Bakıda “leş ətinin” yeni ünvanı, iş kütləvi zəhərlənməyə çıxdı, AQTA hələ susur...

14 Mar 2019
32 baxış

img

Azərbaycanda qida təhlükəsizliyi sahəsində vəziyyətin dözülməz səviyyəyə çatdığı barədə ortaya çeşidli faktlar, dəlillər qoyulur. Ancaq təəssüflər olsun ki, bu sahəyə birbaşa cavabdeh olan Qida Təhlükəsizliyi Agentliyi adlı dövlət qurumu bu məsələlərə, ümumiyyətlə, reaksiya belə vermək istəmir.

Mediada qurumla bağlı ilkin iddialar ondan başladı ki, Bakının “Təzə bazar” deyilən ərazisində kilosu 1 manata mal əti satılır və həmin məhsulun müştəriləri dönərxanalar, restoranlar və başqa iaşə müəssisələridir. Təqdim olunan faktlar bir media olaraq bizim də diqqətimizi çəkdi. Həmin istiqamətdə bir neçə tənqidi material yazsaq da, Qida Təhlükəsizliyi Agentliyi adlı qurumun heç tükü də yerindən tərpənmədi. Onların mətbuata açıqlama verməyə məsul olan əməkdaşı “rəsmi məlumat olan kimi mövqe bildirəcəyik” deməklə kifayətləndi. Maraqlıdır, rəsmi cavabı biz onlardan göslədiyimiz halda, görəsən həmin qurum haradan rəsmi mövqe gözləyir?

“Leş mafiyası”nın tüğyan etdiyi növbəti ünvan kimi Bakıda “Vosmoy bazarı” kimi tanınan yer göstərilir. Aparılan araşdırmalar zamanı bəlli olur ki, satışdakı ət, yaxud balıq və toyuqların böyük hissəsi baytar nəzarətindən keçmir, üstəlik, təmizliyə, ətin satış və saxlama qaydalarına riayət edilmir.

Avtobus dayanacağından beşmərtəbəli binalara qədər uzanan, insan kütləsinin qaynaşdığı küçə boyu piştaxta arxasında, arabalarda, yaxud yerə sərilmiş kağız torbaların üstündə ət, mal baş-ayağı, balıq, yaxud toyuq satışı bu bazarda adi mənzərədir.

Satıcılar iddia edirlər ki, ət hər gün tezdən Bakı kəndlərində kəsilərək gətirilir, sadəcə, “yer pulu ucuz olduğundan” mal ətinin kilosunu 6, balığı, növündən asılı olaraq, 4-7, “kənd toyuğu”nu isə 5 manatdan təklif edirlər. Təklif edilən qiymətlərdən də görünür ki, onlar ətin real bazar qiymətindən çox ucuzdur. Deməli, burada hansısa müəmma var və bu heç də yer pulunun aşağı olması ilə izah edilə bilməz. Bir nəticə çıxarmaq olar, belə ucuz qiymətə satılan ətlərin hamısı mənşəyi məlum olmayandır.

Artıq bu vəziyyət elə həddə çatıb ki, məhz mənşəyi bəlli olmayan ətlərin satışı və həmin məhsulları satan yerlərə nəzarətin lazımi səviyyədə qurulmaması səbəbindən kütləvi zəhərlənmə halları baş verir. Konkret fakta müraciət edək.

Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21 ünvanında yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Onların universitet tələbələri olduğu bildirilir. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər. Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki, zəhərlənənlərdən ikisi Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüb.

Göründüyü kimi, vəziyyət çox kritikdir. “Leş mafiyası”nın törətdiyi fəsadlar artıq kütləvi şəkildə insan həyatlarını almağa yaxınlaşıb. Hesab edirik ki, bu sahədə Qida Təhlükəsizliyi Agentliyi media ilə sıx təmasda işləməsə, vəziyyət daha katostrofik ola bilər. Bunun üçün körpü rolunda KİV və ictimai təşkilatlarla əlaqələrdən istifadə edilməlidir. Kollegiya yaradıb, orada KİV və ictimaiyyət nümayəndələrinin təmsil olunması vacibdir. Rayon və kəndlərdən əldə etdiyimiz məlumatda bildirilir ki, ölmüş heyvanların ətinin yığılıb paytaxta aparılması heç kimə sirr deyil. Bildirilir ki, heyvanlar xəstəlikdən, qocalıb öləndə zəng vururlar, leş yığanlar gəlir və ölmüş, murdar olmuş cəsədi götürüb aparırlar. Hesab edirik ki, bu cür işbazların açıq fəaliyyət göstərməsi birbaşa ölkənin qida təhlükəsizliyinə təhdid yaradır. Bu istiqamətdə kompleks tədbirlər görülməlidir. Yalnız leş əti Bakıda satanlar yox, eyni zamanda, onu alıb əhaliyə hər hansı formada satanlar da məsuliyyətə cəlb olunmalıdırlar. Qida Təhlükəsizliyi Agentliyindən ciddi fəaliyyət gözləmək ümidi ilə…

Məhəmmədəli QƏRİBLİ

 

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq