Bazar ertəsi , 14 Oktyabr 2024
Drone Cameras

Qarabağlı generallar Paşinyanı devirmək planını işə saldılar

img

Erməni KIV-yazır ki, tanınmamış “DQR” generalitetinin nümayəndələri və Ermənistan oliqarxları Ermənistanın Baş naziri Nikol Paşinyanın vəzifəsindən devrilməsi məqsədilə sui-qəsd məsələsini müzakirə edirlər.

Qeyd olunur ki, sui-qəsd müzakirəsi “Oqanovski” kimi tanınan “DQR” müdafiə nazirinin keçmiş müavini Samvel Karapetyan tərəfindən “Ermənistanın məşhur oliqarxlarından birinin malikanəsində” təşkil edilib.

KİV-in yazdığına görə, əvvəllər Respublika Partiyasından Ermənistan Milli Məclisinin deputatı olmuş biznesmen Samvel Aleksanyan da yığıncaq iştirakçıları arasında olub. Bildirilir ki, görüş iştirakçıları “Nikol Paşinyan hökumətini devirmək üçün hər şeyi etməyə söz veriblər”.

Materialın dərc olunduğu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, respublika hakimiyyətində mümkün sui-qəsd haqqında “narahatlıqlar var”. Bununla belə, o, əlavə edib ki, “bu haqda çox açıq danışmaq olmaz”.

Jurnalistlərin “sui-qəsdlə məşğul olanlar xarici, yoxsa daxili qüvvələrdir” sualına cavabında Qriqoryan bildirib ki, “onlar müəyyən dərəcədə bir-birilə bağlıdırlar”.

Daha əvvəl, 20 mayda isə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, onun siyasi opponentləri Qarabağda Ermənistanla “DQR” arasında qarşıdurma yaratmaq üçün ona qarşı “yalan təbliğat” aparacaqlar. O bunu məhz kimlərin edəcəyini dəqiqləşdirməmişdi, lakin bəyan etmişdi ki, “Dağlıq Qarabağın təhlükəsizliyinin təminatçısı və Ermənistan Silahlı Qüvvələrinin ali baş komandanı olaraq bu sui-qəsd niyyətlərinin qarşısını almaq üçün ən sərt tədbirlər görəcək”.

Bu iddiaları Ermənistan KİV-i yayır və rəsmi şəxslər də bunu təsdiq edirlər ki, Paşinyana qarşı çevriliş hazırlanır. Ermənistanda hərbi çevriliş mümkündürmü, yoxsa bu, Paşinyanın ictimai rəyi aldadtmaq cəhdidir?

Ermənistan daxilində son yaşananların bu xüsusda nə ilə bitəcəyi ilə bağlı Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun proqnozu da maraqlıdır. Sabiq nazir öz səhifəsində bunları yazıb: “Sözsüz ki, gec və ya tez Paşinyan devriləcək. Çünki Ermənistanın siyasi ənənəsi göstərir ki, onlarda normal siyasi proseslər mümkün deyil. Ya orada kimisə güllələyir, ya devirir, ya da döyürlər. İndiki mərhələdə konkret qarşıdurma kəskinləşir və bunun çıxış yollarını tapmaq üçün onlar hərbi “kart”a əl ata bilərlər. Ermənistan tərəfindən hərbi provokasiya real görünür. Biz buna hazır olmalıyıq”.

Politoloq Qabil Hüseynli də hesab edir ki, Ermənistandakı proseslər hər an məcradan çıxa bilər: “Paşinyana qarşı təkcə qarabağlı generallar deyil, hətta oradan çıxan oliqarxlar da birləşiblər. Onlar söz veriblər ki, sona qədər Paşinyanla mübarizə aparacaqlar. Onların sırasına başqa regiondan olan şəxslərin də qoşulduğu deyilir. Hərbi çevriliş planlaşdırılsa da, onun asanlıqla baş tutması mümkün deyil. Bunun üçün mühit tam yetişməlidir. Hələlik Paşinyanın tərəfdarları gözə dəyir. Belə bir addımın atılması ciddi qarşıdurmaya səbəb ola bilər. Deyilən addım mütləq mənada müəyyən mərkəzlərlə razılaşdırılmalıdır. Paşinyan ətrafında olan bir neçə min adamla hakimiyyətə gəldi. Onda Sarkisyan hansısa addımları atmaq istəyirdi, ancaq kimlərsə onu bu yoldan çəkindirdi. Dedilər ki, istefa verməyin zamanıdır. Həmin qüvvələr bilirdilər ki, Paşinyanın siyasi təcrübəsi yoxdur, tez bir zamanda nüfuzdan düşəcək. Belə də oldu. Hazırda Paşinyanın hörməti çox aşağıdır və get-gedə də azalır. Bu gün Ermənistanda hakimiyyətin taleyini yalnız daxili faktorlar həll etmir. Burada təsir gücündə olan ölkələrin də rolu böyükdür. Rusiyanın, erməni diasporunun güclü olduğu Fransa və ABŞ-ın da təsirlərini inkar etmək olmaz. İlk skripka rolunu isə Rusiya oynayır. Onun Dağlıq Qarabağda hərbi xidmətdə olan oğlunu da tələsik Ermənistana köçürməsi artıq ölkədə vəziyyətin gərgin olduğundan xəbər verir. Bu göstərir ki, klanlar arasındakı münasibətlərdəki gərginlik pik həddə çatıb. Hadisələrin gedişi daha çox vətəndaş müharibəsinə apara bilər. Hərbi çevrilişdən çox, mən bunu gözləyirəm”.

Məhəmmədəli QƏRİBLİ

 

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir