Çərşənbə axşamı , 2 İyun 2026
Drone Cameras

Tramp Azərbaycana yeni səfir namizədi irəli sürüb

ABŞ Prezidenti Donald Trump Azərbaycana yeni səfir təyin etmək üçün namizədini Senata təqdim edib.

Ağ Evin iyunun 1-də yaydığı siyahıya əsasən, Virciniya ştatından olan Aleksandr Alden ABŞ-nin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsinə namizəd göstərilib. Namizədliyin qüvvəyə minməsi üçün onun ABŞ Senatı tərəfindən təsdiqlənməsi tələb olunur.

Alden ABŞ xarici siyasət və təhlükəsizlik strukturlarında müxtəlif yüksək vəzifələrdə çalışıb. O, Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosunda dövlət katibinin müavini olub, bu vəzifədə ABŞ–Avropa İttifaqı münasibətlərinin gücləndirilməsi və Çinin regiondakı təsirinin məhdudlaşdırılması istiqamətində fəaliyyət göstərib. Daha əvvəl isə Milli Təhlükəsizlik Şurasında müdafiə siyasəti, strategiya və yeni texnologiyalar üzrə rəhbər vəzifələr tutub, həmçinin Pentaqonda çalışıb.

Hazırda Alden Atlantik Şuranın analitik mərkəzinin Brent Skoukroft adına Strateji və Təhlükəsizlik Mərkəzində fəaliyyət göstərən Geostrateji Təşəbbüslər (GeoStrategy Initiative) proqramının qeyri-rezident baş elmi işçisidir.

O, həmçinin ABŞ-nin məlumat analitikası və proqram təminatı şirkəti Palantir Technologies-də baş müşavir (senior counselor) vəzifəsində çalışır. Şirkətdə onun əsas işi müttəfiq ölkələrin hökumətləri və özəl sektor müştəriləri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətinə cavabdeh olmaqdır.

Palantir təhlükəsizlik qurumları və dövlət orqanları üçün böyük həcmli məlumatların təhlili üzrə proqram təminatı hazırlayan şirkət kimi tanınır. Şirkət ABŞ və digər ölkələrin dövlət qurumları ilə əməkdaşlıq edir. Onun fəaliyyəti zaman-zaman məxfilik, müşahidə texnologiyaları və vətəndaş hüquqları ilə bağlı müzakirələrə səbəb olub.

O, həmçinin əvvəllər ABŞ Dövlət Departamentinin Münaqişələrin Qarşısının Alınması və Sabitləşdirmə Əməliyyatları Bürosuna rəhbərlik edib.

Alden siyasi elmlər üzrə magistr dərəcəsini John Hopkins Universitetində alıb. O, italyan, serb, xorvat və bosniya dillərini bilir.

ABŞ-nin Azərbaycandakı əvvəlki səfiri Mark Libby 2024-cü ilin dekabrında səhhəti ilə əlaqədar vəzifəsindən ayrılmışdı. O vaxtdan bəri ABŞ-nin Bakıdakı diplomatik missiyasına müvəqqəti işlər vəkili Emi Karlon rəhbərlik edir.

Check Also

Türkiyə-Ermənistan yaxınlaşması regionu dəyişəcək

“Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması regionda qüvvələr balansına ciddi təsir göstərə bilər”.Boyukmillet.com xəbər verir …