Şənbə , 27 Aprel 2024
Drone Cameras

Mehman Əliyev: “Həbsim sifarişdir”

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin barəsində seçilən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb.

Boyukmillet.com Musavat.com-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən şikayət təmin edilməyib və M.Əliyev həbsdə qalıb.

Məhkəmədən sonra Mehman Əliyevin vəkili Fariz Namazlı jurnalistlərə açıqlama verib.

O deyib ki, müdafiə tərəfi olaraq Mehman Əliyevə verilmiş ittihamların saxta olduğunu sübuta yetirə biliblər.

“Sübut elədik ki, Mehman Əliyevə qarşı ittihamlarla əlaqədar heç əsaslı şübhələr də mövcud deyil, ittiham tərəfi məhkəməyə bununla bağlı sübutlar təqdim etməyib.

Digər tərəfdən, Mehman Əliyevə ittiham verilən cinayətlər iqtisadi xarakterlidir. Son dövrlərdə praktikada bu cür əməllərə görə həbs hallarına rast gəlməmişəm. Amma Mehman Əliyevə fərqli münasibət, bu cür ittihamlarla barəsində həbs-qətimkan tədbirinin seçilməsi göstərir ki, bu iş sifarişlidir. Yəni Mehman Əliyev sifariş əsasında həbs olunub”- deyə vəkil qeyd edib.

Vəkil bildirib ki, Mehman Əliyev də məhkəmədə çıxış edərək həbsinin sifarişli olduğunu söyləyib:

“Mehman Əliyev özü də bildirdi ki, həbsi qanunsuz, ittihamlar saxtadır.

Məhkəmə nəzarəti qaydasında şikayət verilmiş işlərdə apellyasiya məhkəməsinin qərarı son instansiyadır. Ölkə daxilində artıq həbs məsələsi ilə bağlı hüquqi müdafiə vasitəsi mövcud deyil. Mehman Əliyev haqqında həbs qərarından Avropa Məhkəməsinə şikayət edəcəyik”.

Vəkilin sözlərinə görə, Mehman Əliyevin həbsdə saxlanması üçün istintaqın arqumentlərindən biri budur ki, o, işçilərinə təsir göstərə bilər: “İstintaqın qənaəti belədir ki, Mehman Əliyev işçiləri arasında hörmətə, sevgiyə malikdir, bundan istifadə edib şahidlərə təsir göstərə bilər. İstintaq orqanı bu cür bəhanələr irəli sürdü. Əlbəttə ki, bu arqumentlərin heç bir hüquqi əsası yox idi. Mehman Əliyevin daimi yaşayış, iş yeri var. Dəfələrlə şahid qismində ifadə verib, istintaqın çağırışlarından heç vaxt yayınmayıb. Sonuncu dəfə də istintaqa çağrılıb və könüllü şəkildə gedib, daha sonra şübhəli, ardınca da təqsirləndirilən şəxs qismində cəlb olunub. Yəni Mehman Əliyevin istintaqdan yayınması üçün əsaslı ehtimallar mövcud deyil”.

Mehman Əliyev avqustun 25-də Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılıb.

Ona qarşı Cinayət Məcəlləsinin (CM) 213.1-ci (vergidən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittihamlar irəli sürülüb, barəsində cinayət işi başlanıb.

Avqustun 26-da isə M.Əliyevin barəsində CM-nin 192.2-ci (qanunsuz sahibkarlıq, eyni əməllər) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir