Çərşənbə , 23 Sentyabr 2026
Drone Cameras

Moskvadan İrəvana AĞRILI PROSES XƏBƏRDARLIĞI

Ermənistanın Avropa İttifaqına yaxınlaşması Rusiya ilə münasibətlərinin xarakterini kökündən dəyişə və İrəvan üçün iqtisadi nəticələr doğura bilər. Tərəfləri uzun və hətta “ağrılı” danışıqlar prosesinin gözlədiyi bildirilir.

Boyukmillet.com xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Kortunov sentyabrın 23-də İrəvanda Rusiya-Ermənistan münasibətlərinə həsr olunmuş konfransda bildirib.

Kortunovun sözlərinə görə, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması uzun illər Rusiya ilə mövcud olmuş “ailə münasibətlərindən” çıxması deməkdir.

Politoloq bunu maraqlı bənzətmə ilə ifadə edib. Onun fikrincə, Ermənistan artıq Rusiya üçün “ailə üzvü” olmaqdan çıxaraq “qonşuya” çevrilir. Üstəlik, iki ölkənin ortaq sərhədinin olmadığını xatırladan Kortunov bunun heç “ən yaxın qonşuluq” da olmadığını vurğulayıb.

Ekspert hesab edir ki, belə şəraitdə Moskva-İrəvan münasibətləri əvvəlkindən daha praqmatik xarakter alacaq və iqtisadi əməkdaşlığın prioritetlərini müəyyənləşdirmək üçün tərəfləri uzun, bəlkə də ağrılı danışıqlar gözləyəcək.

Kortunov bunun Ermənistanın avtomatik olaraq Rusiyanın “dost olmayan ölkələr” siyahısına salınacağı anlamına gəlmədiyini bildirib. Lakin Moskvanın iqtisadi münasibətlərdə əldə etdiyi fayda və verdiyi güzəştlərə daha ciddi yanaşacağını ehtimal edib.

“Rusiya, məsələn, Ermənistan ixracının müəyyən kateqoriyalarına daha sərt tələblər tətbiq etməyə cəhd göstərə bilər”, – politoloq deyib.

Bu məsələ son həftələrdə Moskvanın rəsmi açıqlamalarında da gündəmə gəlib. Rusiya tərəfi Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunun Avrasiya İqtisadi İttifaqındakı mövcud iqtisadi rejimlə eyni vaxtda davam etdirilməsinin mümkünlüyünü açıq şəkildə mübahisələndirir. Rusiya XİN rəsmiləri Moskvanın Ermənistanın seçim etmək hüququnu tanıdığını, lakin Aİ-yə inteqrasiya prosesinin Aİİ çərçivəsində verilən iqtisadi üstünlüklər hesabına maliyyələşdirilməsini istəmədiyini bildiriblər.

Kortunovun fikrincə, Rusiya-Ermənistan iqtisadi münasibətlərinin gələcəyində iri şirkətlərin mövqeyi də mühüm rol oynayacaq. O, xüsusilə “Qazprom” və “Rosatom” kimi nəhənglərin adını çəkib.

Politoloq Rusiya Dəmir Yollarının Ermənistandakı mövcudluğunu qoruyub-qoruya bilməsinin də əhəmiyyətli olacağını bildirib.

Onun sözlərinə görə, münasibətlərin gələcəyi həmçinin Ermənistan və Rusiyanın Şanxay Əməkdaşlıq Təşkilatı kimi çoxtərəfli platformalarda və gələcəkdə yarana biləcək regional formatlarda əməkdaşlığı davam etdirib-etdirə bilməsindən asılı olacaq.

Beləliklə, Kortunov Ermənistanın Qərbə yaxınlaşmasını Moskva ilə əlaqələrin dərhal kəsilməsi kimi deyil, əvvəlki “ailə münasibətlərinin” sona çataraq daha sərt və maraqlara əsaslanan münasibətlərə keçidi kimi qiymətləndirir.

Check Also

Moskva TRIPP-dən kənarda qalmaq istəmir

Rusiya Cənubi Qafqazda yaradılması nəzərdə tutulan TRIPP nəqliyyat layihəsində iştirak etmək istəyir. Moskvada layihənin texniki …