Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

“Mehmandarov Sultan bəyə deyib ki, xalq sənin qızıldan heykəlini qoyacaq…” – Gizli tarix

Boyukmillet.com Moderator.az saytinın hazırladığı gizli tarix yazısını təqdim edir.

Bu arada əməkdaşımız Sultan bəylə eyni nəslin ən yaşlı nümayəndələrindən biri ilə görüşüb. Bərdədə yaşayan, rayonda sayılıb-seçilən, nüfuzlu şəxslərdən biri olan Mütalib Muradov xalq qəhrəmanının həyatına aid bir sıra məqamlara da aydınlıq gətirib.

Bərdədə 75 yaşlı Mütalib Murad oğlu Muradovla söhbətləşirik. Sultan bəyin atası Paşa bəylə Mütalib bəyin babası Əmir bəy  qardaş olublar. Bir sözlə o, xalq qəhrəmanının əmisi nəvəsidir. 1920-ci illər də Sultan bəylə yanaşı, onun babasının da ailəsi  Laçından sürgün edilib. Mütalib bəy özü 1942-ci ildə Gəncədə anadan olub. Repressiyaya məruz qalmış yüksək şərafətli bəy nəslinin nümayəndəsi ömrünün ahıl çağında olmasına rəğmən qürurlu görkəmini itirməyib…
 
“Sultan bəyin övladları sovet reperssiyasından qorunmaq üçün analarının soyadını yazdırmağa məcbur olublar…”
 
Mütalib bəy yaddaşının dərinliyində gizlənmiş məqamları bir-bir açıqlayır:
 
“Laçının “Taxta zavodu” deyilən məntəqəsində Sultan bəyin evi kimi tanınan evi əslində bizim ümumi ulu babamız – Paşabəyin atası Xanmurad bəy tikdirib.  Iki mərtəbəli evin yarısı Paşabəyin olub, bir yarısı da Əmir bəyin. Bu nəslin əsl dədə-baba soyadını biz və  Sultan bəyin oğlu Ənvər bəy daşıyır. Onun soyadı da Muradov olub. Lakin qalanlar sovet rejiminin təqiblərindən qorunmaq üçün analarının soyadını yazdırmağa məcbur olublar. Məsələn, Sultan bəyin digər oğlu Yusifkamalın soyadı Həsənov olub…”
Xatırladaq ki, Sultan bəyin Ənvər bəy, Çingiz bəy, Yusifkamal bəy adlı oğulları və Bəyim xanım adlı qızı olub. Xanımı, üç oğulu və qızı  Sovet hökuməti tərəfindən Qazaxıstan çöllərinə sürgün edilmişdir. 1956-cı ilə qədər sürgündə qaldıqdan sonra yenidən Azərbaycana gəlmişlər. Bəyim xanımın oğlu  mərhum Elbrus Muradov uzun illər Bakı metropoliteninin baş mühəndisi kimi çalışmış, respublikanın əməkdar mühəndisi adına layiq görülmüşdür. 
 
“Koçköydən gəlmiş Yucel Laçının danışığı Sultan bəyin oğlununkuna çox bənzətdim…”
 
Mütalib bəydən xalq qəhrəmanının məzarının gerçəkdən Qars əyalətinin Koçköy kəndində olub-olmaması haqda bildiklərini soruşuruq.
 
“Bildiyimə görə, Sultan bəyin məzarı məhz  Qars vilayətinin Koçköy kəndindədir. Çünki hələ təxminən 10 il öncə Sultan bəyin nəvəsi rəhmətlik Elburus Muradov da  orada olub,  babasının nəslinin nümayəndələri ilə görüşüb, məzarı üstdə şəkil çəkdirib. Və ən əsası, Sultan bəyin Koçköydə olan  nəvəsi rəhmətlik Adil Laçının fotosunu görmüşəm; onunla Elbrus bəyə yan-yana baxanda deyərdin ki, qardaşdırlar. Həmin Adil bəyin oğlu Yucel Laçın hazırda atasının adını daşıyan şirkətin rəhbəridir.  
 
Sumqayıtın icra başçısı Zakir Fərəcovun qardaşı Məhəbbət Fərəcov və Laçından Abbas adlı bir oğlan da həmin Yucel Laçınla Türkiyədə görüşüblər. Onları yüksək səviyyədə qonaq edib.  Ordan mənə zəng etdilər; Yucelin özü ilə, anası ilə danışdım. Sonra Yucel bəy özü xanımı ilə Bərdəyə də gəldi, bir gecə mənim qonağım oldu. Laçının icra hakimiyyətində də görüş keçirdi. Yucelin danışığını eşidəndə elə bilirdim, Sultan bəyin oğlu Ənvər əmim danışır. 
 
Onu da deyim ki, Sultan bəyin Koçköydə iki arvadı olub. Digər arvadından da bir qızı olub. Onun Əli adında oğlu var. Hazırda  o da bizimlə əlaqə saxlayır. Xülasə, Sultan bəyin məzarının məhz Koçköydə olmasına mən o qədər də şübhə etmirəm… Ola bilər ki, kimlərsə Sultan bəy kimi qəhrəmanların məzarlarının ziyarət olunmaması və yaddaşlardan silinməsi üçün belə şayiələr yayır…”
 
Sultan bəyin nəvəsi: ”Koçköy ağsaqqalları babamı olduğu kimi təsvir etdilər…”
 
Bu arada Sultan bəyin mərhum nəvəsi Elburus Muradovun 2006-cı ildə məhz Koçköy kəndində babasının olduğu deyilən məzarı ilk dəfə tapıb ziyarət edərək qayıtdıqdan sonra  jurnalistlərə nəql etdiyi təəssüratlarını yada salırıq:
 
“Babamın qəbrini axtarmaq üçün uzun illər çalışdım. Dost və qardaş Türkiyəyə gedən hər tanışımdan soraqlamağı xahiş etdim. Gələnlərdən soruşdum. Gördüm, deyən olmadı. Nəhayət, internet araçılığı ilə axtarışlarımı davam etdirdim. Qars vilayətinin Koçköy kəndində hələ XIX yüz ildən laçınlıların məskunlaşdığını bildim. Adil Laçın adlı bir nəfərlə yazışıb telefon nömrəsini öyrəndim. Zəngləşib vədələşdik ki, mən Türkiyəyə gəlim. 15 may 2006-cı ildə Türkiyəyə uçdum. Adil bəy məni Esenboğa hava limanında qarşıladı. Səhər saat 6-da Qarsa tərəf yola çıxdıq. Maşınla bir neçə saat yol qət etdik. Yolboyu həyəcanlıydım. Görəsən, doğrudanmı babamın qəbri ordadır, yoxsa başqa variantlar kimi buda özünü doğrultmayacaq?! Çünki Sultan bəyin Ərzurumda, Konyada dəfn olunması haqda da versiyalar mövcud idi.
Nəhayət, Koçköy kəndinə yetişdik. Molla çağırıldı. Kənd əhalisinin seçmə ağsaqqalları ilə qəbiristanlığa getdik. Qəbiristanlıqda sadə bir qəbri göstərib “Sultan bəyin məzarıdır” söylədilər. Tutuldum. İnanmamağa əsasım yox idi. Amma qəlbimdə şübhələr vardı. Ağsaqqallar babamı olduğu kimi təsvir edib şübhəmi dağıtdılar.
Qəribədir ki, Koçköy kəndində yaşayan adamların çoxu bizim soyun insanlarına bənzəyirdilər. Mən hətta öz oxşarımı da orda tapdım…
Bakıya qayıdandan sonra məndə olan nəsil şəcərəmizi yoxlayaraq  Adil bəyin ulu babası ilə mənim ulu babam doğmaca qardaş olublar…”
Görünür, məsələni dəqiqliklə araşdırmaq üçün bir daha Türkiyəyə səfər etməyə və Sultan bəyin nəvə-nəticələrini tapmağa ehtiyac vardır.
 
