edilən qəzet isə texiniki səhvliyin olması bəhanəsilə məhv edilib. Hətta həmin qəzetin nüsxəsini Ukraynanın dövlət qurumlarının arxivindən belə tapmaq mümkün deyil. Ancaq Azinforum.azvaxtilə binanın satılması ilə bağlı Hikmət Cavadovun rəhbərliyilə Ukraynada nəşr edilən və sonradan bütün nüsxələri arxivlərdən yığışdırılraq məhv edilən qəzetin birini  əldə edə bilib və tərəfimizdən həmin materiallara istinadən araşdırma yazısı təqdim olunub.

 


Xatırlatmaq istərdik ki, məlum məqalənin dərcindən sonra, biz Ukraynada yaşayan söydaşlarımızdan çoxlu sayda təşəkkür məktubları almışıq. Hətta Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) son toplantısında bizim izinə düşdüyümüz mövzu ilə bağlı qurum adından bəyanat da verilib. Həmin bəyanatdan sitat:

“…Toplantıda son dövrlər Azərbaycanın bir sıra sayt və portallarında Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev,qurumun digər region sədrləri və nüfuzlu şəxsləri haqqında aparılan şər və böhtan kampaniyası geniş müzakirə edilib. Bu çirkin və yaramaz kampaniyada əli olanların aşkarlanması və qanun qarşısında cəzalandırılması üçün Azərbaycan və Ukraynanın xüsusi təhlükəsizlik orqanlarına və bir sıra aidiyyəti qurumlarına müraciət qəbul olunub.Qərara alınıbki,sifarişli şər və böhtan kompaniyasına qoşulan sayt və portalların rəhbərləri mətbu orqanlarında rəsmi üzr istəməsələr onların Ukraynaya girişinə qadağan qoyulması haqqda Ukraynanın müvafiq orqanlarına müraciət olunacaq.

 

Parlamentin ilk iclasında, həmçinin, 2002-ci ildə Kiyev şəhər meriyası tərəfindən Ukrayna Azərbaycanlıları Konqresinə ayrılmış binanın 2005-ci ildə başqa bir firmanın adına keçirilərək satilması məsələsi geniş müzakirə obyekti olub. Konqresə ayrılmış Azərbaycan Mədəniyyət Mərkəzinin geri qaytarılması üçün müvafiq orqanlara yazılı müraciət hazırlanıb”.

Göründüyü kimi, bizim izinə düşərək araşdırdığımız mövzu Ukraynadakı soydaşlarımızı öz ətrafında birləşdirən ən böyük qurum olan BUAK-ın da diqqət mərkəzindədir. Ən maraqlısı isə budur ki, binanın satılmasında ən çox adı hallanan Oqtay Əfəndiyev adlı şəxs bütün yazılanlara susqun mövqe nümayiş etdirir. Bizim onunla əlaqə saxlayıb məsələyə münasibət öyrənmək cəhdlərimiz isə heç bir səmərə vermir. Ancaq bu heç də o demək deyil ki, Oqtay Əfəndiyev jurnalistlərdən daima məsafə saxlamağı xoşlayan adamdır. Ən azı Oqtay müəllimin Bakıdan Ukraynaya xüsusi “missiya” üçün ezam edilən jurnalistlərə bəslədiyi səmimi münasibət bunu deməyə əsas vermir. Ancaq əminik ki, əslən Qax rayonundan olan və hazırda Ukraynada böyük tikinti biznesilə məşğul olan Oqtay Əfəndiyev bu mövzuda mətbuatın suallarından yayınmağa çalışsa da, hansısa qurumlar qarşısında Kiyevin mərkəzindəki binanın acı taleyilə bağlı suallara cavab verməli olacaq.

Azinforum.az hazırda Ukraynada səfərdə olan Beynəlxalq Diaspor Mərkəzi sədrinin birinci müavini Samir Adıgözəlli ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirdi ki, Ukraynada keçirdiyi görüşlər zamanı Kivevin mərkəzində Azərbaycan diasporu üçün ayrılan binanın kimlərsə tərəfindən ələ keçirilərək satılması ilə bağlı mövzuya böyük önəm verildiyinin şahidi olub: “Sizə artıq dərəcədə təşəkkür edirəm ki, belə ciddi mövzu ilə bağlı həqiqətlərin açılmasına yardımçı olubsunuz. Mən Vətənə dönən kimi, bu barədə geniş açıqlamalar verəcəm. Həmin binanın həqiqi sahibi olan Azərbaycan diasporuna qaytarmaq üçün əlimizdən gələni edəcəyik. Hesab edirəm ki, milli təəssübkeşlik hissi olan hər bir şəxs bu məsələyə biganə qalmamalıdır”.

Rövşən ƏLİ

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir