Cümə , 26 Aprel 2024
Drone Cameras

Qala divarlarına aid tikintinin aparılması barədə yayılmış məlumat və fotoşəkillərə aydınlıq gətirilib

Son iki gün ərzində bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Qala divarlarına aid tikintinin aparılması barədə yayılmış məlumat və fotoşəkillərə aydınlıq gətirmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” DTMQ İdarəsi məlumat yayıb.

Bu barədə AZƏRTAC-a idarənin mətbuat xidmətindən məlumat verilib. İdarə ictimaiyyətin nəzərinə çatdırır ki, dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması, bu məqsədlə onlarda vaxtaşırı bərpa və konservasiya işlərinin aparılması İdarənin əsas prioritetlərindəndir. Son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri bunun bariz nümunəsidir.

İdarənin hər il yenilənən bərpa və konservasiya proqramına əsasən qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirir.

Məlumatda deyilir: “Cari ildə də İçərişəhər ərazisində olan digər abidələrdə bərpa və konservasiya işlərinin həyata keçirilməsi davam etdirilir. Hazırda İçərişəhərin ölkə əhəmiyyətli abidəsi olan Qoşa qala qapısının portalı üzərində, eləcə də Qala divarlarının sağ və sol istiqamətlərində bərpa-gücləndirmə işləri aparılmaqdadır. Bununla yanaşı, sözügedən ərazidə və Qala divarlarına heç bir zərər yetirmədən Qoruq ərazisində yerləşən abidələr, muzeylər və digər obyektlər barədə çoxsaylı turistlərə daha keyfiyyətli və geniş çeşiddə xidmətlərin göstərilməsi (muzey biletlərinin, xəritələrin, turların, suvenirlərin, çap məhsullarının və s. satışı) və qonaqlara məlumatların verilməsi məqsədilə geniş Turist Məlumat Mərkəzinin yaradılması nəzərdə tutulub. Bu cür məlumat məntəqələrinin quraşdırılması müasir beynəlxalq təcrübəyə əsaslanır. Həmçinin bu məlumat məntəqələri irimiqyaslı tədbirlərin təşkili sahəsində zəngin təcrübə toplamış ölkəmizin bu il ev sahibliyi edəcəyi iki böyük idman yarışı – 12-22 may tarixlərində keçiriləcək “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları və “Formula-1”in növbəti mərhələsi – Azərbaycan Qran-Prisi yarışları zamanı minlərlə iştirakçı, idman mütəxəssisi, qonaqlarla yanaşı, oyunları izləmək, həm də istirahət etmək üçün ölkəmizə gələcək yüz minlərlə turistin vaxtlarını səmərəli keçirməsi və Azərbaycanın, o cümlədən İçərişəhərin gözəlliyini bütün dünyaya nümayiş etdirmək baxımından çox önəmlidir”.

Ölkə rəhbərliyinin daimi diqqət və qayğısı nəticəsində İdarə hər zaman olduğu kimi, tarix və mədəniyyətimizin zərif incisi olan İçərişəhərin qorunması, dünyada təbliği və inkişaf etdirilməsi üçün addımlar atmaqdadır.

İdarə əhali və KİV-lər tərəfindən hər zaman İçərişəhərə və burada həyata keçirilən layihə və işlərə olan böyük maraq və diqqətə görə təşəkkürünü bildirərək, öz növbəsində, bir daha KİV nümayəndələrindən yoxlanılmamış, qeyri-peşəkarlar tərəfindən şəxsi məqsədlərlə yayımlanan və həqiqətə uyğun olmayan məlumatların paylaşmamasını xahiş edir.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir