Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

“Rəsul Quliyev Mütəllibovun devrilməsi üçün çoxlu pul xərcləyib” – Araz Əlizadə

“Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək istəyən şəxslər boş-boş danışmaqdansa, ölkə Konstitusiyasını və Seçki Məcəlləsini oxusunlar”.

Boyukmillet.com-ın məlumatına görə, bunu AzVision.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə deyib.

Partiya sədri bildirib ki, xarici ölkədə yaşıyıb, Azərbaycanda prezidentliyə namizəd olmaq istəyənlərə heç kim dəstək verməyəcək: “Rəsul Quliyev heç vaxt siyasətçi olmayıb. Bu şəxs Sovet dövründə oğru təsərrüfatçı olub. Sonra spiker, baş nazirin müavini olub. “Demokratiyaya gedən yolda” adlı kitabında yazır ki, Ayaz Mütəllibov və Əbülfəz Elçibəyin devrilməsi üçün çoxlu pul xərcləyib. Sonra da qaçıb gedib. Bu adam siyasətçi deyil, heç vaxt da olmayıb. Əvvəlcə Azərbaycan Milli İstiqlal Partiyasını parçalayıb, Demokratik İslahatlar Partiyası düzəltdi. Sonra o da dağıldı, Azərbaycan Demokrat Partiyasına üz tutdu. Ardınca Sorosdan ad oğurladı və Açıq Cəmiyyət Partiyası düzəltdi. İndi bu adama siyasətçi demək olarmı? Əsla”. 

A.Əlizadə vurğulayıb ki, Rəsul Quliyev kimi adamların fikirlərinə ciddi yanaşmaq olmaz: “Hesab edirəm ki, jurnalistlər onun haqda informasiya yaymasalar, Rəsul Quliyev adlı birinin olduğu çoxdan unudulmuşdu. O, qeyri-ciddi adamdır. 

Ötən prezident seçkilərində rejissor Rüstəm İbrahimbəyov seçkidə iştirak edəcəyini deyəndə bildirdim ki, o, səhv edir, seçkidə iştirak edə bilməz. Çünki, Rusiya vətəndaşıdır. O zaman hamı deyirdi ki, Araz Əlizadənin heç nədən başı çıxmır. Sonra özü də dedi ki, ikili vətəndaşlığım var. Nəticədə Rüstəm İbrahimbəyov seçkidə iştirak etmədi. İndi də həmin söhbətdir. Qeyri-ciddi şəxs kimi qəbul olunan Rəsul Quliyev seçkidə iştirak edə bilməz”. 

A.Əlizadə özünün növbəti prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı məsələyə də aydınlıq gətirib: “Bizdə seçkidə iştirakı partiya müəyyən edir. 2010-cu ildə keçirdiyimiz qurultay qərar verdi ki, partiya ölkədə keçirilən bütün seçkilərdə iştirak edəcək. Ancaq necə və hansı namizədlə iştirak edəcəyini plenum müəyyən edir”. 

Boyukmillet.com

 

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir