Cümə , 29 Mart 2024
Drone Cameras

İri məmurlar vəzifədən getdikdən sonra da “AA” seriyalı avtomobillərdə gəzir…

img

Məlumdur ki, Azərbaycanda cüt, seçilən avtomobil və telefon nömrələri ilə öyünən adamlar az deyil. Bəlkə də yeganə ölkəyik ki, bizdə həmin detallara fantastik məbləğdə pullar xərclənir.  Araşdırmalar göstərir ki, dünyanın heç bir başqa ölkəsində bu cür “seçilməyə” yüksək diqqət ayrılmır.

Öyünülən avtomobil seriyalarından biri də “AA”dır. Bəllidir ki, bu avtomobil seriyasını görəndə insanlarda dövlət qurumuna məxsus olan avtomobil təəssüratı yaranır. Ancaq bizim bəzi müşahidələrimiz göstərir ki, bu heç də belə deyil. Məsələn, bu günlərdə bir neçə sabiq nazirin yas yerinə gəldiklərini əks etdirən fotolar yayıldı. Oradan da görünürdü ki, həmin sabiqlərin, demək olar ki, hamısı “AA” seriyalı avtomobillə məclisə təşrif buyurublar. Hətta biz belə hallara da rast gəlirik ki, hansısa dövlət vəzifəsini daşıyan şəxs işdən azad ediləndən sonra belə əvvəl gəzdiyi avtomobilin nömrəsini özündə saxlayır. “AA” seriyasına olan maraq hardan qaynaqlanır və dövlət vəzifəsində çalışmayan şəxslərin belə avtomobildə gəzməsi doğrudurmu?

  • Ərşad Hüseynov: “Adam var ki, yalnız “AA” nömrəsi əldə etmək üçün gedib özünə bir hüquqi şəxs yaradıb”

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  əslində, bu o qədər də ciddi əhəmiyyət daşıyan məsələ deyil: “Bunu bir qədər ciddiyə çevirən Azərbaycan cəmiyyətində olan anormal yanaşmadır. Yalnız bizdə belə yanaşma var ki, avtomobilin nömrəsi  guya adam üçün xüsusi status verir. Dünyanın başqa ölkələrində bu faktora heç kim ciddi önəm vermir. Əksinə, həmin ölkələrdəki imkanlı və tanınmış adamlar seçilməkdən qaçırlar. Məsələnin bir hüquqi tərəfi də var. Bizim ölkənin qanunvericiliyində göstərilmir ki, “AA” seriyalarından yalnız dövlət qurumları istifadə edə bilər. Sadəcə, bu nömrələrin kimə və hansı şəkildə verilməsi əlaqədar qurumların özlərinin müəyyən etdiyi prinsip əsasında aparılır. Qanunda hansısa ucqar kənddən olan bir çobanın gəlib “AA” seriyası ala bilməsini qadağan edən hər hansı bir məhdudiyyət yoxdur. Ancaq biz təcrübədə görürük ki, həmin nömrələri daha çox dövlət qurumları və hüquqi şəxslərə verirlər. Siz dediyiniz sabiqlər həmin seriyanı yaratdıqları hüquqi şəxslərə görə əldə edə bilirlər. Yəni özlərinə məxsus olan şirkətin adına belə bir seriyanı əldə edə bilirlər. Adam var ki, yalnız “AA” nömrəsi əldə etmək üçün gedib özünə bir hüquqi şəxs yaradıb. Araşdırsanız görərsiniz ki, həmin hüquqi şəxs heç bir fəaliyyətlə məşğul deyil. İnanmırsınız, həmin nömrələrin hansı şirkətə məxsus olmasına dair bir araşdırma aparın. Görəcəksiniz ki, yalnız bir şirkətin adı var, bir də “AA” seriya. Başqa hər hansı bir fəaliyyət ortada yoxdur”.

  • Vaqif Əsədov: “Ola bilsin ki, həmin sabiq məmurun özünə və ya ailəsinə aid bir firması var, həmin avtomobil seriyasını da hüquqi şəxsin adına rəsmiləşdirib”

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, Qeydiyyat İmtaham Şöbəsinə aid olan məsələdir: “Mən bildiyimə görə, “AA” seriyalı avtomobillər yalnız hüquqi şəxslərə məxsusdur. Mən belə bir şey görməmişəm ki, kimsə vəzifədən çıxanda nömrəni də özü ilə aparsın. Ola bilsin ki, həmin sabiq məmurun özünə və ya ailəsinə aid bir firması var, həmin avtomobil seriyasını da hüquqi şəxsin adına rəsmiləşdirib. Bu yalnız belə ola bilər”.

Məhəmmədəli QƏRİBLİ

 

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir