AZƏRBAYCAN QAÇQINLAR CƏMİYYƏTİNİN BƏYANATINDA DEYILIR
Ermənistan hərbi birləşmələri 2017-ci il iyulun 4-də axşam saatlarında növbəti dəfə atəşkəs rejimini pozaraq, dinc azərbaycanlı əhalinin yaşadığı kəndləri iriçaplı silahlardan atəşə tutmuşdur. Nəticədə Füzuli rayonunun Alxanlı kənd sakinləri 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və 50 yaşlı Allahverdiyeva Sahibə İdris qızı qətlə yetirilmiş, Quliyeva Sərvinaz İltifat qızı ağır yaralanaraq xəstəxanaya yerləşdirilmişdir.
Bu, iki yüz ildən bəri erməni şovinistlərinin Azərbaycan xalqına qarşı yeritdiyi soyqırımı siyasətinin davamı və erməni faşizminin terrorçu mahiyyətinin daha bir sübutudur. Acınacaqlısı odur ki, Azərbaycan torpaqları, Azərbaycan vətəndaşları Azərbaycanın işğal altında olan öz ərazilərindən atəşə tutulur və hələ də beynəlxalq aləmdə bizi dözümlü olmağa çağıranlar tapılır. Bu ermənipərəst qüvvələr bilməlidir ki, evə soxulan köpəyi ya öldürərlər, ya da küçəyə qovarlar.
1988-1991-ci illərdə indiki Ermənistan ərazisindəki tarixi vətənlərindən qovulmuş 250 min azərbaycanlı qaçqını, onların 200 min nəfərdən çox övladlarını təmsil edən bir təşkilat olaraq bildiririk ki, Ermənistan dövlətinin Azərbaycana və Azərbaycan xalqına qarşı yeritdiyi 200 ildən çox davam edən düşmənçilik və işğalçılıq siyasətinin tərkib hissəsi kimi, son Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 30 ilə yaxın uzadılmasında da birbaşa günahkar BMT, ATƏT, onun Minsk Qrupu və hələ də Ermənistanı işğalçı dövlət kimi tanımayan, Ermənistana qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etməyən, hətta onunla əməkdaşlıq edən beynəlxalq güclər, dünya dövlətləridir. Bu gün 2 yaşlı Zəhranın axıdılan qanında həmin dövlətlərin hərəsinin azı bir damla payı var və həmin dövlətlər bu cinayətə görə tarix qarşısında mənəvi məsuliyyət daşıyırlar.
1988-ci ilin mayında Qərbi Azərbaycanda Şirazlı hadisələri zamanı iki aylıq azərbaycanlı körpənin qətlinə dünya susdu, Xocalı hadisələri zamanı uşaqların, qadınların, qocaların qəddarcasına qətlinə dünya susdu, indi də iki yaşlı balaca Zəhra qətlə yetirildi və dünya yenə susur. Əcəba, dünya nə qədər susacaq? Bəs Azərbaycan öz torpaqlarını azad etməyə qalxanda dünya niyə susmur, niyə ağız-ağıza verib bizi sülhə (əslində, təslimçiliyə) çağırırlar?
Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, balaca Zəhralarımızın, analarımızın, bacılarımızın gələcəkdə də qandan doymayan erməni cəlladları tərəfindən qətlə yetirilməməsi üçün Azərbaycan hakimiyyətini qəti addımlar atmağa, yalançı danışıq missiyalarını dayandırmağa, işğal altında olan sonuncu qarış torpaqlarımız azad edilənədək düşməni daim atəş altında saxlamağa çağırırıq.
Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri: Əziz Ələkbərli