“Onun “Meydan TV” kimi Azərbaycanda fəaliyyətinə rəsmi qadağa qoyulan bir mediaya yazılı açıqlama göndərməsi çox böyük suallar yaradır”
Bakı şəhəri 162 nömrəli məktəbin üçüncü mərtəbəsindən özünü atıb intihar edən Elina Hacıyeva adlı məktəblinin faciəsi bütün ölkədə rezonansa səbəb oldu. Hətta bu məsələnin obyektiv araşıdırılması üçün ölkə rəhbərliyi sui-qəsd hadisəsi ilə bağlı gedən istintaqı şəxsi nəzarətinə götürdü. İstintaqın gedişi zamanı həmin məktəbin direktoru barədə ev dustaqlığına dair qətimkan tədbiri görüldü.
Hadisənin elə ilk günlərindən bu mövzuda Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovanın da adı hallanırdı. Bildirilirdi ki, məktəblinin intihardan sonra ilk videosunu çəkən, onunla sual-cavab edən məhz X.Bayramova olub. Bu səbəbdən də həm medianın, həm də cəmiyyətin X.Bayramovaya çoxlu sayda sualı yaranmışdı. Ancaq təəssüflər olsun ki, bu müddət ərzində ölkədə fəaliyyət göstərən heç bir media quruluşu X.Bayramovadan mövqe öyrənə bilmədi. İki gün əvvəl isə X.Bayramovanın xaricdə fəaliyyət göstərən və yayımı ölkə daxilində məhkəmə qərarı ilə bloklanan “MeydanTV” adlı sayta geniş açıqlama verməsi həm cəmiyyət, həm də jurnalist cameəsi tərəfindən təəccüblə qarşılanıb. Sual yaranır: kifayət qədər yüksək post tutan bir dövlət rəsmisi niyə məhz yayımı ölkədə qadağan edilən KİV-ə müsahibə verməkdə maraqlı olub? Ümumiyətlə, X.Bayramovanın ürəyini açmaq üçün media nümunəsi seçimini necə dəyərləndirmək olar?
- Azər Həsrət: “Bir dövlət məmuru bunun fərqinə bizdən də əvvəl varmağa borcludur”
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələ onda da böyük heyrət yaradıb: “Mən bu məsələyə xeyli təəccüblənmişəm. Çünki X.Bayramova bir dövlət məmurudur. Səhv etmirəmsə, hakim Yeni Azərbaycan Partiyasının fəal qadınlarından biridir. Onun “Meydan TV” kimi Azərbaycanda fəaliyyətinə rəsmi qadağa qoyulan bir mediaya yazılı açıqlama göndərməsi çox böyük suallar yaradır. Əgər onda mövqeyini ifadə etməklə bağlı zərurət yaranmışdırsa, bilirsiniz ki, ölkəmizdə media bolluğu var, buradakı KİV-dən birinə belə xahişi edə bilərdi. İnanıram ki, heç kim onun xahişini geri çevirməyəcəkdi, əksinə, maraqlı mövzu olduğu üçün məmnuniyyətlə çap edəcəkdilər. Xalidə Bayramova niyə “Meydan TV”ni seçməsi ilə bağlı yaranmış suala mütləq cavab verməlidir. Çünki hamı bilir ki, həmin media qurumu Azərbaycanda destruktiv bir ortam yaratmaq məqsədilə fəaliyyət göstərir. Xarici mənbələrdən maliyyələşən həmin KİV-in başlıca məqsədi bəlli olduğu və Azərbaycan qanunları ilə uzlaşmadığı üçün, onun ölkə ərazisindəki yayımına qadağa qoyulub. Amma bir dövlət məmuru bunun fərqinə bizdən də əvvəl varmağa borcludur. Bu səbəbdən də hesab edirəm ki, X.Bayramovanın bu hərəkəti ilə bağlı onun çalışdığı dövlət qurumu və üzvü olduğu siyasi partiya araşdırma aparıb, qiymət verməlidirlər. Buna çox ciddi ehtiyac var”.
Doğrudan da X.Bayramovanın özünün mövqeyini bu məsələdə dinləmək çox maraqlı olar. Bəlkə onun açıqlaması bir texniki yanlışlıq ucbatından fərqli ünvana gedib. Yox, əgər bunu bilə-bilə edibsə, niyə etdiyinin izahını eşitmək maraqlı olar. Təəssüflər olsun ki, X.Bayramova ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı.
Məhəmmədəli QƏRİBLİ