“Ermənilər Sultan bəyi görəndə qaçmağa başlayıblar…”
 
Mütalib bəydən xalq qəhrəmanını canlı görmüş, onunla ünsiyyətdə olmuş, birlikdə ermənilərlə döyüşmüş şahidlərdən eşitdiklərindən bir daha danışmağı xahiş edirik.
 
“1960-cı illərdə  mən Laçında xalamın həyat yoldaşı Ağayar oğlu Məhəmmədlə və digərləri ilə söhbətləşmişdim. O vaxt Məhəmməd kişinin120 yaşı olduğunu söyləyirdilər. Sultan bəy haqqında gözü ilə gördüyü gerçək hadisələri danışırdı. Ana babam Xanlar danışırdı ki, Şuşanın Qaladərəsini erməni quldurlarından  azad edəndə Sultan bəyin yanında özümü göstərmək üçün səngərdən ayağa qalxıb atəş açmağa başladım. Bəy  dedi ki, Xanlar, otur aşağı, bədəncə çox irisən, ermənilər qaraltını görüb atacaqlar. Danışır ki, Sultan bəy bunu deyib vəznəli çuxasının ətəyini qatladı və cəld irəli sıçrayıb gözdən  itdi. Azsonra bir də gördük ki, bəy Qaladərəsinin ortasında çıxıb meydana. Ermənilər Sultan bəyi görəndə çoxu vahimələnib qaçmağa başladı və beləliklə, kənd azad edildi.
 
Milli Qəhrəman Oqtay Güləlıyevin babası danışırdı ki, Piçənis kəndinin yaxınlığında döyüşəndə ermənilər sayca çox idi, bizə güc gəldilər, geri çəkilməyə məcbur olduq. Bir də arxaya baxdıq ki, kimsə səngərdə təkcə qalıb ermənilərlə atışmaqda davam edir. Bunu görəndə yoldaşlarımızdan biri dedi ki,  gəlin geri qayıdaq, Sultan bəy belə geri çəkildiyimizi bilsə, bizi cəzalandıracaq. Geri dönəndə baxıblar ki, düşmənlə təkcə atışan Sultan bəy özüdür. Ayağından da yaralanıb, amma döyüşməkdə davam edir. Bunu görəndə bizimkilər ruhlanıb və yenidən hücuma keçərək erməniləri qovublar…”
 
“Qaregin Njdeni Sultan bəyin dəstəsindən bir şikəst kişi öldürüb…”
 
Həmsöhbətimiz Sultan bəy haqqında yazan bəzi yazıçı və jurnalistlərin həm yalanlara, həm də yersiz şişirtmələrə yol verdiklərini vurğulayaraq söhbətinə davam edir:
 
“Sultan bəy haqqında çox yalanlar da danışıblar. Sovet dövründə bəziləri Sultan bəyi  xalq düşməni kimi qələmə verməyə çalışırdılar. Son dövrlərdə isə onu kürd qəhrəmanı kimi təqdim etməyə cəhdlər var.  Bir para yazarlar isə yersiz şişirtmələrə yol verirlər.  Doğrudur, ermənilərlə vuruşmalarda, o cümlədən Androniklə döyüşdə Sultan bəy çox igidliklər göstərib. Ancaq bəzi məsələlərdə yanlışlıqlar var.  Biri yazır, guya Sultan bəy Şuşanın general-qubernatoru olan qardaşı Xosrov bəylə məsləhətləşərək ermənilərdən qızıl alıb, deyib, gəlin keçin, amma silah-sursatınızı arabalara yığıb üstünü örtün ki, camaat başa düşməsin. Sonra Sultan bəy Andronikin qoşununu mühasirəyə alıb qırıb. Qızıl almaq söhbəti ağ yalandır. Təkrar edirəm, ana babam Xanlar bəy, Çormanlı Xıdır, Ağayar oğlu Məhəmməd və başqaları o döyüşdə də iştirak edib və özləri mənə gerçəkləri danışıb. Əslində Androniki Naxçıvan tərəfdən Qarabəkir paşa qovub, o da gəlib çıxıb Laçının yaxınlığındakı Dığ kəndinə. Sonra da Zabux kəndində Həkəri çayı yanında Sultan bəyin və Xalq Cümhuriyyətini qoşunlarıyla qarşılaşıb. Və burada bizim güclər nalşəkilli mühasirə quraraq Andronikin qoşununu darmadağın ediblər.  Amma onu da deyirdilər ki, ermənilərin o biri “qəhrəmanı”  Qaregin Njdeni Sultanbəyin dəstəsində bir ayağı şikəst olan yaşlı bir kişi döyüş zamanı təsadüfən üzbəüz gələndə vurub öldürüb. 
 
Həmin  döyüşdə  Zabux dərəsində o qədər erməni qanı tökülüb ki,  çaydan o qədər qan axıb ki, o yerin adı “Qanlı dərə” qalıb. Hətta on illərlə kənd sakinləri orada bitən ağacların, tutun, gilasın və s. barından yeməyiblər ki, bunların kökü qan içib- haramdırlar.  Oradakı itlər də uzun müddət quduzlaşırmış…
 
Mütalib bəy Andronikin Sultan bəyin əlindən qaçmasının da kitab və məqalələrdə yanlış təsvir edildiyini bildirir:
 
“Səbahəddin Eloğlu yazırdı ki, guya Sultan bəy qəsdən ayağını aralayıb Andronik aradan keçib və  təhqir olunmuş formada aradan çıxıb. Əslində isə bic erməni, sadəcə, döyüşün sonuna yaxın görüb ki, artıq məğlub olur, bir neçə adamı ilə Həkəri çayı  boyu baş götürüb qaçıb, yoxsa Sultan bəy onu sağ buraxmazdı.
 
“Abdallar poçtunda generallar S.Mehmandarov və Ə.Şıxlinski Sultan bəylə görüşüblər…” 
 
Şahidlər onu da danışırdı ki, ermənilər üzərində qələbədən sonra generallar Əliağa Şıxlinski, Səmədağa Mehmandarov və başqaları indiki Laçında, o vaxt “Abdallar poçtu” deyilən yerdə Sultan bəylə görüşüblər. Mehmandarov əlini qoyub Sultan bəyin çiyninə deyib ki, bu gün uğrunda öz qanının tökdüyün bu millət gələcəkdə sənin bu uca təpənin başında qızıldan heykəlini qoyacaq. Təəssüf ki, sovet hakimiyyəti Sultan bəyi də, Xosrov bəyi də, digər qardaşlarını da Vətəndən didərgin saldı. Və Laçının həmin yüksək yerində II Dünya savaşında həlak olanlara abidə qoyuldu. İndi isə o yerləri işğal etmiş ermənilər artıq 25-ci ildir ki, o tikilini “Qarabağ uğrunda” gəbərmiş “qəhrəmanlar”ına abidəyə çeviriblər…”
 
(Davamı var…)
 
Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalq qəhrəmanına Bakıda hansı vəzifəyə dəvət olunmuşdu? Mircəfər Bağırov 1920-ci illərdə İranda yaşayan Sultan bəyə kimin vasitəsilə məktub göndərib Vətənə qayıtmağı təklif etmişdi?  Laçının vəzifəli şəxslərindən biri  “Şamo” romanında Sultan bəyin mənfi obrazını yaratmış xalq yazıçısı Süleyman Rəhimova nələr söyləyib?Rəhmətlik xalq şairi Məmməd Aslan Sultan bəy nəsli ilə necə qohumlaşdı? Hazırda Bakıda və digər bölgələrdə Sultan bəy nəslindən kimlər yaşayır?

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir