Azay Quliyev Sloveniyada Xocalı soyqırımının qurbanlarına həsr olunan xatirə lövhəsinin açılış mərasimində çıxış edib

01 İyu 2018
80 baxış
Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Sloveniyanın Dobrava Memorial Park Kompleksi ərazisində Xocalı soyqırımının qurbanlarına həsr olunan xatirə lövhəsinin açılış mərasimində çıxış edib.
 
Azay Quliyev bu layihənin ərsəyə gəlməsində əməyi keçən bütün qurumlara Milli Məclis və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası adından təşəkkür edib. O qeyd edib ki, Xocalı faciəsi hər bir azərbaycanlı üçün çox ağır bir mövzudur və bu faciəyə beynəlxalq ictimaiyyət tərəfindən obyektiv qiymətin verilməsi mühüm önəm kəsb edir. Holokost və Xocalı soyqırımı arasında bir sıra oxşar xüsusiyyətlər olduğunu diqqətə çatdıran A.Quliyev bildirib ki, hər iki soyqırımında mülki şəxslər milli mənsubiyyətinə görə hədəf seçilib və qəsdən öldürülüb. Bununla yanaşı, Azay Quliyev hər iki soyqırımına yanaşmada çox ciddi fərqin də mövcudluğunu qeyd edib. O, bildirib ki, Holokosta beynəlxalq ictimaiyyət tərəfindən birmənalı ədalətli qiymət verilib, cinayətkarlar Nürnberq Tribunalı tərəfindən cəzalarını alıblar. Lakin beynəlxalq ictimaiyyət Xocalı soyqırımı qarşısında susqunluq nümayiş etdirir, ona layiq olduğu ədalətli qiymət verilmir və bu bəşəri cinayəti törədənlər cinayət məsuliyyətinə cəlb olunmayıblar. Xocalı soyqırımını törədən və bunu mətbuatda etiraf edən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan hələ də layıq olduğu cəzanı almayıb. Bu cür ınsanlıq əleyhinə və soyqırımı cinayəti törədənlər qeyd-şərtsiz cəzalanmalıdır ki, digərlərinə dərs olsun, gələcəkdə belə faciələr bir daha törədilməsin. Bununla belə, bir sıra ölkələrin bu faciəyə düzgün hüquqi qiymət verdiyini xatırladan A.Quliyev 2016-cı ildə Sloveniya parlamenti tərəfindən qəbul edilmiş sənədin və bu abidənin açılışının sloven xalqının azərbaycanlılarla həmrəyliyini bariz şəkildə ifadə etdiyini bildirib. O, sloven xalqına Azərbaycan xalqına bəslədiyi dostluq münasibətinə görə, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə minnətdarlıq edib. Azay Quliyev ümid etdiyini bildirib ki, Sloveniyanın bugünkü təşəbbüsü nümunə olacaq və digər Avropa ölkələrində də Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş abidələr ucaldılacaq.
 
Xatirə lövhəsində aşağıdakı sözlər yazılıb: “Bu xatirə abidəsi Azərbaycanın Xocalı şəhərinin qurbanlarına həsr edilir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə güclü artilleriyadan və ağır hərbi texnikadan istifadə olunmaqla günahsız mülki şəxslərin, Xocalı şəhərinin 613 sakininin, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl Xocalı sakininin həyatına son qoyulmuşdur. Azərbaycanlı qurbanların xatirəsinə ucaldılan bu abidə ilə biz zorakılığa, etnik təmizləməyə, irqçiliyə, dini və milli ayrı-seçkiliyə qarşı etirazımızı ifadə edir, sülh və humanizmin harmoniyasının təbliğini arzulayırıq".
Bu xəbərə səs ver
(0 səslər)

Reytinq