Bazar ertəsi , 6 Fevral 2023

Vulkan üzərində yaşayanlar sürüşmə ehtimalından da qorxurlar: “Bizi xilas edin” – REPORTAJ, FOTOLAR

Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayan sakinlər təhlükə qarşısındadır. Hökməli Bozdağ vulkanının çöküntülərinin üzərində salınmış yaşayış məntəqəsində torpaq sürüşməsi baş verib, evlər təhlükə altında qalıb.

Musavat.com-un müxbiri adıçəkilən ərazidə olub, vəziyyətlə maraqlanıb.

Hökməli Bozdağ vulkanının çöküntülərinin üzərində tikilmiş evlərdə çoxsaylı deformasiya və çatlar əmələ gəlib. İntensiv yağışlar nəticəsində bu prosesin daha da aktivləşəcəyini nəzərə alsaq, sürüşmə prosesinin daha da güclənəcəyi qaçılmazdır.

Vulkan dağının ətəyi, demək olar ki, yaşayış məntəqəsinə çevrilib. Bir neçə yerdə “Təhlükəli zona” sözü yazılmış lövhələrlə rastlaşırıq. Bu nişanlar insanları vulkanik və sürüşmə zonası olduğu barədə xəbərdar edir. Əgər bu xəbərdarlıqlar edilirsə, insanlar bilərəkdən özlərini təhlükəyə niyə atırlar? Bütün təhlükələri gözə alaraq, burada məskən salan sakinlərlə görüşüb, məsləyə aydınlıq gətiməyə çalışırıq.
İki ildir ki, sürüşmə zonasında yaşayan, adının çəkilməsini istəməyən sakin vəziyyəti belə izah etdi:“Təhlükəli olduğunu bilsək də, yaşamağa məcburuq. O zaman bu ərazidə torpaq ucuz idi. Bələdiyyə sənədi ilə torpağın sotunu 300-500 manatdan almaq imkanı var idi. Bizi burada yaşamağa heç kim məcbur etməyib. Öz səhvimizdir və illərdir ki, bu zülmü çəkirik. Hər an sürüşmə xofu içimizdə olur. Azyaşlı uşaqları evdə tək qoyub, qonşuya və yaxud mağazaya getməyə risk etmirik. Sürüşmədən və vulkandan qorxuruq. Yaşadığımız illər ərzində hələ ki vulkanla rastlaşmamışıq. Bəxtimiz gətirib ki, aktiv vulkan deyil. Deyilənə görə, sonuncu dəfə 1980-ci illərdə püskürüb”.

Sakinlər daha çox qış aylarında çətin duruma düşdüklərini bildirdilər: “Buranın əsas çətinliyi qış aylarındadır. Yağış yağan zaman yolları keçilməz olur. Burada torpaq vulkan çöküntülərindən və gildən ibarətdir. Evlər bu çöküntülərin üzərində tikilib. Kanalizasiya sistemi olmadığından yaranan gölməçə suları həyətlərə dolur. Gərək evin özülünü o qədər möhkəm tikəsən ki, divarlarda çatlar əmələ gəlməsin. 10 gün əvvəl sürüşmə baş verdi. Çox narahat olduq. Bu ilk deyil, başqa vaxtlarda da sürüşmə prosesi baş verib. İndi təhlükəli zonada yaşadığımızı deyirlər və köçürüləcəyimiz barədə xəbərlər eşidirik. Aidiyyatı qurumlardan xahiş edirik ki, bizi bu vəziyyətdən xilas etsinlər”.

Hökməli Bozdağ vulkanı barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov mətbuata açıqlama verib. O həmin ərazidə yaşayışın son dərəcə təhlküləli olduğunu bildirib: “Artıq vulkanın ətrafında yamac boyu tikilən çoxsaylı evlərdə çatlar var. Onlar aktiv fazadadır, yəni proses başa çatmayıb. Əgər yağışlar başlasa, bu proses daha da aktivləşəcək, sürüşmə prosesi aktiv olacaq. Çatların baş verməsinə həmin evlərin vulkan materaillarının üzərində tikilməsindən əlavə, yamacın şaquli kəsilməsi, yamacın təbii quruluşuna insanın müdaxiləsi və s. təsir göstərib: Yamacda ev tikiləndə onu kəsmək olmaz. Əgər həmin ərazi sürüşməyə meyillidirsə, bu, onu bir az da fəallaşdırır. Burada yamac, demək olar ki, hər yerdən doğranıb. Qeyd edilən səbəblərlə yanaşı, kanalizasiya sularının axması, atmosfer çöküntüləri də sürüşməni təbii olaraq, fəallaşdırır”.

Ərazidə yaşayan sakinlər kommunal xəttlərin çəkilişində yaranan problemlərdən də danışdılar. Qəsəbədə qaz, işıq, su xətti çəkmək böyük problemə çevrilib. Kommunal xətlər yaşayış sahəsindən uzaqda yerləşdiyindən sakinlər öz vəsaiti hesabına çəkməyə məcbur olurlar: “Su xətii çəkmək üçün adambaşına 150 manatdan pul yığmışıq. Sayğac qoyulandan sonra isə 150 manat da verməli olacağıq. Ümumilikdə 300 manata başa gələcək. Elektrik xətti çəkdirmək üçün 500, qaz xətti isə 600-700 manata başa gəlir. Məsafə uzaq olduğu üçün borulara daha çox pul xərclənir. Təbii ki, bunlara imkanımız çatmadığından qonşuların xəttindən götürürük. Belə olanda isə cərimələnirik. Qurumlar qəsəbəyə qaz, su, elektrik xəttləri çəksələr bu zülmdən qurtarardıq. Yüz metrlərlə məsafədən xətt çəkməyə maddi vəsaitimiz də yoxdur”.

Məğrur Mərd
Fotolar müəllifindir

Check Also

Kamran Əliyev Münhenin Baş prokuroruna terrorçuluğa qarşı mübarizə fəaliyyəti barədə məlumat verib

Baş prokuror Kamran Əliyev Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald Röttlenə terrorçuluğa qarşı mübarizədə fəaliyyəti …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir