Çərşənbə , 26 Yanvar 2022
Home » Dünya » UNICEF: Uğur uşaq hüquqlarını qorumaqdan keçir

UNICEF: Uğur uşaq hüquqlarını qorumaqdan keçir

Ümumdünya Uşaqlar Günü: uğur uşaq hüquqlarını qorumaqdan keçir.

“Bu gün, Ümumdünya Uşaqlar Günündə Azərbaycan öz tarixinə yeni və möhtəşəm səhifələr yazmağa davam edir və bu tarixə bütün uşaqların cəlb edilməsi üçün bundan yaxşı məqam ola bilməz”.

UNICEF-in Bakı ofisinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, bunu UNICEF-in Azərbaycandakı nümayəndəsi Edward Carwardine deyib: “Uşaqların potensialını inkişaf etdirmək və onlara öz ailələrinin, cəmiyyət və xalqlarının gələcəyinə davamlı şəkildə töhfə vermək imkanı yaradacaq bacarıq və imkanlar bəxş etmək öhdəliyi götürməklə hər bir uşağın hüquqlarının həyata keçirilməsi bütün ölkələrin dayanıqlı artım və inkişafı üçün olduqca vacib əhəmiyyət kəsb edir”.

BMT-nin Baş Assambleyası tərəfindən Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edildiyi vaxtdan etibarən 27 ildir ki, 20 noyabr qeyd edilir. Azərbaycan UHK-ni 1992-ci ildə ratifikasiya edib. Dünyada ən çox ratifikasiya olunmuş insan haqları müqaviləsi olan UHK-da hər bir insan üçün sağlam, təhlükəsiz, gözəl uşaqlığa dair əsas, universal bir standart müəyyənləşdirilib.

E.Carwardine deyib: “Son illərdə milyonlarla Azərbaycanlı uşağın həyatının yaxşılaşdırılmasında əhəmiyyətli irəliləyiş baş verdiyinin şahidi olmuşuq. Yoxsulluq səviyyəsinin azalması, ölüm faizlərinin aşağı düşməsi, daha çox uşağın məktəbə gedə bilməsi, uşaq və anaların sağlamlığının yaxşılaşması – bunlar hamısı uşaqlara ciddi diqqət yetirilməsinə sübutdur. Lakin biz hamımız keçmişdə əldə edilmiş uğurlardan hələlik tam şəkildə yararlanmamış uşaqlardan başlayaraq hər bir uşağa kömək etsək, Konvensiyanın hər bir uşaq üçün reallığa çevrilməsi üçün daha çox iş görə bilərdik”.

Ötən onilliklərdə dünyada uşaqlar naminə nəzərəçarpan irəliləyişin baş verməsinə baxmayaraq, hələ də dünyada hər il təqribən altı milyon uşaq qarşısı alına bilən səbəblərdən ölür – yoxsul ailələrdən olan uşaqlar arasında beş yaşına çatmadan ölüm ehtimalı isə maddi vəziyyəti daha yaxşı olan ailələrin uşaqlarınkından ikiqat yüksəkdir.

UNICEF gələn ay münaqişə, böhranlar, yoxsulluq, qeyri-bərabərlik və ayrı-seçkilik səbəblərindən həyatı və gələcəyi təhlükə altında olan uşaqlara onların həyatını xilas edən yardım, uzunmüddətli dəstək və ümid bəxş etmək naminə dünyada həyata keçirmiş olduğu fəaliyyətin 70 illiyini qeyd edəcək.

E.Carwardine həmçinin bildirib: “Azərbaycanda biz ilk növbədə ən həssas vəziyyətdə olan uşaqlara kömək etsək, bilirik ki, həmin kömək yalnız məhrumiyyətlər içində olan uşaqlara təsir göstərməklə qalmayıb, həmçinin digər uşaqlara da fayda verəcək. Bu gün bütün uşaqların hüquqlarını prioritetə çevirməklə biz gələcək nəslin çiyinlərinə həssaslıq və məhrumiyyət yüklənməsini azaldırıq və eyni zamanda, hər kəs üçün güclü, müvəffəqiyyətli və məhsuldar xalq formalaşdırırıq”.

UNICEF haqqında

UNICEF həyata keçirdiyi bütün fəaliyyətlərdə uşaqların hüquqlarını və rifahını dəstəkləyir. Biz ən həssas və təcrid olunmuş vəziyyətdə olan uşaqlarla əlaqə yaratmaq üçün xüsusi səy göstərməklə, dünyanın istənilən yerindəki uşaqların maraqları naminə tərəfdaşlarımızla birgə 190 ölkədə və bölgədə bu öhdəliyi praktik olaraq həyata keçirmək üçün fəaliyyət göstəririk.

Check Also

Türkiyənin Samsun şəhərində 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib

Türkiyənin Samsun 19 May Universitetində (Ondokuz Mayıs Üniversitesi) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş …