Prezident İlham Əliyev Naxçıvandan mühüm mesajlar verdi

17 May 2018
111 baxış

Dövlət başçısı: “Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər”

Azərbaycan Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfər edib. O, öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Daha sonra dövlət başçısı Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlət başçısına kompleks barədə məlumat verib.

Bildirilib ki, kompleks giriş nasos stansiyasından, hovuzlardan, inzibati, transformator, kompressor binalarından, suvarma üçün nəzərdə tutulan su hovuzundan ibarətdir. Burada, həmçinin iri tullantı tutucu, qum və yağ tutma, membran tipli təmizləyici, palçıqqurutma, havatəmizləyici qurğular quraşdırılıb. Ümumilikdə, bu qurğunun fəaliyyəti 121 min istifadəçini əhatə edir. İcrasına 2014-cü ildə başlanılan layihə ötən ilin oktyabrında tamamlanıb.

Layihənin icrası nəticəsində 500 hektar torpağın suvarılması mümkün olacaq.

Prezident İlham Əliyev kompleksi işə salıb.

Bundan başqa, prezident İlham Əliyev Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbin açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış olub. Dövlət başçısı məktəbin kollektivi və ictimaiyyətin nümayəndələri ilə görüşüb.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə də tanış olub.

Prezident qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan ordusu ən müasir silahlar, texnika ilə təchiz edilib: “Biz son illər ərzində Azərbaycan ordusunu böyük dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın yerləşməsinə, coğrafi relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir. Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni, təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir”.

İ.Əliyev prezident kimi Naxçıvana sayca 14-cü dəfə səfər etdiyini bildirib: “Prezident kimi ilk dəfə Naxçıvana düz 14 il bundan əvvəl - 2004-cü ilin may ayında gəlmişdim. Bu 14 il ərzində Naxçıvanda gedən işləri daim diqqətdə saxlamışam və respublikanın uğurlu inkişafı üçün nə lazımdırsa biz onu da edirik”.

Prezident qeyd edib ki, Naxçıvan strateji yerdə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır:“Naxçıvanın uğurlu inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər sovet dövründə də daim Naxçıvana böyük diqqət göstərib və o vaxt respublikanın inkişafı üçün çox böyük işlər görülüb. 1990-cı illərin əvvəllərində - Naxçıvan üçün ən ağır illərdə Ulu Öndər naxçıvanlılarla birlikdə burada çox ağır şəraitdə Naxçıvanı böyük bəlalardan qurtara bilib. Biz hamımız o illəri yaxşı xatırlayırıq, bilirik ki, bizim mənfur düşmənlərimizin niyyəti, eyni zamanda, Naxçıvanı da işğal etməkdən ibarət idi. Naxçıvana qarşı onlar silahlı hücumlar təşkil edirdilər. Ancaq naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşərək düşmənə layiqli cavab verib onları yerinə oturtmuşlar. O illərdə Naxçıvan üçün və ümumiyyətlə Azərbaycan üçün həlledici məsələlər öz həllini tapıb. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan o ağır illərdən şərəflə çıxa bilib. Ölkəmizin müstəqilliyi işində Naxçıvanın çox böyük rolu olub.

Məhz o illərdə ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını Naxçıvanda rəsmi bayraq kimi təsdiq etdi və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdı ki, bu bayraq dövlət bayrağı kimi qəbul edilsin. Ancaq o vaxt Azərbaycan rəhbərliyi buna imkan vermədi. O vaxt Naxçıvan ”Naxçıvan Muxtar Sovet Sosialist Respublikası" adlanırdı və Ulu Öndərin təklifi ilə bu addan sovet, sosialist sözləri çıxarıldı. Bu, sovet dövründə baş verib. Sovet İttifaqının saxlanmasına dair referendum Naxçıvanda keçirilmədi. Bütün bu işlər böyük cəsarət tələb edirdi. Bütün bu işlər onu göstərirdi ki, Ulu Öndər həmişə müstəqillik arzuları ilə yaşayırdı. Azərbaycanın dövlət müstəqilliyinin təmin edilməsində Ulu Öndərin və naxçıvanlıların çox böyük rolu var".

Daha sonra prezident Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Bina ilə tanışlıqdan sonra prezident İlham Əliyev ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezidenti İlham Əliyev görüş zamanı bildirib: “Azərbaycan hazırda Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə ciddi məşğuldur. Azərbaycan ərazisində bu layihə ilə bağlı bütün işlər görülüb. Biz bu layihənin tam başa çatması üçün böyük maliyyə vəsaiti ayırmışıq. Ümid edirəm ki, gələcək üç il ərzində bu layihə tam istifadəyə veriləcək. Hər halda, planımız bundan ibarətdir. Belə olan halda Naxçıvan dəmir yolu ilə Azərbaycanın əsas hissəsi ilə birləşəcək və beləliklə, blokadadan, mühasirədən canını qurtaracaq”.

“Naxçıvanın təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük işlər görülüb” - deyə, prezident söyləyib: 

“Siz burada düşmənlə üz-üzə yaşayırsınız, yaradırsınız. Əlbəttə ki, ilk növbədə, Naxçıvan Muxtar Respublikasının uğurlu inkişafı üçün təhlükəsizlik tədbirləri ön planda və prioritet məsələ olmalıdır. Biz bunu belə də qəbul edirik. Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb”.

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq