Çərşənbə axşamı , 7 Fevral 2023

Prosineçki Norveçdən Bakıya nə gətirəcək?

Bakıda moddur, müxtəlif şirkətlərdə işləyən dost-tanış həftədə bir dəfə toplaşıb bir komandada oynayırlar, amma milli komanda belə olmamalıdır…

Başımız “Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarına elə qarışdı ki, millinin dünya çempionatının seçmə mərhələsinin yaxınlaşmaqda olan oyunları yaddan çıxdı. Əslində belə olması həm təbii, həm də başadüşüləndir. “Qarabağ” klub komandamız olsa da, ölkəyə ümummilli sevinc yaşatdı. Milli komandamızın hələ bu səviyyədə bizi məsud etməsinə zaman var.

Nə bilmək olar, vaxtilə Çempionlar Liqası da bizim üçün əlçatmaz bir istək idi. Ümid edək ki, tezliklə Azərbaycan millisi də dünya və Avropa çempionatlarında ölkəmizi təmsil edəcək. Millinin “Niyə də yox” devizi bu mənada uğurlu tapıntındır. Vaxtilə tabloda komandamızın adı qarşısında həmişə “0″ rəqəmi olardı, indi isə hətta son dünya çempionu Almaniyanın da qapısına yol tapa bilirik.

“Robert Prosineçki Azərbaycanda işləmiş ən uğurlu baş məşqçidir, yoxsa yox” bunu dəqiq analiz etmək üçün qrupumuzdakı indiki duruma baxmaq kifayət etmir. Milli komanda məlum, lazım olanda bir yerə toplaşır, oynayır və dağılışır. İndi Bakıda moddur, müxtəlif idarə və müəssisələrdə işləyən dost-tanış həftədə bir dəfə ayrı-ayrı yerlərdən gəlib bir komandada oynayırlar. Amma milli komanda belə olmamalıdır. Komandada sistem qurulmalıdır ki, oyunçular klublarından gəlib 3-4 gün bu sistemi yenidən təkrarlayıb meydana çıxsınlar. Azərbaycan millisində də yəqin belə bir sistem var. Mütəxəssislər deyirlər ki, məsələn, komandada müdafiəmiz güclənib. Amma unutmayaq ki, komandamız keçirdiyi son üç oyunda məğlub olaraq qapısından 9 top buraxıb. Hücum necə? Üç oyunda cəmi bir qol… Nə deyək, olanımız budur, Prosineçki gedəcək, bir başqası gələcək, nə dəyişəcək? İndi ad-sanlı baş məşqçi tapmaq çətin deyil, “Zenit” Mançinini kluba gətirdi. Amma milli komanda bir az fərqli məsələdir…

Tanınmış məşqçi Avram Qrantın Bakıya səfəri bu baxımdan maraqlı xəbərdir. Əvvəllər İsrail yığması, həmçinin “Makkabi”, “Hapoel”, “Portsmut”, “Vest Hem” və “Partizan” klublarını da çalışdırmış Avram Qrantın Bakıya niyə gəldiyi barədə dəqiq bilgi yoxdur. Amma son olaraq Qana millisini çalışdırmış Avram Qrant Prosineçkini nədən əvəz etməsin? Prosineçkinin tez-tez hansısa klublara dəvət edildiyi xəbərləri yayılır. Xeyirlisi…

Robert Prosineçki qızının qidadan zəhərlənməsi səbəbindən avqustun 22-də Bakıya qayıdıb. Oyundan 8 gün öncə… Prosineçki haqda şəxsən mən nə yaxşı, nə pis deyə bilərəm. Ortabab komanda terminindən zəhləm gedir, amma indi məhz Azərbaycan millisi elə ortabab səviyyədə oynayır demək mümkündür. Milli komandamız 7 xalla sentyabrın 1-dəki rəqibimiz Norveçdən 3 xal, San-Marinodan isə 7 xal öndədir. Şimali İrlandiya ilə Bakıda oyunda son dəqiqə məğlub olmasaydıq, indi turnir cədvəlində daha öndə ola bilərdik.

Tətildən qayıdan baş məşqçimiz yerli mediaya açıqlama verib. O, Norveçlə oyuna hazırlığın necə keçəcəyi barədə suala “ümidvaram ki, oyunçular sağlam qalacaqlar və zədələnən olmayacaq” deyə cavab verib.

“Millidə ən zəif nöqtə qapı xətti sayıla bilərmi? Kamran Ağayev oyun praktikasından əziyyət çəkir, Səlahət Ağayev səhvlər buraxır” barədə suala baş məşqçi belə cavab verib: “Təkcə hazırkı matçdan əvvəl yox, son 6 ayda Kamranda oyun təcrübəsi az idi. Ağayev əksər matçlarda meydana çıxmırdı. Bununla belə, hazırda ondan yaxşı qapıçı yoxdu ki, milliyə çağırım”. Baş məşqçi millinin oyunçuları Ramil Şeydayev Slovakiya “Jilina”sına, Emin Mahmudov isə Portuqaliya “Boavişta”sından ayrılmasına “təəssüf ki, bu suala cavab verə bilmirəm. Problemin nədə olduğunu deməkdə çətinlik çəkirəm” deyə cavab verib.

“Norveçlə ev oyununda Azərbaycan yığması qalib gəlsə də, çətinliklə üzləşdi. Səfər matçında milli komanda xal qazanmaq iqtidarındadımı və nəyə ümid edə bilər” sualına da Prosineçkinin cavabı maraqlıdır: “Mən də sizə sual verim: Şimali İrlandiya ilə Bakıdakı oyundan əvvəl 3 xal qazana biləcəyimizə ümid var idi? Uduzsaq da, britaniyalılara qarşı göstərdiyimiz oyun məndə ümid yaratdı ki, xalla qayıda bilərik”.

Norveçlə səfər oyununda meydan sahibləri üçün prinsipial əhəmiyyəti yoxdur. Təsadüfi deyil ki, Azərbaycanla oyununa maraq da aşağı səviyyədədir.

“Report” xəbər verir ki, bu barədə yerli mətbuata Norveç Futbol Federasiyasının bilet satışı üzrə meneceri Merete Prestkvern bildirib. Onun sözlərinə görə, rəqəmlər göstərir ki, milli komandaya ictimai maraq azalıb: “Bu da Norveç yığmasının dünya çempionatına vəsiqə şansını böyük ölçüdə itirməsindən irəli gəlir”.

“Məşqlərdə çatışmayan cəhətləri aradan qaldırmağa çalışırıq. Müdafiə olunmaq mənasında, bəzi dəyişikliklər edirik. Meydanda daha aqressiv oyun sərgiləməliyik”. Bu sözləri Norveç yığmasının baş məşqçisi Lars Laqerbek deyib (apasport). Yerli mətbuata açıqlama verən Laqerbek komandasının hazırkı durumunu dəyərləndirib: “Rəqibin indiki milli haqda az məlumat bilməsi bizim üçün üstünlük olar. Amma indiki dövrdə hamının təhlil proqramı var. Odur ki, rəqibin oyunu sizi nadir hallarda təəccübləndirə bilər. Çünki neçə çıxış edəcəklərini apardığınız təhlillər əsasında bilirsiz”.

69 yaşlı çalışdırıcı Azərbaycan yığmasının oyununda da dəyişikliklərin olduğunu qeyd edib: “Əvvəl daha çox müdafiə olunmağa diqqət ayırırdılar. İndi isə daha güclüdülər. Rəqibin yarımmüdafiə xəttində braziliyalı futbolçu çıxış edir. Gözlədiyimdən daha yaxşı oynayacaqlarını düşünmürəm. Amma istənilən halda, futbolçularımı bütün vəziyyətlərə hazırlayacam. Meydana 3 xal üçün çıxacağıq. Komandanı qələbələr formalaşdırır. Nə qədər çox qalib gəlsəniz, mental olaraq, bir o qədər güclü kollektivə çevrilərsiz”.

Norveç – Azərbaycan qarşılaşmanın baş hakimi Daniel Stefanski olacaq.

Sentyabrın 1-də Oslodakı “Ullevaal” stadionunda keçiriləcək Norveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Check Also

Kamran Əliyev Münhenin Baş prokuroruna terrorçuluğa qarşı mübarizə fəaliyyəti barədə məlumat verib

Baş prokuror Kamran Əliyev Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald Röttlenə terrorçuluğa qarşı mübarizədə fəaliyyəti …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir